Liderlər koalision hökumət qura bilmirlər
"AKP koalisiya hökumətinin qurulması üçün bütün partiyalarla danışıqlara açıqdır. Fikrimcə, ortaq nöqtələrdə bir araya gəlmək mümkündür”. Bu sözləri Türkiyənin baş naziri Əhməd Davudoğlu səsləndirib.
Baş nazir bildirib ki, prezident Ərdoğan ona rəsmi olaraq hökumət qurmaq tapşırığı verdikdən sonra, danışıqlar üçün şəxsən müxalifət partiyasının liderləri ilə görüşəcək: "Mövqeyimiz açıqdır. Hər kəslə müzakirə aparacağıq və bu məsələdə əxlaqi və siyasi nöqteyi-nəzərdən ən doğru mövqe tutacağıq”. Hazırda bütün partiyalar rəsmi koalisiya görüşləri öncəsində mümkün variantları müzakirə edirlər. Partiya liderləri bu həftədən etibarən bir-birlərinin qapısını döyməyə başlayacaqlar. İlk mərhələdə parlamentə daxil olan partiyaların heç biri AKP ilə koalisiya fikirlərinə müsbət baxmadıqlarını açıqlasalar da, bir müddət sonra bunun mümkün olacağına dair bəyanatlar verməyə başlayıblar. Çünki proseslər göstərir ki, koalisiya hökumətinə gedən bütün yollar mütləq AKP ilə kəsişəcək. Ekspertlərin ehtimalına görə, yaxın günlərdə AKP-MHP və ya AKP-CHP koalisiyası qurula bilər. Türkiyədə hökumət böhranı yaranacağı təqdirdə isə vaxtından əvvəl seçki keçiriləcək. Türkiyədəki son prosesləri şərh edən tanınmış politoloq Qabil Hüseynli deyib ki, baş nazir Davudoğlu koalisiya qurmaq tapşırığı alsa da, bu məsələlərdə müstəqil hərəkət edə bilmir. Çünki Prezident Ərdoğan proseslərə tam nəzarət edir. Politoloqun sözlərinə görə, Davudoğlu hər addımında Prezident tərəfindən təlimatlandırılır: "Son hadisələrdə AKP həddindən çox manevr edir. Təxminən bir həftə əvvəl belə bir fikir yayıldı ki, guya, AKP-MHP koalisiyası reallaşmaq üzrədir. Hətta MHP-yə parlament sədrliyi və 8 nazirlik veriləcəyi də iddia edildi. Bunu görən CHP koalisiya şərtlərini xeyli yumşaltmağa qərar verdi. Son olaraq koalisiya müzakirələrinin CHP ilə aparıldığı deyilir. Məlumata görə, Məclis sədrliyini istəyən CHP israrla üzərində durduğu 17 dekabr rüşvət olaylarına göz yumacağını açıqlayıb. Eyni zamanda AKP üçüncü bir variant üzərində də işləyir. Hakim partiya kürdlərə müəyyən güzəştlər verməklə HDP-nin kənardan dəstəyini almağa çalışır. Bu isə hakim partiyanın yenidən təkbaşına iqtidar olmaq istəməsindən irəli gəlir. AKP hər üç partiya ilə ayrı-ayrılıqda bazarlıq aparır və hamısına muncuq paylayır. Muncuq alan hər partiya da elə bilir ki, AKP onlarla hökumət quracaq. Yəni çox mürəkkəb və prinsipsiz oyun aparılır. Bu oyunun sonunda hökumət qurulacaq.
Ancaq qurulan hökumət möhkəm olacaqmı, səmərəli və effektiv işləyə biləcəkmi, bunu zaman göstərəcək”.
Politoloq vurğulayıb ki, Türkiyənin daxili ilə yanaşı, xaricində də qeyri-müəyyənlik var: "Yaxın Şərqdə vəziyyət gərginləşib. İŞİD və PYD qruplaşmaları ölkənin sərhəddində pusquya yatıblar. Silahlı kürd birləşmələri Türkiyə üçün İŞİD-dən daha artıq təhlükə törədir. Belə bir şəraitdə AKP öz partiya maraqlarından çıxış etməməlidir. Ən yaxşı variant odur ki, hakim partiya CHP və MHP-ni də yanına alaraq birlikdə dövlətin maraqlarına xidmət etsinlər”.
Q.Hüseynli bildirib ki, koalisiyanın qurulması ağrılı gedir, çünki siyasi liderlər qətiyyətli deyillər: "Davudoğlu bəzən o qədər xaraktersiz mövqelərdən çıxış edir ki, adam onun Türkiyəni idarə edəcəyinə təəccüb edir. Hər yanda, hər sahədə Ərdoğanın təsiri hiss olunur. CHP başqanı Kamal Kılıçdaroğlu və MHP sədri Dövlət Baxçalı isə çox zəif siyasətçidilər. Dürüst adamlar olsalar da, siyasəti bacarmırlar. Baxçalı hər zaman yazılı mətnlərlə çıxış edir. Axı siyasətçi hazır mətnlərlə tribunaya çıxmaz. Kılıçdaroğlu isə ümumiyyətlə, ağlına gələni danışır. Müxalifət partiyalarının zəifliyi və qətiyyətsizliyi fonunda AKP güclü görünür. Halbuki müxalifət yaranmış vəziyyətdən yararlanaraq və təsirli manevrlər edərək hakim partiyanın seçicilərini öz tərəflərinə çəkə bilərdi. Amma təəssüflər olsun ki, iki partiya da bunu bacarmadı”. Ekspertin sözlərinə görə, ölkədəki siyasi qeyri-müəyyənlik getdikcə iqtisadi böhrana çevrilir: "Artıq dollar sürətlə enməkdədir. İqtisadi göstəricilər pisləşib. Tezliklə hökumət qurulmzasa, Türkiyənin durumu daha da ağırlaşa bilər”.
İsmayıl