Ucqar kəndlərdə dərs deyən gənc müəllimlərə diqqət daha çox olmalıdır

Təəssüflər olsun ki, yerli icra hakimiyyəti orqanları və bələdiyyələr gənc müəllimlərin yaşayış sahələrinə ehtiyaclarının ödənilməsinə köməklik göstərmirlər



Son 5 ildə kənd məktəblərində yeni fəaliyyətə başlamış 11 600 müəllim üçün həvəsləndirmə tədbirləri tətbiq olunub.
Təhsil Nazirliyindən verilən məlumata görə, bu, işə yeni qəbul olunan müəllimlərin 64 faizini təşkil edib.
Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, hazırda rayon mərkəzlərindən uzaq məsafədə yerləşən kənd məktəblərində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti həmin məktəbdə davam etdirən gənc mütəxəssislərə bir sıra həvəsləndirmə tədbirləri tətbiq olunur. O, 2010-cu il aprelin 14-də Nazirlər Kabineti ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərə dair qərar qəbul etdiyini xatırladıb:

"Güzəştlər haqqında qərar "Təhsil haqqında" qanuna müvafiq olaraq qəbul edilib və onun nəzərdə tutduğu güzəştlər 2004-cü və 2006-cı illərdə də təyin edilib.

Həmin tədbirlər müəllimlərə yol, əmlakın daşınması üçün nəqliyyat xərci, ilkin yaşayış şəraitinin yaradılması məqsədilə əməkhaqqının 2 (iki) misli həcmində birdəfəlik yardım, 3 il müddətində kommunal xidmətlərini ödəmək üçün 40 manat məbləğində kompensasiya verilməsi, yaşayış sahələrinə ehtiyaclarının ödənilməsi, torpaq sahələrinin ayrılması, ipoteka kreditlərinin verilməsidir.
Rayon mərkəzindən 20 km-dən artıq məsafədə yerləşən kənd məktəbində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti həmin məktəbdə davam etdirən gənc mütəxəssislər üçün isə sadalanan həvəsləndirmə tədbirləri ilə yanaşı, hər ay əməkhaqqına 70 manat əlavə olunur”.

K.Əsədovun sözlərinə görə, ölkə prezidenti Cənab İlham Əliyevin 2013-cü ildə imzaladığı "Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda da nəzərdə tutulub ki, ucqar kənd məktəblərində işləyən müəllimlər üçün nəzərdə tutulan həvəsləndirmə tədbirləri gücləndiriləcək:

 "2020-ci ilə qədər isə həmin müəllimlərin əməkhaqqı sisteminin yaxşılaşdırılması və belə məktəblər üçün əlavə maliyyələşdirmə mexanizmi tətbiq edilməsi nəzərdə tutulur.
Mövcud qanunvericilik aktları gənc müəllimlərə geniş imkanlar versə də, təəssüflər olsun ki, yerli icra hakimiyyəti orqanları və bələdiyyələr gənc müəllimlərin yaşayış sahələrinə ehtiyaclarının ödənilməsinə, daimi məskunlaşmaq üçün torpaq sahələri ayrılmasına və ipoteka kreditlərinin verilməsinə köməklik göstərmirlər. Son illər qeyd olunan məsələlərlə bağlı müraciətlərin çox az qisminə müsbət cavab verilib.

Əlbəttə ki, güzəştlərin 35 yaşa qədər nəzərdə tutulması müəyyən narazılıqlar doğurur. Amma mən hesab edirəm ki, bunun yuxarı yaş həddinə qaldırılmasına ehtiyac yoxdur. Çünki 35 yaşına qədər ancaq sosial yardımlara meyl edənlər şəxsi inkişafdan geri qalacaqlar. Özləri fərdi inkişafda maraqlı olmayacaqlar.

Amma təklif edirəm ki, cəbhəyanı ərazilərdə yerləşən məktəblərdə çalışan müəllimlərin əmək haqqı digər dövlət orqanlarında olduğu kimi iki qat ödənsin.
Bundan başqa, rayonlarda yaşayan və işləyən kənardan gələn müəllimlər kommunal xərclərdən azad edilsin. Hesab edirəm ki, bu addımın atılması daha effektiv olardı”.

Şəymən