Üç ölkə bir-birinə sadiqdir

Nazirlərin Tiflisdə imzaladığı birgə bəyannamə də bunu təsdiqlədi



Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin Tiflisdə ikitərəfli və üçtərəfli görüşləri keçirilib. Görüşlərdə iqtisadi əlaqələrin inkişafı, siyasi münasibətlərin dərinləşməsi və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Görüşdə iştirak edən Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov Gürcüstanın xarici işlər naziri M.Janelidze ilə ikitərəfli görüşündən danışıb. Nazir bildirib ki, görüşdə iki ölkə arasında əlaqələrin mehriban qonşuluq və strateji tərəfdaşlıq zəminində inkişafından məmnunluq ifadə olunub. Nazirlər birgə həyata keçirilən regional layihələrin əhəmiyyətini xüsusi vurğulayaraq, Cənub Qaz Dəhlizinin əsas xətləri olan TAP və TANAP layihələrinin, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsinin regional əməkdaşlığa daha da böyük töhfə verəcəyinə əminlik ifadə ediblər. Görüşdə həmçinin, Azərbaycan və Gürcüstan arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın hazırkı vəziyyətindən razılıq qeyd edilib, qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

"Görüşlər ölkələrimiz arasında strateji əməkdaşlığı inkişaf etdirir”

Elmar Məmmədyarov deyib ki, yüksək səviyyəli ikitərəfli və üçtərəfli münasibətlər, bu formatda keçirilən müntəzəm görüşlər ölkələrimiz arasında strateji əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli rol oynayır: "Görülən müxtəlif sahələrdə əməkdaşlığımızın vəziyyətinin gözdən keçirilməsinə imkan yaradır. Bu baxımdan 2013-2015-ci illəri əhatə edən Üçtərəfli Sahəvi Əməkdaşlıq Fəaliyyət Planı üçün nəzərdə tutulan layihələr xüsusi qeyd edilməlidir. Ölkələrimizin coğrafi yerləşməsi rəqabətli tranzit imkanlarından faydalanmaq üçün əlverişli imkanlar yaradır. Ona görə də hesab edirik ki, bizim coğrafi məkanda nəqliyyat infrastrukturu, ələlxüsus kommunikasiya xətlərinin qarşılıqlı bağlılığı və infrastrukturun inkişafı əsas əməkdaşlıq sahələrindən biri olmalıdır”. Nazir vurğulayıb ki, Azərbaycan hər zaman Xəzərin enerji ehtiyatlarının Qərb bazarlarına çıxarılması üçün öz tranzit imkanlarını təklif edib: "BTC layihəsinin uğurla həyata keçirilməsindən sonra biz regionda bir sıra əhəmiyyətli layihələrin təşəbbüskarı olmuşuq. Azərbaycan Cənub Qaz Dəhlizinin əsas xətləri olan Trans Anadolu Kəməri - TANAP, Bakı-Tbilisi-Qars dəmir yolu və yeni Bakı Beynəlxalq Ticarət Limanı layihələrinin həyata keçirilməsi vasitəsilə Avrasiyanın ən əhəmiyyətli regionlarını birləşdirir”.

Təcavüzkar Ermənistan regionun inkişafına maneçilik törədir

Elmar Məmmədyarov görüşdə bildirib ki, regionda sülhə və inkişafa maneələr qalmaqdadır: "Dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətin təmin edilməsinə, eləcə də regionda sülhün və stabilliyin qorunması

üçün təcavüzkar siyasətdən imtina edilməsinə ehtiyac var. Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsində uğursuzluq regionda sülh və təhlükəsizliyə, o cümlədən regional əməkdaşlığa ən böyük təhlükədir. Özünün işğalçı siyasətinə görə Ermənistan bütün regional layihələrdən kənarda qalıb”.

XİN rəhbərləri birgə bəyannamə imzalayıb

Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin 5-ci üçtərəfli görüşünün yekunu olaraq birgə bəyannamə imzalanıb. Sənədi üç ölkənin xarici işlər nazirləri imzalayıb. Nazirlər üçtərəfli regional əməkdaşlığın inkişafına sadiqliyini təsdiqləyib, nəqliyyat və enerji layihələrinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar. Bəyannamədə ikitərəfli və üçtərəfli maraqlar ifadə olunub.

İsmayıl