"Türkiyədə keçiriləcək prezident seçkilərində - birinci və ya ikinci turda hazırkı prezident Rəcəb Tayyip Ərdoğanın qalib gələcəyini təxmin edirəm”.
Bunu "Sherg.az”a 2 gün sonra Türkiyədə keçiriləcək seçkilərin nəticələri barədə proqnozlarını səsləndirərkən siyasi şərhçi, "Tolerantlıq” Sosial Araşdırmalar Birliyinin sədri Azər Rəşidoğlu deyib.
O diqqətə çatdırıb ki, ehtimala görə, parlament seçkilərində hakim partiya səslərini bir qədər itirəcək:
"Artıq indidən söyləmək mümkündür ki, qalib gələcəyi təqdirdə belə, seçkidən sonrakı situasiya ölkə başçısı üçün asan olmayacaq. Ədalət və İnkişaf Partiyasının (AKP) lideri komandasını dəyişməyə məhkumdur. Lakin belə - heç də sadə olmayan zamanda komanda dəyişikliyinə getmək elektoratın parçalanması təhlükəsi yarada bilər. Bu isə əlavə riskdir. İstənilən halda, Ərdoğan bu seçkidən sonra fərqli gedişlər etməli və cəmiyyətə özünün yeni, daha gənc komandasını təqdim etməlidir. Başqa yol qalmayıb.
Daha bir maraqlı məqam isə ondan ibarətdir ki, ötən seçkilərdən fərqli olaraq, bu dəfə Ərdoğan sanki bütün hakimiyyət dönəmi ilə bağlı hesabat verir. Qələbəyə yenə də yaxın görünən Ərdoğanın bu taktikası nə qədər təzadlı olsa da, yolun sonuna gəlmiş bir liderin qalib görkəmdə siyasi olimpi tərk etmək görüntüsü yaradır. Ərdoğan istəyir ki, onun hakimiyyətə gəlişi ilə hakimiyyət böhranının sona çatdığını hər kəs xatırlasın. Ərdoğanın fəaliyyətini diqqətlə izləyənlər onun islamçıdan daha çox makiavellizmin tərəfdarı olduğunu düşünürlər. Ərdoğan emosiyalı və kövrək insan təsiri bağışlasa da, lazım gələndə əlini masaya çırpmağı və özündən üzr istənilməsini tələb etməyi və yenə lazım gələndə isə "kusura bakmayın, "izvinite" " deməyi də bacarır. Ərdoğana bu seçkilərdə də qələbə lazımdır, həm də hava–su kimi”.
Türkiyə siyasi şərhçilərinin Ərdoğanın qələbəsinin ölkəyə fayda gətirəcəyini düşündüklərini xatırladan A. Rəşidoğlunun fikrincə, onlar belə qənaətdədirlər ki, prezidentin mümkün qələbəsi Türkiyənin bölgə lideri olması şansını artıra bilər:
"Lakin burada bir incə məqam da mövcuddur. Ərdoğanın müstəqil siyasəti Vaşinqtonu narahat etməyə bilməz. Hazırda çoxları belə hesab edir ki, Adnan Mendersin 1961-cı ildə edamı, Turqut Özalın 1993-cü ildə zəhərlənərək öldürülməsi Türkiyənin müstəqil xarici siyasət yeritmək istəyinin qarşısını almaq üçün edilib. Hərbi çevrilişlərə konstitusiyanın imkan verməsi də Ankaranı müstəqil siyasi kursdan imtinaya vadar edib. Bu baxımdan, konstitusiya dəyişikliyi ilə AKP hakimiyyəti yeni Türkiyənin əsasını qoydu. Növbədənkənar prezident və parlament seçkilərini keçirməklə başlanılan böyük bir islahat prosesi başa çatır. İki yol görünür: Ya Ərdoğanla birlikdə Türkiyə siyasi kursunu davam etdirir, ya da Türkiyə Süleyman Dəmirəl dönəminə qayıdır. Türkiyə cəmiyyəti də iki barışmaz qütblərə bölünüb və bu suala cavab axtarır: Tamam, yoxsa davam?
İstənilən halda, böyük ehtimalla, bu, Ərdoğanın son seçkiləridir. Yaş və sağlamlıq öz sözünü deyir. Ərdoğan tarixdə ad qoymaq üçün "davam" cavabını almaq istəyir. O, siyasi olimpin zirvəsini həm qalib, həm də "övladlarına" (xalqına) "xoşbəxt gələcək" qoymuş bir ata kimi tərk etmək istəyir. Şərqli siyasətçilərin çoxları məhz bunu arzulayıblar. Ərdoğan bu seçkilərdə ikinci tur istəmir. Onun qarşısına qoyduğu məqsədlər var və ölkə lideri ona səs verməyənləri anlamaq da istəmir. Bəlkə də Ərdoğanın bu qədər yorğun və bezmiş görünməsinin səbəbi elə ikinci tur ehtimalıdır? O, bu prosesin tez başa çatmasını arzulayır. Artıq 2002-ci il deyil və Ərdoğan saatlarla nitq söyləmək istəmir. Ərdoğan çox yorulub. Bir gündə bir neçə şəhərdə yüz minlərin qarşısında saatlarla nitq söyləmək və bu çıxışlar zamanı oruc olduğunu mütləq vurğulamaq zamanı, deyəsən, artıq arxada qalıb. Siyasət siyasətçiyə yorğunluq gətirəndə, o, siyasəti tərk etməyi düşünür. Lakin siyasəti yarımçıq, oyun başa çatmamış tərk eləmək elə də asan deyil”.
Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkiləri iyunun 24-də baş tutacaq.
Aysel Aslan