İlham Əliyev: “Türkiyə-Azərbaycan birliyi bölgədə sabitliyi möhkəmləndirir”
Türkiyənin yeni Baş naziri Bakıda mesajlar verdi
Binəli Yıldırım: “Ermənistana dur deməyin vaxtı çatıb, artıq söz zamanı deyil, iş görülməlidir”
İlham Əliyev: “Türkiyə-Azərbaycan birliyi bölgədə sabitliyi möhkəmləndirir”
İlham Əliyev: “Türkiyə-Azərbaycan birliyi bölgədə sabitliyi möhkəmləndirir”
Dünən Türkiyənin Baş naziri Binəli Yıldırım Azərbaycanda rəsmi səfərdə olub. Binəli Yıldırımla Azərbaycan Prezidenti İlham Əliyev arasında təkbətək görüş keçirilib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, iqtisadi əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişafından məmnunluq ifadə olunub. Türkiyənin Baş naziri vəzifəsinə seçildikdən sonra Binəli Yıldırımın ilk səfərini Azərbaycana etməsinin əhəmiyyəti vurğulanıb. Bu səfərin əlaqələrimizin daha da genişləndirilməsinə töhfə verəcəyi qeyd edilib.
"Yaxın vaxtlarda böyük əhəmiyyətə malik layihələrin açılışını edəcəyik”
Prezident İlham Əliyev Binəli Yıldırımı yüksək vəzifəyə təyin olunması münasibətilə təbrik edib: "Çox şadam ki, ilk rəsmi səfərinizi məhz Azərbaycana edirsiniz. Bu, bir daha göstərir ki, iki ölkə arasında münasibətlər yüksək səviyyədədir. Bizim məqsədimiz Türkiyə-Azərbaycan birliyini daha da möhkəmləndirməkdir. İqtisadiyyat, nəqliyyat və digər sahələrdə uğurla əməkdaşlıq edirik. İki ölkənin münasibətləri bu gün yüksək səviyyədədir. Enerji və nəqliyyat layihələri uğurla icra edilir. İnanıram ki, yaxın vaxtlarda böyük əhəmiyyətə malik bu layihələrin açılışını edəcəyik. Türkiyə-Azərbaycan birliyi bölgədə sabitliyi möhkəmləndirir ". B.Yıldırım isə xatırladıb ki, Türkiyədə yeni hökumət qurulan zaman hökumət başçısının ilk olaraq Şimali Kipr və Azərbaycana səfər etməsi ənənə halını alıb: "Biz tək millət, iki dövlətik. Səmimi qonaqpərvərliyə görə təşəkkür edirəm”.
"Bundestaqın qərarı siyasi sifarişdir”
Türkiyənin Baş naziri Binəli Yıldırımla geniş tərkibli görüşdən sonra mətbuat konfransı keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, Azərbaycan Almaniya Bundestaqı tərəfindən qəbul edilən, yalan üzərində qurulan qətnaməni pisləyir: "Bu, ədalətsizlik, ikili standart və tarixin təhrif edilməsidir. Biz buna dözə bilmərik və dözmürük. Diaspor təşkilatlarımıza təlimat verilib ki, daim Türkiyə diaspor təşkilatları ilə birgə hərəkət etsinlər. Biz bölgədə və dünyada birlik ortaya qoymalıyıq”. Prezident bəyan edib ki, Almaniya Bundestaqının qərarı siyasi sifarişdir: "Bunun siyasi tərəfləri var. Yəqin ki, Türkiyəni nəyəsə məcbur etmək, Türkiyənin müstəqil siyasətinə təsir etmək istəyirlər. Erməni məsələsi sadəcə, bəhanədir, böyük dövlətlərin əlində alətə çevrilib. Azərbaycan da oxşar vəziyyətlə üzləşib. Keçən il iyunun 12-də Almaniya parlamenti Azərbaycana qarşı ədalətsiz, yalana əsaslanan qətnamə qəbul edib. Guya Azərbaycanda insan haqları pozulur. Bu, yalandır. Azərbaycanda demokratiya inkişaf edir, azad internet mövcuddur. Azad internet olan yerdə söz azadlığı necə pozula bilər? Azərbaycanda sərbəst toplaşma azadlığı var. Biz bu gün görürük ki, Avropada dinc nümayişçilər necə təhqir olunur”. Dövlət başçısı xatırladıb ki, Birinci Avropa Oyunlarının açılışında Almaniya parlamenti Azərbaycana qarşı qətnamə qəbul edib: "Bu, bizə sataşmaq idi. Azərbaycan və Türkiyəyə qarşı bu qətnamələri qəbul edənlər böyük tarixi və siyasi səhv buraxdılar. Bizə qarşı aparılan
təxribatlar göstərdi ki, biz ancaq birlikdə güclü ola bilərik. Türkiyə və Azərbaycan birliyi faktordur, bu faktoru heç kim inkar edə bilməz”.
"Status-kvo”dəyişməlidir, bu isə torpaqlarımızın işğaldan azad edilməsi deməkdir”
Prezident bildirib ki, Azərbaycan torpaqlarının 20 faizi işğal olunub, etnik təmizləmə aparılıb: "Baxmayaraq ki, BMT Təhlükəsizlik Şurası qətnamələr qəbul edib, məsələ həllini tapmır. BMT qətnamələrində göstərilir ki, erməni silahlı qüvvələri işğal olunmuş torpaqlardan dərhal çıxarılmalıdır. Lakin bu qətnamələr kağız üzərində qalıb, çünki ikili standartlar var. Bəzi hallarda BMT qətnamələri 1 gün ərzində icra edilir, Azərbaycana gəlincə, 20 ildir ki, yerinə yetirilmir. Bu, böyük ədalətsizlikdir”. Prezident deyib ki, Azərbaycan Qarabağ məsələsində hərbi-siyasi üstünlük əldə edib: "Apreldə Azərbaycan ordusu əks-hücum əməliyyatı keçirib, 2000 hektar ərazi düşməndən təmizlənib. Biz çalışacağıq ki, bu məsələ danışıqlar yolu ilə həll edilsin. "Status-kvo” dəyişməlidir, bu isə torpaqlarımızın işğaldan azad edilməsi deməkdir”.
"Cənub Qaz Dəhlizi” layihəsi bölgəyə sabitlik gətirəcək”
Dövlət başçısı söyləyib ki, Azərbaycan və Türkiyə birgə böyük layihələr həyata keçirir: "İki ölkə TANAP-la bağlı məsuliyyəti üzərinə götürməsəydi, bu gün də enerji məsələsi müzakirə mövzusu idi. İndi 45 milyard dollarlıq "Cənub Qaz Dəhlizi” layihəsi icra edilir. "Cənub Qaz Dəhlizi” layihəsi bölgəyə sabitlik gətirəcək. Həyata keçirdiyimiz birgə layihələr həm bizi, həm də bölgəni gücləndirir. Biz birliyimizi gücləndirəcəyik. Türkiyənin gücü bizim gücümüzdür, birliyimizi gücləndirəcəyik”.
"Ankaradakı terrordan sonra Azərbaycan Prezidenti türk xalqının qəlbində taxt qurdu”
Türkiyənin Baş naziri Binəli Yıldırım isə deyib ki, ortaq tarixi və mədəniyyəti paylaşdıqları Azərbaycana səfər etməkdən qürur duyur: "Azərbaycan və Türkiyə münasibətləri bir millət, iki dövlət prinsipinə əsaslanır. Bu münasibətlər böyük inkişaf yolu keçib. Ankarada baş verən mənfur terror olayından sonra Azərbaycan Prezidenti Türkiyəyə səfər etməklə türk xalqının qəlbində taxt qurdu, böyük yer tutdu”. B.Yıldırım bildirib ki, Bakı sürətlə inkişaf edir, mənzərəsi dəyişir: "Azərbaycanda bu inkişafı siz təmin etdiniz”.
"Xocalıda soyqırım törədilib, nə üçün bunu nəzərə almırlar?”
Binəli Yıldırım deyib ki, tarixçilərin fərqli baxışı olduğu bir məsələ ilə bağlı Almaniya Bundestaqının qərarı böyük bir yanlışlıqdır: "Qısa müddətdə bu yanlışlığın aradan qaldırılacağına ümid bəsləyirik. Almaniyada 3 milyon türk yaşayır. Bu qərar Almaniyadakı türkləri də məyus edib. Xocalıda bir soyqırım törədilib, nə üçün bunu nəzərə almırlar? Almaniya tarixi xətasını, eybini adiləşdirmək üçün parlament xətti ilə belə bir qərar qəbul edib”. B.Yıldırım Türkiyə tarixinin şəffaf olduğunu deyib: "Beynəlxalq ictimaiyyəti ikili standartlara son qoymağa, Yaxın Şərqdə yaşanan faciələrə müşahidəçi qalmamağa dəvət edirik. Almaniya parlamentinin qərarından sonra Azərbaycana ən yüksək səviyyədə mövqeyini ortaya qoyduğu üçün təşəkkür edirəm”.
ATƏT-in Minsk Qrupu toplanıb, dağılışır
Türkiyənin Baş naziri bəyan edib ki, Azərbaycanın dostu onların da dostu, düşməni isə düşmənidir: "Dağlıq Qarabağ məsələsində hər zaman Azərbaycanı dəstəkləyirik. Azərbaycan torpaqlarının 20 faizini işğal edən Ermənistana "dur” deməyin vaxtı çatıb. ATƏT-in Minsk Qrupu toplanıb, dağılışır. Artıq söz zamanı deyil, iş görülməlidir. Bir dəqiqədə qərar qəbul edib, həyata keçirənlər Azərbaycan və Türkiyəyə gəldikdə fərqli davranırlar. Azərbaycanın işğal olunmuş torpaqları qaytarılan zaman bu məsələ çözüləcək. Beynəlxalq ictimaiyyətin ikili standartdan vaz keçməsinin zamanı çatıb”.
"TAP və TANAP enerji təhlükəsizliyində böyük rol oynayır”
Binəli Yıldırım bildirib ki, TAP və TANAP xətti enerji təhlükəsizliyində böyük rol oynayır: "İnşallah, 2018-ci ilin əvvəlində TANAP tamamlanacaq. Bununla Türkiyə və Avropa ölkələrinin qaz ehtiyaclarının ödənilməsində mühüm addım atılmış olacaq. Avqustun 26-da Sultan Səlim Yavuz körpüsünün də açılışı baş tutacaq. Açılış mərasiminə Azərbaycan Prezidenti İlham Əliyevi də dəvət edirəm. Sizin bu mərasimdə iştirakınız bizim üçün böyük şərəfdir”.
İsmayıl