Amma bütün maneələr Türkiyəni güclənmək yolundan döndərməyəcək
Türkiyəyə təzyiqlər səbəbsiz deyil
Baş verən proseslər Avropada islamafobiyanın başlandığını göstərir
Amma bütün maneələr Türkiyəni güclənmək yolundan döndərməyəcək
Amma bütün maneələr Türkiyəni güclənmək yolundan döndərməyəcək
Almaniya və Hollandiyanın son günlər Türkiyəyə qarşı sərgilədiyi qərəzli mövqe, hər iki ölkədə yaşayan türklərə qarşı insan hüquqlarına zidd hərəkətlərə yol verilməsi Avropanın riyakar siyasətini bir daha ortaya qoyub. Baş verənlərdən aydın olur ki, xristian Qərb dünyası müsəlman Şərqə aləminə qarşı neqativ düşüncələrindən, ikili standartlardan vaz keçmək niyyətində deyil.
Bu zərərli münasibət getdikcə güclənən Türkiyəyə qarşı özünü daha açıq formada büruzə verir. Son günlər Türkiyə ilə bir sıra Avropa ölkələri arasında baş verən olaylardan sonra Avropa İttifaqı məsələyə münasibət bildirib. Aİ nümayəndəsi deyib ki, yaşanan böhrandan sonra mövcud gərginliyi daha da yüksəldəcək açıqlamalardan çəkinmək və vəziyyətin sakitləşməsi üçün həll yolları tapmaq lazımdır. Ancaq Türkiyə tərəfi Avropa İttifaqının açıqlamasını ədalətli saymayıb: "Avropa İttifaqı yaranmış vəziyyətə obyektiv qiymət verməkdənsə, Türkiyəyə qarşı radikal davranılacağını vurğulayıb. Lakin Aİ-nin uzağı görməyən, bəsirətsiz açıqlamasının ölkəmiz üçün heç bir dəyəri də yoxdur”.
"Hollandiyanı Srebrenitsa soyqırımından tanıyırıq”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hollandiyanı növbəti dəfə tənqid edib. Prezident deyib ki, hollandiyalı sülhməramlılar 300 bosniyalının qətlində ittiham olunublar: "Biz Hollandiyanı Srebrenitsa soyqırımında oynadıqları roldan tanıyırıq. Onlar 8 min bosniyalını qətlə yetiriblər. Kimsə bizə mədəniyyət dərsi verməsin. Bu millətin alnı açıq, üzü ağdır, onlarınkı isə qaradır”. Xatırladaq ki, Hollandiyadan olan hərbçilər Bosniya-Hersoqovinanın Srebrenitsa bölgəsində BMT-nin sülhməramlılarında xidmət ediblər. Qətliamdan əvvəl 5 min bosniyalı dinc sakin holland sülhməramlıların qərargahına sığınıb. Ancaq 1995-ci ildə serb hərbçilər 300 bosniyalı müsəlmanı maşınlara mindirərək naməlum istiqamətə aparıblar və hamısını qətlə yetiriblər. Hollandiyalı əsgərlər serbiyalı hərbçilərlə əməkdaşlıq etməkdə ittiham olunublar.
"Ryuttenin Niderlandın sahibi olduğunu deməsi öz xalqına hörmətsizlikdir”
Türkiyənin dövlət başçısı Niderlandın baş naziri Mark Ryutteni demokratiyanın mənasını hələ başa düşməməkdə ittiham edib: "Hollandiya rəsmiləri deyirlər ki, ölkənin sahibi onlardır. Mənim rəsmimin üzərinə çarpaz işarə qoyurlar. Türkiyənin sahibi millətdir. Ryutter demokratiyanı anlaya bilməyib. Əvvəl demokratiyanı öyrənsin. Heç bir baş nazir millətin sahibi ola bilməz. Ölkələrin sahibi hakimiyyətlər yox, xalqdır. Demokratiyada ölkələrin sahibi millətdir. Sahibkar mənəm demək, öz millətinə hörmətsizlik etməkdir”.
Çavuşoğlu: "Mən terrorçuyammı?”
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Avropada ləğv edilən görüşlər və Hollandiya ilə yaşanan diplomatik böhranla bağlı CNN-nin suallarını cavablandırıb. Çavuşoğlu Avropada ləğv edilən proqramlardan danşıb: "Keçən il prezident seçkilərində də Rotterdamda Türkiyə vətəndaşları ilə görüşdüm. Hər şey mütəşəkkil bir şəkildə gedirdi və heç bir problem yaşamadıq. Sualım budur ki, niyə məhz indi belə rəftarla üzləşirik? Daha əvvəl Avropanın bir çox ölkəsində aksiyalarımızı keçirdik və bu proses içərisində heç bir diplomatik maneəyə məruz qalmadıq. Soruşuram, mən terrorçuyammı? Avropada yaşayan türklər terrorçudurmu? Mənə Avropada yaşayan bir türk terrorçu göstərə bilməzlər”.
"Tayms” qəzeti Hollandiyanın Türkiyə qadağasını pislədi
İngiltərənin "Tayms” qəzetində dövlətlər arasındakı gərginliklə bağlı məqalə dərc olunub. Məqalədə bildirilib ki, Hollandiya baş naziri Mark Ryutter Türkiyəyə qarşı sərgilədiyi münasibətlə istəmədən Qrit Valdersin kampaniyasına haqq qazandırmış oldu: "Ryutter və digər əsas siyasətçilərin zəifliyi səbəbindən Valders kimi milliyətçilər güclənməyə başladı. Başqa sözlə desək, Valders uğurlarını Ryuttenin qorxaqlığına borcludur. Mərkəzdəki fiqurlar gözlərini və qulaqlarını bağladılar. Avropa diqqətli olmalıdır”. Məlumat üçün bildirək ki, Qrit Valders millətçi kəsimin səsinə iddia edir və irqçi çıxışları ilə tanınır.
Niderlanddan skandal əmr: "Türklərə atəş açın”
Rotterdamın bələdiyyə sədri mətbuata açıqlamasında türk nazirin saxlanılması barədə danışıb. Sədr türk etirazçılara atəş açmaq üçün polisə göstəriş verdiyini söyləyib: "Polisə tapşırdım ki, əgər türk nazirin mühafizəçiləri "təslim ol” çağırışına tabe olmayıb əllərini kəmərlərinə aparsalar, atəş açın”. Bu açıqlama türk rəsmilərinin daha da hiddətlənməsinə səbəb olub.
Türkiyə Hollandiya ilə bağlı ilk diplomatik embarqolarını açıqlayıb
Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş Nazirlər Kabinetinin toplantısının ardından Hollandiya ilə bağlı verilən embarqo qərarlarını açıqlayıb. Verilən qərarlar əsasən diplomatik xarakterlidir. Sanksiyalar içində Hollandiya ilə yüksək səviyyəli görüşlərin təxirə salınması, holland səfirin Türkiyəyə girişinə qadağa qoyulması, rəsmi səfərlər üçün verilən uçuş icazələrinin ləğvi və Türkiyə Böyük Millət Məclisinin Hollandiya dostluq qrupunun buraxılması məsələləri yer alıb.
Daha bir avropalı liderdən Türkiyəyə qarşı qadağa...
Hollandiyanın Türkiyəyə qarşı atdığı qalmaqallı addımlardan sonra baş verən diplomatik böhranın əks-sədasının davam etdiyi bir vaxtda yeni bir qadağa xəbəri də Avstriyadan gəlib. Avstriyanın baş naziri Kristian Kern türk nazirlərin referendum üçün Avstriyada seçki kampaniyası keçirmək istəyəcəkləri təqdirdə buna mane olmaq üçün əlindən gələni edəcəyini açıqlayıb. Jurnalistlərin mövzu ilə bağlı suallarını cavablandıran baş nazir Kern Türkiyə-Hollandiya böhranı ilə bağlı bunları deyib: "Cəmiyyətin təhlükəsizliyi üçün belə bir cəhdin qarşısını almağa çalışacağam”.
"Türkiyəyə qarşı təzyiqlər Avropada islamafobiyanın başladığını göstərir”
Millət vəkili, politoloq Elman Nəsirov bildirib ki, Hollandiyanın və Almaniyanın Türkiyəyə münasibətdə tutduğu yol qəbuledilməzdir. Bu hadisələr təsdiqləyir ki, bir çox Avropa ölkələrində islamafobiya və ksenofobiya var:
"Mart ayında Hollandiyada parlament seçkiləri keçiriləcək. Radikal Azadlıq Partiyasının, onun lideri Geert Vildersin bu seçkilərdə qalib gəlmək şansı yüksək qiymətləndirilir. Geert Vilders ölkədə məscid tikilməsinin, ölkəyə müsəlmanların daxil olmasının qadağan edilməsinin tərəfdarı olduğunu bəyan edir. İslamı faşizmlə, Quranı Hitlerin faşizmi təbliğ edən əsəri ilə eyniləşdirir. Bu gün Türkiyə hədəf seçilib, sabah başqa ölkə hədəf seçilə bilər. Bəşəriyyət faşizmin, İkinci Dünya müharibəsinin nəticələrini unutmamalıdır”. Ekspert deyib ki, Prezident İlham Əliyevin səsləndirdiyi bir fikrin haqlı olduğu bir daha isbatlanmış oldu: "Prezident vurğulayıb ki, Avropada çox qorxulu tendensiyalar baş verməkdədir, radikal sağ qüvvələr hakimiyyətə iddialıdır. Onlar Avropada hakimiyyətə gələrsə, nə baş verər? Türkiyəyə qarşı təzyiqlər Avropada islamafobiyanın başladığını göstərir. Şübhəsiz ki, bu maneələr Türkiyəni güclənmək yolundan döndərməyəcək. Referendumda AKP qalib gələcək. Ərdoğan Avropanı Türkiyəyə qarşı təzyiq göstərməyə son qoymağa çağırıb demişdi ki, Türkiyənin də alternativləri var. Bu alternativlərdən biri kimi Şanxay Əməkdaşlıq Təşkilatını göstərmişdi”.
İsmayıl