Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz "Şərq”i ziyarət edib. Səfirliyin mətbuat müşaviri türk dünyasının ortaq Media Platformasını yenidən dirçəltmək üçün baş redaktorumuz Akif Aşırlı ilə fikir mübadiləsi aparıb və bir çox təkliflər səsləndirilib. H.Karadeniz yaxın müddətdə Platformanı təsis etmək üçün geniş konfransın keçiriləcəyi, çoxsaylı insanların iştirakı ilə panel təşkil olunacağı barədə məlumat verib. Baş redaktorumuz Akif Aşırlı bildirib ki, türkdilli respublikalar arasında bir zamanlar mövcud olmuş Media Platforması artıq fəaliyyətsizdir.
Ona görə də Platformanın yenidən dirçəldilməsi olduqca vacibdir:
"Media Platforması üçün ən vacib məqam əlaqələrin qurulmasıdır. Kitab formasında bir kataloq hazırlamaq olar. Məsələn, bilərik ki, Qazaxıstanda, Özbəkistanda, Qırğızıstanda fəaliyyət göstərən qəzetlərlə, internet saytlarla hansı formada əlaqə quraq, koordinasıyanı necə təşkil edək. Əlaqələri həm Türkiyə türkçəsində, həm beynəlxalq dil olaraq ingilis dilində, həm də rus dilində qurmaq lazımdır.
Media Platforması fonunda Simpoziumun keçirilməsinə də ehtiyac var. Məsələn, Həsən bəy Zərdabi və İsmayıl bəy Qaspıralı forumunu təşkil edə bilərik. Həsən bəy Zərdabi və İsmayıl bəy Qaspıralı türk dünyası arasında əlaqələrin qurulmasında çox mühüm işlər görüblər. Qaspıralı hərbi təhsil alıb və türk dilini yaymaq üçün "Tərcüman” qəzetini nəşr edərək, "dildə, fikirdə, işdə birlik” ideyasını ortaya atıb. Həm də ortaq türk dilini formalaşdırıb. Qaspıralı bu ideyanı Həsən bəy Zərdabidən alıb. Bu iki dahini ortaq bir platformada birləşdirmək, müzakirələr aparmaq vacibdir. Çünki bu iki şəxsin hər ikisi media adamıdır”.
Hamit Karadeniz:
"Hesab edirəm ki, türkdilli ölkələrin ortaq saytını qurmaq lazımdır. Təkliflər var, artıq bunu reallaşdırmağın, həyata keçirməyin vaxtıdır. Ortaq saytda həm yazarlar köşə yazıları ilə çıxış edərlər, həm də ayrıca xəbər rubrikası olar. Məsələn, Azərbaycanda, Şamaxı şəhərində zəlzələ oldu. Bunu bütün türk dünyası bilməli, xəbər tutmalıdır. Ən əsası isə zaman-zaman ortaq yayım həyata keçirilməlidir. Fikrimcə, Media Platformasını dirçəltməkdən öncə geniş bir konfrans təşkil etməliyik. Türkiyə Prezidentinin ictimaiyyətlə əlaqələr üzrə müşaviri professor Fəxrəddin Altun da platforma üçün bizə öz dəstəyini verəcək”.
İsmayıl