Yaponiyada keçirilən qeyri-adi yarışın qalibi sadəcə yatmaqla 14 min dollar qazanıb.
Musavat.com xəbər verir ki, Tokioda yuxu çatışmazlığından əziyyət çəkən insanlar üçün “Döşəklər üzərində yarış” adlı qeyri-adi çempionat təşkil edilib.
Yarışda hər biri 20 nəfərdən ibarət üç qrup iştirak edib. İştirakçılar yuxunun keyfiyyətini ölçən xüsusi cihazlar taxaraq zəif işıqlandırılmış otaqda döşəklərə uzanıblar. Onların qarşısına cəmi 90 dəqiqə ərzində mümkün qədər tez yuxuya getmək və dərin yuxuya dalmaq vəzifəsi qoyulub.
Çempionatın qalibi Suimii təxəllüsü ilə yarışan yapon qadın olub. O, 14 min dollar (təxminən 23 800 manat) məbləğində pul mükafatı qazanıb.
Qalib bildirib ki, müstəqil yaşamaq istəyir və qazandığı pulu başqa evə köçməyə xərcləməyi planlaşdırır. Onun arzularından biri də özünə “şahzadələrə layiq çarpayı” almaqdır.
Yarışın təşkilatçısı olan “Koala Sleep Japan” şirkətinin kreativ direktoru bildirib ki, Yaponiya dünyada insanların yuxu çatışmazlığından ən çox əziyyət çəkdiyi ölkələrdən biri kimi tanınır. Çempionatın əsas məqsədi insanların sağlam yuxuya marağını artırmaqdır.
Maraqlıdır ki, Çində də buna bənzər yarış keçirilir. Həmin müsabiqədə iştirakçılara təbiət qoynunda 24 saata qədər qalmaq imkanı yaradılır. Onların yeganə vəzifəsi təbii şəkildə oyanana qədər yatmaqdır.
Çində keçirilən yarışın baş mükafatı isə 430 dollardır. Təşkilatçılar bununla insanların təbiətdə istirahətə və sağlam yuxuya daha çox diqqət yetirməsini hədəfləyirlər.