"İstənilən şəraitdə Azərbaycanın mövqeyi nəzərə alınmalıdır"
"Əks halda rəsmi Ankara heç vaxt İrəvanın istəyinə müsbət cavab verməyəcək"
"Türkiyə Qarabağ prosesində heç nə edə bilməz”. Bu sözləri Ermənistan Respublikaçılar Partiyasının mətbuat katibi Eduard Şarmazanov Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlunun Ermənistanın təcrid vəziyyətindən çıxması üçün Qarabağ münaqişəsinin həlli istiqamətində addımlar atmasının gərəkdiyi barədə bəyanatına münasibət bildirərkən deyib. Şarmazanovun sözlərinə görə, Türkiyə XİN Ermənistan-Türkiyə münasibətlərini birbaşa olaraq Qarabağ münaqişəsinin həllinə bağlamaqla təhlükəli bəyanatla çıxış edib: "Qarabağ münaqişəsinin tənzimlənməsi və Ermənistan-Türkiyə münasibətləri iki fərqli prosesdir və onların bir-biri ilə əlaqələndirilməsi yolverilməzdir. İkincisi, Ermənistanın yeni hakimiyyəti Çavuşoğlunun bu bəyanatlarına kəskin reaksiya verməlidir. Üçüncüsü, Türkiyənin Qarabağ prosesində edə biləcəyi heç nə yoxdur. Bunun üçün ATƏT-in həmsədrləri var. Türkiyənin ön şərt irəli sürməsi qınanmalıdır”. Xatırladaq ki, bir müddət əvvəl Paşinyan Türkiyə ilə əlaqələrin yaradılması üçün heç bir ilkin şərt irəli sürülmədən danışıqlara hazır olduğunu bəyan edib. Ötən gün isə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Ermənistanın işğal etdiyi ərazilərdən hərbçilərinin çıxarılmasının danışıqların başlaması üçün şərt olduğunu açıqlayıb. Türkiyə Ermənistanla bütün diplomatik-siyasi və ticari münasibətləri 1993-cü ildə dayandırıb və sərhədi bağlayıb. Buna səbəb isə Ermənistanın Dağlıq Qarabağ və ətrafındakı 7 rayonu işğal etməsidir.
Ermənistan tərəfinin əsassız iddiaları ilə bağlı "Şərq”ə danışan politoloq Natiq Miri deyib ki, məsələnin mütəmadi olaraq gündəmə gəlməsi Ermənistandakı proseslərlə bağlıdır. Onun sözlərinə görə, Ermənistan siyasi və iqtisadi cəhətdən hərtərəfli qapalı ölkədir. Bu ölkənin Qərbə çıxışı Türkiyə vasitəsi ilədir:
"Regionun ən həlledici və güclü ölkəsi olan Türkiyə ilə Ermənistanın diplomatik ünsiyyətdə olmaması İrəvana çox böyük zərər vurur. Bu baxımdan sərhədlərin açılması məsələsi daim ermənilərin gündəmindədir. Məqsəd dünya güclərinin diqqətini çəkmək, Türkiyəyə təzyiq edilməsinə nail olmaqdır. Ermənilər anlamırlar ki, Türkiyə ilə münasibətlərin korlanması Dağlıq Qarabağ problemi və Azərbaycan dövləti ilə bilavasitə əlaqəli məsələdir. Bu məsələləri bir-birindən ayırmaq mümkün deyil. Əvvəla ona görə ki, Türkiyə dövləti öz sərhədlərini Azərbaycan torpaqlarının işğal edilməsi faktına cavab olaraq bağlayıb. Bu səbəb mövcud olduğu müddətcə iki ölkə arasında sərhədlərin açılmasından söhbət gedə bilməz”.
Analitik bildirib ki, Türkiyənin regionla bağlı siyasəti təkcə Ermənistanla əlaqəli deyil. Türkiyənin bölgə ilə bağlı bir Qafqaz siyasəti var:
"İstənilən şəraitdə Azərbaycanın mövqeyi nəzərə alınmalıdır. Əks halda rəsmi Ankara heç vaxt İrəvanın istəyinə müsbət cavab verməyəcək. Ermənistan anlamalıdır ki, onların izolyasiyadan xilas olmasının yeganə yolu işğal edilmiş Azərbaycan torpaqlarını boşaltmaqdır. İrəvanın başqa seçim imkanı yoxdur”.
İsmayıl