Türkiyədə siyasi gərginlik səngiməyib

“Kürdlər koalisiya hökumətində də təmsil olunmaq həvəsindədirlər”



PKK terror təşkilatının üzvləri Türkiyənin Hakkari vilayətində yerləşən hərbi bazaya hücum ediblər. PKK-çıların hücumundan dərhal sonra isə Türkiyə Silahlı Qüvvələrinin F-16 qırıcıları Kandili bombalayıb. Sərhəd bölgəsində gərginlik hələ də davam etməkdədir.

Ekspertlər indiki vəziyyətdə PKK silahlılarının hərbi bazaya hücum etməsini siyasi məqamlarla əlaqələndiriblər. Məsələyə münasibət bildirən politoloq Fikrət Sadıqov deyib ki, hazırda Türkiyədə siyasi böhran yaşanmaqdadır. Koalisiya hökuməti qurula bilmir. Bundan istifadə edən müəyyən dairələr, Türkiyədəki gərginliyi daha da artırmaq məqsədi güdür: "Gərginliyi artıranlar mesaj vermək istəyirlər ki, Türkiyənin siyasi-ictimai həyatında kürdlərə, kürd partiyasına daha çox yer verilməli, onların maraqları geniş şəkildə nəzərə alınmalıdır. Görünən odur ki, kürdlər koalisiya hökumətində də təmsil olunmaq həvəsindədirlər. PKK hər zaman bu cür üsullardan istifadə edir və siyasi gərginlik zamanı xüsusilə fəallaşır. Əksər terror hadisələri də məhz qeyri-müəyyən siyasi şəraitlərdə baş verir. Türkiyənin tarixi də bunu sübut edir. Fikrimcə, PKK-nın bu cür təhlükəli davranışına rəsmi Ankara çox sərt cavab verməli, qətiyyən güzəştə getməməlidir. Hətta parlamentə düşən HDP ilə siyasi əməkdaşlıq edilməməlidir. Düşünürəm ki, kürdlərin məqsədini görüb, onlara müqavimət göstərmək Ankaranın PKK-ya ən yaxşı, adekvat cavabı olacaq”.

İsmayıl