Türkiyə - Ermənistan sərhədləri açılır? - RƏY





Türkiyə və Ermənistan arasında sərhədlərin açılması Dağlıq Qarabağ münaqişəsinin həllindən asılıdır.

Bunu Sherg.az-a Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib. 

Təşkilat sədri bildirib ki, Sarkisyanın adını Azərbaycan türkcəsinə çevirəndə sarsaxlayan deməkdir: " 

Ona görə də, S. Sarkisyan sərsəmləyir. Onun bəyanatlarına önəm verməmək lazımdır. Türkiyə və Ermənistan arasındakı sərhədlərin açılması Qarabağ münaqişəsinin və PKK probleminin mövcudluğu müddətində mümkün deyil. Türkiyə sərhədləri açmaq fikrində olsaydı indiyə qədər çoxdan açmışdı. Reallıqdan danışsaq, beynəlxalq qanunlar demək olar ki, səmərə vermir. Fövqəl güclər Qarabağ münaqişəsi və PKK məsələsində mövqe nümayiş etdirirlər. Vəziyyət o dərəcədə gərginləşib ki, həmsədr dövlət olan Rusiya bu münaqişədə birtərəfli mövqeyini nümayiş etdirir. Hazırda Ermənistan bizim torpağımızı işğal edibsə, biz də öz işimizlə məşğul olub, torpaqlarımızı işğaldan azad etməliyik”.

Qeyd edək ki, Rusiyanın "Sputnik” agentliyinə verdiyi geniş açıqlamada Ermənistan prezidenti Serj Sarkisyan Türkiyə ilə sərhədlərin açılmasını istədiyini deyib. O, bildirib ki, iki dövlət arasında sərhədlərin açılması tərəflərin hər hansı şərt irəli sürmədən bu addımı atmasından asılıdır.

Aysel Aslan