"ÜAK ləğv olunarsa, o boşluğu erməni təşkilatları dolduracaq" - ŞƏRH



"Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) uzun illərdir fəaliyyət göstərir və Rusiya ictimai səhnəsində müstəqil mövqeyi ilə seçilir”.

Bu barədə Sherg.az-a konqresin ləğvi ilə bağlı uzun müddətdir davam edən vəziyyətə münasibət bildirərkən politoloq İlqar Vəlizadə deyib. 

O bildirib ki, Rusiyada bir çox milli azlıqların təşkilatları dövlətin bu və ya digər şəkildə nəzarətindədir:

"O cümlədən bəzi Azərbaycan Milli İcmasının təşkilatları da daha çox Rusiyanın rəsmi dairələrinə yaxın olan təşkilatların nəzarətindədir. ÜAK isə belə təşkilatlardan deyil. O, daha müstəqil mövqeyi ilə seçilir və Azərbaycanla bağlılığı çoxdur. Rusiyada bu təşkilat qeyd-şərtsiz Azərbaycanın mövqeyini müdafiə edir. Ona görə də, ÜAK-ın fəaliyyəti bir çox təşkilatların və ya siyasi dairələrin xoşuna gəlmir. Xüsusilə, son illərdə həmin qurum Rusiya Azərbaycan münasibətlərinin inkişafında kifayət qədər böyük rol oynayıb, sıx əlaqələr qurulub, müxtəlif forumlar keçirilib. Sözsüz ki, bizi qəbul etməyən təşkilatlar, xüsusilə, ermənipərəst qurumlar ÜAK-ın aktiv fəaliyyətinə qısqanclıqla yanaşır. Əsas rəqib təşkilatlar müxtəlif yollarla bu konqresin aradan çıxarılmasını istəyirlər. Bu səbəbdən Azərbaycanın digər təşkilatları və Rusiya icması narahatdır. Konqresin ləğvi Azərbaycan və Rusiya arasındakı ictimai əlaqələrin zəifləməsinə gətirib çıxaracaq. Yaranacaq boşluğu isə erməni təşkilatları dolduracaq. Bu isə ikitərəfli münasibətlərə mənfi təsir göstərəcək”.

Qeyd edək ki, Azərbaycanın Rus İcması Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğvi məsələsinə dair öz prinsipial münasibətini ifadə edən 2017-ci il 4 aprel tarixli bəyanat yayıb. Bəyanata görə sıralarında milliyyətcə rus olan 120 min Azərbaycan vətəndaşını birləşdirən Azərbaycanın Rus İcması Rusiyanın ictimai təşkilatı olan Ümumrusiya Azərbaycan Konqresi ilə bağlı uzun müddət davam edən vəziyyətlə əlaqədar ciddi narahatlığını bildirir.

Aysel Aslan