Türkiyədə fövqəladə vəziyyət rejiminin müddəti uzadıldı

Türkiyə rəhbərliyi anlayır ki, ölkəni qlobal siyasi oyunlara cəlb etmək istəyən güclər var. Xarici qüvvələr məqsədlərinə çatmaq üçün hətta qardaş ölkədə sui-qəsdlər, terror aktları da törədə bilərlər
Təhlükəsizlik Şurasının iclasında həmçinin bütün terrorçu təşkilatlar arasında fərq qoyulmaması qərara alınıb


Türkiyədə Prezident Ərdoğanın sədrliyi ilə keçirilən Milli Təhlükəsizlik Şurasının iclasında fövqəladə vəziyyət müddətinin uzadılmasına qərar verilib. Məlumata görə, ölkədə hüquqi dövlətin müdafiəsi, o cümlədən səmərəli tədbirlər planının həyata keçirilməsi üçün fövqəladə rejimin uzadılması məqsədəuyğun hesab edilib. İclasda qəbul olunan sənədə əsasən bundan sonra heç bir terror təşkilatı arasında fərq qoyulmayacaq.

Eyni zamanda vurğulanıb ki, bir sıra Avropa ölkələrinin terror təşkilatlarının fəaliyyətinə reaksiya verməmələri narahatlıq törədir: "Terrorizm beynəlxalq siyasətin vasitəsi olmamalıdır”. Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ da bəyan edib ki, iyulun 15-dən bu günə kimi 70 min nəfər barəsində istintaq tədbirləri həyata keçirilib. Onlardan 32 min nəfəri həbs edilib: "Yeni həbslər ola, əksinə, tutulanlardan bəziləri azad edilə bilər. Hələlik istintaq davam edir”. Türkiyədəki vəziyyəti "Şərq”ə şərh edən siyasi ekspert Azər Rəşidoğlu deyib ki, qardaş ölkədə fövqəladə vəziyyət rejiminin uzadılması növbəti çevriliş cəhdi ehtimalı ilə əlaqədardır: "Türkiyə rəhbərliyi anlayır ki, ölkəni qlobal siyasi oyunlara cəlb etmək istəyən güclər var. Amma ölkəni mümkün təhlükələrdən qorumaq üçün güclü rəqibləri sıradan çıxarmaq lazımdır. Məncə, Türkiyədə gərgin vəziyyət və mübarizə ab-havası daha da artacaq. Çünki Türkiyə super güclərin maraqlarını nəzərə almır. Ona görə də xarici qüvvələr Türkiyədə daxili siyasəti gərginləşdirməyə çalışırlar. Məqsədlərinə çatmaq üçün hətta qardaş ölkədə sui-qəsdlər, terror aktları da törədə bilərlər”. Politoloqun sözlərinə görə, əslində Türkiyə rəhbərliyinin əsas hədəfi Fətullah Gülən yox, onun arxasında duran ABŞ-dır: "Məqsəd Amerikaya təzyiq etməkdir. Amma rəsmi Ankara ehtiyat etdiyi üçün birbaşa Vaşinqtonun üzərinə getmir. Sadəcə FETÖ lideri üzərindən mesajlarını ABŞ-a çatdırır. Faktiki hamı bilir ki, Gülənin arxasında dayanan Amerikadır. Heç bir halda Fətullah Gülən müstəqil oyunçu kimi təqdim oluna bilməz. Bu səbəbdən FETÖ başçısının təhvil verilməsi, azadlıqda və ya həbsdə olması o qədər də mühüm rol oynamır. Əsas önəmli olan Türkiyə və ABŞ münasibətlərinin hansı istiqamətdə inkişaf edəcəyidir. Əgər Amerika Güləni Türkiyəyə təhvil verərsə, çox güman ki, bunu sadəcə idarəolunan xaos mühiti yaratmaq üçün edəcək”.

İsmayıl