"ÜAK-ın ləğvində siyasi motivin olması şübhə doğurmur"

Zərdüşt Əlizadə: "Onun ləğvi nə Azərbaycan cəmiyyətinə, nə də xalqa zərrə qədər də ziyan vurur"


"Rusiya və Azərbaycan arasındakı dövlətlərarası münasibətlərə Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğvinin təsiri sıfıra bərabərdir”.

Bunu Sherg.az-a politoloq Zərdüşt Əlizadə deyib. 

O bildirib ki, bu iki ölkə arasında ciddi geosiyasi, hərbi məsələlər, ümumi maraqlar var. Onlarla müqayisədə ictimai təşkilatın qeydiyyatı nəzərə alınmayacaq qədər əhəmiyyətsiz məsələdir:

"Qurumun ləğvinin Azərbaycanın mənafelərinə ziyanlı olmasına gəldikdə isə ÜAK-ın xeyri yox idi ki, ziyanı da olsun. Bu təşkilat Rusiyada yaşayan azərbaycanlıları hüquqi cəhətdən müdafiə etmir. Mədəni adaptasiyasını təşkil etmir. Onların mədəni səviyyəsini qaldırmır. Vətəndaşların ölkənin siyasi həyatında fəal iştirakını təmin etmirdi. Bundan başqa heç bir iş görmürdü. Onun ləğvi nə Azərbaycan cəmiyyətinə, nə də xalqa zərrə qədər də ziyan vurur”.

Qərarın hüquqi cəhətinə gəlincə, Z.Əlizadə bildirib ki, əvvəl təşkilata öz işini yanlış qurduğu üçün xəbərdarlıq edilib:

"Onlar bu xəbərdarlığı nəzərə almayanda, qüsurları aradan qaldırmadıqda qanunauyğun olaraq məhkəmə prosesi keçirilib və məhkəmə təşkilatı ləğv edib. Burada heç bir qəribə addım yoxdur. Bu qərarın arxasında siyasi motivin olması şübhə doğurmur. Çünki Rusiyada bütün işlər doğru aparılmır. Bir məsələni ortaya çıxarıb, onu qabartmaq yenə də siyasi motivlə izah edilə bilər”.

Qeyd edək ki, mayın 15-də Rusiya Federasiyası Ali Məhkəməsində Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi barədə Rusiya Ədliyyə Nazirliyinin iddiası təmin edilib. Məhkəmə qərarına əsasən ÜAK-ın qeydiyyatının ləğv olunması təsdiqlənib.

Ayyət Əhməd