"Türkiyə, İran və Rusiyanın arasında da anlaşmazlıqlar var" - Politoloq






"Suriyada mövcud vəziyyət son dərəcə gərgin və qeyri-müəyyəndir”.

Bu barədə "Sherg.az”a Türkiyə və ABŞ hərbçilərinin Suriyanın Membiç şəhərinə daxil olmasından danışarkən politoloq Tofiq Abbasov bildirib. 

Onun fikirlərinə görə, Bəşər Əsəd rejimini devirməyə çalışan qüvvələr onun istefasına nail olmadıqda məmləkəti dağıtmaq qərarına gəldi:

"Suriyanın mövcudluğunu bir məmləkət kimi ləğv edən dağıdıcı qüvvələr demək olar, istəyinə nail oldu. Suriya hakimiyyəti isə hələ də duruş gətirə bilir, mövcudluğunu saxlayır. Suriyada təmsil olunmuş başqa ölkələrin nümayəndələri isə hələ də öz niyyətlərini həyata keçirirlər. Hər dövlətin öz marağı olduğu kimi Türkiyənin marağı da Suriyadan gələn təhlükə və riskləri neytrallaşdırmaqdır.

Amerika və onun müttəfiqləri isə Suriyanı parçalayıb, həmin ərazidə bir neçə dövlətin yaradılmasını istəyir. Yaratmaq istədikləri dövlətlərdən biri də kürd dövlətidir. Bu dövlət yaranarsa, Türkiyə bundan narahat olacaq. Çünki kürd qüvvələri arasında terroristlərin sayı çoxdur. Həmin qüvvələrin hesabına hərəkət edən bəzi bölgə dövlətləri isə maraqlarına çatmağa çalışırlar. Suriyada Rusiya, İran və Livanın mövqeyinin zəiflədilməsi, şiə qüvvələrinin isə pərən-pərən edilməsi əsas məqsədlər sırasındadır”.

Türkiyənin Afrində əldə etdiyi uğurlardan sonra vəziyyəti öz xeyrinə davam etdirmək istədiyini diqqətə çatdıran T.Abbasov diqqətə çatdırıb ki, bir cəbhədə addım atan Türkiyə, İran və Rusiyanın arasında da anlaşmazlıqlar var:

"Türkiyə münaqişəli bölgəyə yaxındır, özünə qarşı təhdidləri hiss etdiyindən vətəndaşlarını, ərazilərini müdafiə etməyə çalışır. Digər tərəfdən, rəsmi Ankara müstəqil ölkə kimi yeni yarana biləcək situasiyada milli maraqlarını təmin etmək istəyir. Suriyadakı qeyri-stabil vəziyyət davam edəcək. Məsələyə müdaxilə edən qüvvələr isə Bəşər Əsəd rejiminin süqutuna çalışacaq. Buna nail olub-olmayacaqları isə sual altındadır”.

Qeyd edək ki, Türkiyə və ABŞ hərbçiləri Suriyanın Membiç rayonunda birlikdə patrul xidməti həyata keçirir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Qəndilə, Sincara, Afrinə və Cerablusa da ordu yeridiləcəyini söyləyib.

Aysel Aslan