Uşaqlarımıza sahib çıxmalıyıq
"Türkiyədə təhsil hüququndan məhrum olmuş 2500 azərbaycanlı uşaq var”. Bunu millət vəkili, BQP sədri Fazil Mustafa deyib. Deputat bəyan edib ki, təhsildən uzaq qalan uşaqlar müxtəlif dini qrupların əllərinə düşür:
"Sabah həmin uşaqların bir qismi Quma, digərləri isə Səudiyyə Ərəbistanına gedəcəklər. Azərbaycan o uşaqlara sahib çıxmalıdır. Əgər dövlət əlini qoymasa, bu problem həllini tapmayacaq”. F.Mustafanın sözlərinə görə, Türkiyəyə getmiş Azərbaycan vətəndaşları qeydiyyata düşsə, Azərbaycana geri qayıtmalıdırlar. Amma onlar Türkiyədə işlərini itirməmək üçün qeydiyyata düşmürlər: "Hansısa formada bu uşaqların təhsil məsələsi həll olunmalıdır. Məktəb açılması da Türkiyə tərəfi ilə müzakirə oluna bilər. O uşaqların yalnız hansı xəstəxanada olduğu barədə sənəd var, başqa sənədləri yoxdur. Bu məqsədlə dövlət büdcəsindən vəsait ayrılmasının nəzərdən keçirilməsini təklif edirəm”.
Türkiyədə yaşayan azərbaycanlıların qeydiyyat məsələsindən danışan miqrasiya üzrə ekspert Azər Allahverənovun sözlərinə görə, vurğulanan problem sırf sənədləşmə ilə bağlıdır: "Türkiyədə işləyən vətəndaşlarımızın sənədləri qaydasında olmadığı üçün onların uşaqları təhsil hüququndan məhrum olurlar. Məlumdur ki, çox zaman insanlar müəyyən prosedur qaydalarından yayınırlar və faktiki olaraq heç yerdə qeydiyyata düşmədən əmək fəaliyyəti ilə məşğul olmağa üstünlük verirlər. Çünki bu, onlar üçün daha sərfəli olur. Nəticədə həmin şəxslər Türkiyəni tərk etməyə məcbur olmurlar. Həmçinin, dövlət qurumlarının reydlərinə də rast gəlmirlər. Əlbəttə, belə vəziyyətdə uşaqların təhsildən uzaq qalması birbaşa valideynlərin günahıdır”. Ekspert deyib ki, hökumət bununla bağlı müəyyən təkliflər irəli sürə bilər: "Məsələn, qeydiyyatsız uşaqların təhsil hüququ ilə bağlı seçici status müəyyən oluna bilər. Həmin statusa əsasən məktəb rəhbərliyi uşaqları valideynlərinin qeydiyyatda olub-olmaması ilə bağlı sorğu-sual etməz. Bildiyimə görə, Türkiyənin bəzi kənd məktəblərində qeydiyyatsız uşaqları qəbul edirlər. Çünki bəzi məktəblər qeydiyyatsız, xüsusən müxtəlif yerlərdən gəlmiş qaçqın-köçkün uşaqlarının tədrisində maraqlı olurlar. Amma Türkiyənin iri şəhərlərində bu proseduru həyata keçirmək mümkünsüzdür”.
A.Allahverənov bəyan edib ki, xarici ölkədə qeyri-qanuni əsaslarla yaşayan vətəndaşlarımız bunun müəyyən problemlər və təhlükələr yaradacağını dərk etməlidir: "Valideyn anlamalıdır ki, uşaqların təhsildən uzaq qalması çox ciddi qüsurdur. Bəs dövlət hansı addımları ata bilər? İlk növbədə həmin şəxslər üzərində maarifləndirici işlər aparmaq lazımdır. Azərbaycanın diplomatik korpusunun işçiləri də Türkiyədə həmin ailələri tapıb onlarla söhbət aparmalıdır. Dövlətin ilkin mərhələdə edə biləcəyi işlər bunlardır. Valideynlər özləri bu prosesdə maraqlı olmalıdır ki, övladları təhsildən kənar qalıb təhlükəli yollara getməsinlər”.
İsmayıl