ÜAK-ın qeydiyyatı ləğv olunsa münasibətlər soyuyacaq
Bu qərarın qəbul edilməsi Rusiyanın regiondakı fəaliyyətinə, bitərəf mövqeyinə də kölgə salacaq
Mayın 15-də Rusiyanın Ali Məhkəməsində Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğvinə dair növbəti məhkəmə prosesi keçiriləcək. Rusiyadakı mənbələrdən əldə edilən məlumata görə, məhkəmənin ÜAK-ın qeydiyyatının ləğv edilməsi ilə bağlı qərar çıxaracağı gözlənilir. Şimal qonşumuzun bu cür davranış sərgiləməsi isə ölkə ictimaiyyətinin və dövlət rəsmilərinin ciddi narazılığına səbəb olur. Əslində, Rusiya ilə Azərbaycan arasında münasibətlər həmişə yüksək səviyyədə olub və bu istiqamətdə bütün sahələr üzrə qarşılıqlı səmərəli əməkdaşlıq əlaqələri inkişaf etdirilib.
Digər tərəfdən, Azərbaycan Rusiya ilə münasibətlərin strateji xarakter daşıdığını bəyan edib. Ölkəmiz ticarət-iqtisadi, siyasi əlaqələrin daha da sıxlaşmasında maraqlı olub. Azərbaycan daim Rusiyanın regiondakı strateji maraqlarını nəzərə alıb, beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlıq əlaqələri qurub. Ölkə rəhbərliyi tərəfindən rus dilinin və mədəniyyətinin qorunub saxlanması, rusdilli təhsil müəssisələrinin fəaliyyətinin təmin edilməsi, ölkədə yaşayan çoxsaylı rus icması nümayəndələrinin vətəndaş hüquqlarının təmin olunması üçün bütün zəruri addımlar atılıb. Lakin bəzi hallarda Rusiya-Azərbaycan arasında mövcud olan əlaqələrin inkişafı düşmən qüvvələrin maraqlarına cavab vermir. Rusiyanın dövlət strukturlarında anti-Azərbaycan qrupların, erməni lobbisinin mövcudluğu heç kimə sirr deyil. Xüsusilə, son zamanlar Rusiyanın ədliyyə sistemindəki ermənipərəst qrupların fəaliyyəti daha qabarıq şəkildə özünü büruzə verməkdədir. Halbuki, Rusiyada çoxmilyonlu azərbaycanlı icması yaşayır. Onlar Rusiyanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında davamlı fəallıqları ilə seçilirlər. Azərbaycan icmasının ən böyük ictimai birliyi hesab edilən - ÜAK-ın qeydiyyatının ləğv edilməsi cəhdi çoxmədəniyyətli Rusiya cəmiyyətinin öz xarakterinə zidd olmasının göstəricisidir. Daha dəqiq desək bu, Rusiyada tolerantlıq mühitini, millətlərarası münasibətləri təhdid edən təxribatçı addımdır. Ümumiyyətlə, məhkəmənin belə qərar qəbul etməsi Rusiya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrə kölgə sala, onları zədələyə bilər. Bu qərarın qəbul edilməsi Rusiyanın regiondakı fəaliyyətinə, bitərəf mövqeyinə də kölgə salacaq. Belə bir məqamda istər-istəməz sual oluna bilər ki, Rusiyada çoxsaylı milli təşkilatlar fəaliyyət göstərdiyi halda, nəyə görə Azərbaycan təşkilatlarına qarşı belə qeyri-obyektiv və qərəzli münasibət nümayiş etdirilir? Yaxud, belə bir addım Ermənistana hərbi yardımın artırılması fonunda baş verirsə, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfsiz vasitəçi missiyasına kölgə düşür. Bu baxımdan, Azərbaycandakı rus icması, diaspor təşkilatları, ölkə ictimaiyyəti, media qurumları və QHT-lər Rusiya hökuməti düşünülməmiş addımlar atmamağa, iki ölkə və xalq arasındakı münasibətləri erməni lobbisinin girovuna çevirməməyə çağırırlar. Azərbaycanın rus icmasının müraciətində bildirilir ki, ölkəmizdəki icmada 120 min rus millətinin nümayəndəsi birləşir və onlar ÜAK-a qarşı atılan qərəzli addımları qətiyyətlə pisləyirlər:
"Təəssüflər olsun ki, Rusiyadakı müəyyən qüvvələr ÜAK-ın fəaliyyətində cüzi çatışmazlıqları axtarıb-taparaq, Rusiyanın nəhəng təşkilatları sırasında yer alan ictimai təşkilatın ləğvinə şəraitin yaradılması istiqamətindəki cəhdlərinə son vermirlər. Şübhə etmirik ki, Rusiyadakı azərbaycanlı diasporuna qarşı hörmətsizlik Azərbaycan və Rusiya, eyni zamanda azərbaycanlı və rus xalqları arasındakı dostluq münasibətlərinin inkişafına xidmət etmir. Azərbaycanda yaşayan ruslar azərbaycanlıların rus dilinin, rus mədəniyyətinin və ənənələrinin qorunmasındakı qayğılı münasibətlərini yüksək qiymətləndirir. Biz hesab edirik ki, Rusiya Federasiyasında yaşayan və bu ölkənin tamhüquqlu vətəndaşları sayılan azərbaycanlılara qarşı da lazımi münasibət göstərilməlidir”.
Diasporla İş üzrə Dövlət Komitəsi də ÜAK-ın ləğv edilməsi üçün məhkəməyə göstərilən təzyiqlərlə bağlı etiraz bəyanatı yayıb. Komitənin mətbuat xidmətindən verilən məlumata görə, Konqresin ləğv edilməsi ilə bağlı başlamış məhkəmə prosesi Rusiyada yaşayan azərbaycanlı icmasının və bütün Azərbaycan ictimaiyyətinin dərin narahatlığına səbəb olub:
"Təəssüf hissi ilə bildiririk ki, son dövrlər daxil olmuş məlumatlar Rusiya Federasiyasında müəyyən anti-Azərbaycan qrupların ÜAK-ın fəaliyyətinin dayandırılması istiqamətində xüsusi fəallıq göstərdiyini, təşkilatın bağlanması üçün məhkəməyə təzyiq etmək cəhdlərinin intensivləşdiyini söyləməyə əsas verir. Dövlət Komitəsi bəzi qüvvələrin bilavasitə Azərbaycan-Rusiya münasibətlərini zədələməyə yönəlmiş məqsədyönlü fəaliyyətindən dərin narahatlıq hissi keçirdiyini bir daha bəyan edərək, məhkəmənin ədalətli qərar verəcəyinə inandığını ifadə edir. 2 milyona yaxın azərbaycanlını təmsil edən bu təşkilat millətlərarası barışın və qarşılıqlı anlaşmanın tərəfdarı kimi çıxış edib. Bir daha vurğulamağı vacib hesab edirik ki, ÜAK ictimai rəydə yalnız milyonlarla azərbaycanlını təmsil edən təşkilat deyil. Eyni zamanda, xalqımız dərin tarixi köklərə malik çoxəsrlik dostluq münasibətlərinin simvolu kimi qəbul olunmaqdadır”.
İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri Məhərrəm Zülfüqarlı deyib ki, erməni lobbisinin təxribatı nəticə verməyəcək. Ekspertin sözlərinə görə, Rusiya ilə Azərbaycan arasında münasibətlər həmişə yüksək səviyyədə olub və inkişaf edib:
"Rusiyanın dövlət strukturlarında anti-Azərbaycan qruplar, erməni lobbisi Azərbaycan xalqına və dövlətinə qarşı təxribatçı fəaliyyətini davam etdirirlər. Həmin qruplar istəyir ki, Azərbaycanın Rusiya ilə münasibətləri pozulsun. Onlar bu münasibətlərə xələl gətirə bilməyəcək. Vətəndaşlar ayıq olmalı və belə təxribatçı hərəkətlərə qarşı mübarizə aparmalıdırlar. Çünki Azərbaycan vətəndaşları Rusiyada fəaliyyət göstərir və Rusiyanın iqtisadiyyatında azərbaycanlıların da rolu əvəzsizdir. Belə təxribatçı hərəkətlərə baxmayaraq Azərbaycan Rusiya ilə münasibətlərini, iqtisadi və siyasi əlaqələrini daha da sıxlaşdıracaq”.
"Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi” İctimai Birliyinin sədri Rufiz Qonaqov da bildirib ki, Azərbaycan-Rusiya arasında əlaqələr yüksək səviyyədədir. Onun fikrincə, bu, Rusiya və Azərbaycan arasında növbəti dəfə yeni bir təxribat cəhdidir: "Təbii ki, məqsəd də hər iki ölkə arasında olan münasibətlərə xələl gətirmək, eyni zamanda bundan daha çox ermənipərəst dairələrin sözsüz ki, marağı var. Bununla belə, Rusiya ilə Azərbaycan arasında olan dostluq, mehribanlıq əlaqələrinin pozulması marağı var. Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putin arasında çox yüksək səviyyədə dostluq münasibətləri var. Əlbəttə ki, bu münasibətlər uzun illərdir ki, mövcuddur. Azərbaycanla Rusiya arasında bu gün hərtərəfli əlaqələr - iqtisadi, siyasi, diplomatik və digər ticarət əlaqələri çox yüksək səviyyədədir. Təbii ki, bunu gözü götürməyən qüvvələrin, erməni dairələrinin və eyni zamanda Rusiya-Azərbaycan dostluğunu istəməyən şəxslərin maraqları çox böyükdür. Onlar növbəti bir cəhd göstərərək bu konqresi bağlamaqla iki ölkə arasındakı münasibətlərə xələl gətirmək məqsədini qarşıya qoyurlar. Heç şübhəsiz ki, bu cəhdlərin heç bir əhəmiyyəti yoxdur”.
"Bu gün Rusiya-Azərbaycan münasibətləri həqiqətən yüksələn xətt üzrə inkişaf edir. Ölkələr arasında münasibətlər həmişə yüksək səviyyədə olub, bütün sahələr üzrə qarşılıqlı səmərəli əməkdaşlıq əlaqələri qurulub. İndi belə bir məqamda bu münasibətlərə xələl gətirmək üçün gündəmə arzuolunmaz mövzuları kim atır, maraqlıdır”.
Bunu APA-ya açıqlamasında Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib. O bildirib ki, Azərbaycan Rusiya ilə münasibətlərin strateji xarakter daşıdığını həmişə bəyan edib, ticarət-iqtisadi, siyasi əlaqələrin daha da sıxlaşmasında maraqlı olub:
"Azərbaycan dövləti həmişə Rusiyanın regiondakı strateji maraqlarını nəzərə alıb, beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlıq əlaqələri qurulub və qarşılıqlı dəstək ruhu hökm sürüb. O cümlədən, Ümumrusiya Azərbaycanlıları Konqresi ölkənin ictimai-siyasi həyatında ən aktiv rol oynayan təşkilatlardan olub. Ümumiyyətlə, azərbaycanlılar Rusiyanın həyatında aktiv rol oynayır. İndi yəqin ki, iki ölkə arasında münasibətlərin inkişafını istəməyən qüvvələr Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi məsələsini ortaya atıblar”. .
İsmayıl