Tütək çalan qız...

Şadlıq saraylarında uşaqların hüquqları tapdanır...Lap yerlə sürünən gəlinliyin ətəkləri kimi
7-dən 70-ə əksəriyyətin hər dəfə sevə-sevə baxdığı və sonunda göz yaşlarını saxlaya bilmədiyi "Qaraca qız” filmi qaraçı dəstəsində böyüyən qızın faciəli həyatından bəhs edir. Qıvrım qara saçlarına görə "qaraca” adı verilmiş qız - Tutu küçələrdə qaraçı rəqsi edib pul qazanır. Qazandıqlarını isə sahibinə - qaraçı dəstəsinin üzvünə verir.
21-ci əsrdə şadlıq saraylarında, toy məclislərində rəqqasəlik edənlər günümüzün "qaraca qızları”dır. Rəngləri ağ olsa da. Onların qaraçılarla, qaraçılıqla, aşağı-yuxarı bir əlaqələri də yoxdur. Bu "qaraca”ların valideynləri var. Hətta ali təhsilli, bəzən hətta imkanlı valideynləri. Amma qızlarını oynatmağa çox həvəslidirlər. Cavabları da budur; burda nə var ki?! Uşaq oynayır da özü üçün. Pis işlə məşğul olmur ki?!Bəli, oynamaq, əylənmək uşaqların payına düşən ən doğal haqdır. Bəs ortada pul, ödəniş, gəlir güdmək məqsədi varsa, onda necə? Belədə uşağın digər doğal hüquqları - vaxtında qidalanmaq, yatmaq, sağlam həyat tərzi, təhsil almaq... ən əsası, uşağın öz istəyi ilə hərəkət etməsi, nəyəsə məcbur edilməməsi - bunlara da əməl edilirmi?
Mələklər - müasir qaraca qızlar...
Şadlıq saraylarında gəlinin paltarının ətəklərini tutan, sonra da ortada "mələklər rəqsi” oynayan balacaları qohum-tanışın toyunda görmüşük. Axşamın qaranlığında bir şadlıq sarayından tələsik digərinə gedir. Bəlkə bir-iki saatın içində 2-3 toyu "yola verir”. Pul qazanmaq üçün. Məktəb yaşına çatmamış rəqqasələrin haqqı 10 manat, bir az yuxarı yaşda olanlarınsa 15-20 manatdır. Və bu pul da uşaqları müşayiət edən valideynlərə ödənir. Uşaq hüquqlarının pozulması belə baş verir. Uşaq əziyyət çəkir, pulu valideyni alır. O uşaqdan heç soruşan da yoxdur ki, toyda rəqs etmək istəyir, ya yox. Uşağın əvəzinə qərarı ana verir.
Beləcə, şadlıq saraylarında ölkə qanunları hər gün və dəfələrlə tapdanır. Lap yerlə sürünən gəlinliyin ətəkləri kimi. Yox, gəlinliklərin ətəklərini məhz onlar - bu balaca rəqqasələr öz kiçik əlləri ilə qaldırırlar ki, yerə dəyməsin, yerlə sürünməsin. Bəs sözün həqiqi mənasında - həm mənəvi, həm də fiziki baxımdan böyüklərin tapdağı altında qalan bu qızcığazları kim qaldırmalıdır?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov cəmiyyətin aşınmasında "əvəzsiz” rol oynayan bu problemin həllinin konkret dövlət strukturlarının öhdəsinə düşdüyünü dedi:
- Burada həm insan hüquqlarının, həm uşaq hüquqlarının, həm əmək, həm də vergi qanunvericiliyinin pozulması halları var. Və bu işlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Vergilər Nazirliyi, hüquq-mühafizə və prokurorluq orqanları məşğul olmalıdır. Əmək qanunvericiliyinə görə, əməyə cəlb olunmuş şəxslə əmək müqaviləsi imzalanmalıdır. Adına əmək kitabçası açılmalıdır. Bunların heç birinə şadlıq evi müdriyyəti tərəfindən əməl edilmir. Aydındır ki, həmin uşaqlarla əmək müqaviləsi bağlanmır. Bu da birbaşa qanun pozuntusudur. Başqa bir məsələ bu qızların həqiqətən də könüllü şəkildə rəqs edib-etməməsidir. Yetkinlik yaşına çatmamış uşağın "mən könüllü rəqs edirəm” sözləri nə dərəcədə inandırıcı görünə bilər? Lap həqiqət olsa belə, burada konkret qanun pozuntusu halları var. Uşaq könüllü şəkildə rəqs dərnəklərinə qatılar, bayramlarda, kütləvi mərasimlərdə, tədbirlərdə rəqs edər. 5-6 uşağın rəqqas geyimində şadlıq sarayına gətirilməsi və bəylə-gəlinin qarşısında oynadılmasına könüllü donu geyindirmək əclaflıqdır. Bəllidir, burada maddi qazanc güdülür və bundan şadlıq sarayının müdriyyəti, qızların rəqs müəllimi və təbii ki, valideynlər faydalanır. Çünki uşaqları şadlıq saraylarına bir çox hallarda rəqs müəllimləri yönləndirir. Valideynlə də razılığa gəlirlər. Hesab edirəm ki, bu məsələdə ilk növbədə valideynlər məsuliyyətə cəlb edilməlidir.
Uşaq işləyə bilər, amma...
Uşaq Hüquqlarını Müdafiə Liqasının sədri Yusif Bəkirov isə uşaqların əməyə cəlb edilməsində qəbahət görmür, amma şərtlər daxilində:
- 15 yaşına qədər uşaqların əmək müqaviləsi olmadan işləmək hüququ var. Avropada 12-13 yaşlı uşaqlar çalışır. Yay aylarında, məktəb tətili zamanı restoranlarda, kafelərdə, başqa hansısa iş yerlərində mövsümi işlər tapıb işləyirlər, pul qazanırlar. Burda pis bir hal yoxdur. Pis olan əmək qanunvericiliyinin pozulmasıdır. Sahibkar uşaqla əmək müqaviləsi bağlamalıdır, müqavilə şərtlərinə də əməl edilməlidir. Əmək haqqı, iş saatı, istirahət vaxtı və s. ilə bağlı. Bunlar varsa, qoy uşaq işləsin. Biz hər şeyə qadağa qoymağı sevirik. Amma qadağalarla iş bitmir. Uşağın əməyə cəlb olunması pis deyil. Ancaq qanunlar çərçivəsində
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağayeva isə şadlıq evlərində azyaşlı qızlardan rəqqas kimi istifadə edilməsini insan alveri predmeti adlandırdı:
- Beynəlxalq Əmək Təşkilatı uşaqların əməklə məşğul olmasına icazə verir. Amma uşaqların yaşı və iş şəraiti nəzərə alınmaqla. 12-14 yaşında uşaqlar yalnız həftədə bir neçə gün və 1-2 saat çalışa bilər. 15 yaşdan sonra isə uşaqlara həftədə 24 saat olmaqla işləməyə icazə verilir. Bu şərtlər daxilində ki, qız uşaqları 10 kiloqramdan artıq (oğlanlara 15 kq-dək icazə var) yük götürməməli, kimyəvi maddələr olan müəssisələrdə, tunellərdə, yer altında, hündürlükdə işləməməlidirlər. Uşaqlar bədii sənətlə məşğul ola bilər. Amma hansı halda - yaşına uyğun gələn bir şəraitdə. İndi soruşuram, azyaşlı qızların axşam saat 6-dan sonra şadlıq evində rəqs etməsi sizcə, normal haldır?! Söhbət uşaqlardan gedirsə, uşaq axşam saat 6-dan sonra işləməməlidir, bu, birbaşa cinayətdir. Bizim şadlıq evlərində toy mərasimləri nəinki saat 6-da, saat 19:00, 19:30-dan sonra başlayır, uşaq rəqqasələr də bəzən gecə saatlarınadək şadlıq sarayında qalırlar. Uşaqların demək olar ki, hamısı valideynləri tərəfindən bu işə cəlb edilir. Faktiki məcbur edilirlər. Bu da uşaq əməyinin istismarı, hətta birbaşa insan alveridir.
Yazıq deyilmi o körpələrə?!
K.Ağayeva davam edir:
- Mənim dəqiq bildiyim faktlar var ki, müəyyən kollektivlərdə çalışan valideynlər uşaqlarını kollektivin içinə gətirirlər və bundan qazanc əldə edirlər. Eləcə də o uşaqların rəqs müəllimləri, uşaqlardan sui-istifadə edir. Uşaqlara cüzi məbləğ verirlər, yerdə qalanını müəllim və şadlıq evinin administratoru mənimsəyir. Mən dəfələrlə toy mərasimlərində məhz bu halı görüb dava salmışam. Çünki o uşaqların fevral ayının soyuğunda nazik, tül rəqqasə geyimlərində pilləkənlərin başında dayanıb necə tir-tir titrədiyini görmüşəm. Yazıq deyilmi, bu körpələrə? Onların anaları necə anadır ki, uşaqlarına bunu rəva görürlər? Uşağın sağlamlığına da bu ziyandır.
K.Ağayeva bildirdi ki, azyaşlı uşaqların məcburi əməyə cəlb edilməsi problemini dəfələrlə gündəmə gətiriblər. Təəssüf ki, deyilənlər söz olaraq qalıb. Problemin qarşısını almaq məsuliyyəti daşıyan qurumların heç biri indiyədək konkret addımlar atmayıb:
- Azərbaycanda İnsan Alveri ilə Mübarizə üzrə Milli Fəaliyyət Proqramı qəbul olunub. İnsan alverinə qarşı mübarizənin artıq 3-cü fazasına keçilib. Milli Fəaliyyət Proqramında hansı qurumun üzərinə hansı öhdəliklər düşdüyü aydın göstərilib. Hər kəs üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Biz QHT olaraq işimizi görürük, faktları aşkar edib deyirik.
Ölçü götürmək, qanun pozucularını məsuliyyətə cəlb etməksə əlaqədar qurumların vəzifəsidir.
Qanunlar gözəldi...
Məcburi əməyə cəlb etmə halları Azərbaycan qanunvericiliyində birmənalı olaraq qadağandır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə bu ilin yanvar ayında ABŞ-ın ölkəmizdəki səfirinin siyasi işlər üzrə müşaviri Devid Börnsteynlə keçirilən görüş zamanı bildirib ki, Beynəlxalq Əmək Təşkilatının Azərbaycan tərəfindən ratifikasiya olunmuş "Minimum Yaş həddi haqqında” 138 nömrəli Konvensiyasına uyğun olaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsində uşaqların işə qəbulu üçün minimum yaş həddi 15 yaş müəyyən edilib. 15 yaşına çatmamış şəxslərin işə, habelə onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilməsinə görə isə ölkəmizin İnzibati Xətalar Məcəlləsində cəza tədbirləri nəzərdə tutulur. Qeyd olunan Konvensiyadakı prinsiplər nəzərə alınaraq, Əmək Məcəlləsində yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, onlar üçün əlavə təminatlar, güzəştlər də əksini tapıb. Eyni zamanda, 15 yaşından 18 yaşınadək şəxslərlə əmək müqaviləsi bağlanarkən onların qanuni nümayəndələrinin (valideynlərinin və ya övladlığa götürənlərin, qəyyumlarının, yaxud qanunla onları əvəz edən şəxslərin) yazılı razılığı tələb edilir.
Rəsmilər deyir, həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə uşaq əməyinin istismarı və məcburi əməyə cəlb etmə halları son illərdə minimuma enib. Həqiqətən enibmi, görəsən?
Srağagün işdən evə gedəndə "İnşaatçılar” metrostansiyasının keçidində pilləkəndə oturub tütək çalan uşaq gördüm. Qızıydımı, oğlanıydımı, seçə bilmədim. Diqqətlə baxmağa fürsətim belə olmadı. Çünki yaxınlıqda var-gəl edən birisi vardı. Anladım ki, bu adam uşağa kənardan nəzarət edir. Daha doğrusu, kənardan ola biləcək müdaxilələri nəzarətdə saxlamağa çalışır. Açığı, ehtiyat edə-edə uzaqdan uşağın fotosunu çəkməyə cəhd etdim. Özümü elə apardım ki, guya mobil telefonla məşğulam. Anidən uşağın şəklini çəkdim və metroya endim. Amma o adamın arxamdan gizlin gələcəyindən qorxdum da. Şükür ki, gəlmədi. Təhlükə ötüşdü...
Bəli, qanunlar gözəldi. Ümumilikdə insan hüquqlarının müdafiəsinə hesablanıb. İcra isə zəifdir. Bəzən heç yoxdur. Bir jurnalist küçədə uşaq hüquqlarının pozulduğunu görüb müdaxilə edə bilmirsə və hətta təhlükə görüb, gizlicə foto çəkməklə kifayətlənməli olursa, hansı hüquq müdafiəsindən danışmaq olar?!
Və sonda...
"Qaraca qız” filmi ağır sonluqla bitir. Qaracanı - Tutunu heç cür qəbul edə bilməyən, həzm edə bilməyən ağanın xanımı, rəqs zamanı ona şillə vurur. Qızın dodağı partlayır. Tutu dostu Xədicənin ayağından ilan zəhərini soranda məhz bu partlamış dodaqdan zəhər qanına keçir və Tutu ölür. Bizim azərbaycanlılar bu filmə baxanda bilirsiz nəyə heyifsilənirlər? "Kaş Qaraca Ağca xanıma rəqsi heç öyrətməyəydi. Öyrətməsəydi, Ağca onunla birlikdə rəqs etməyəcəkdi, xanım da bunu görüb hayıfını Tutudan çıxmayacaqdı...” Sadə, ürəyi saf insanlar Qaraca qızın taleyinə belə acıyır. Şadlıq saraylarındakı toy məclislərində içki qoxusu, siqaret tüstüsü altında rəqs edənlərin taleyinə kim acıyacaq? Onlara da kiminsə qəfil şilləsi dəyə bilər...
Məlahət Rzayeva