Uğur qazanmağın bir düsturu varmı?

Lütfü Zadə: “Mən çoxlu istedadlı adam görmüşəm ki, inadkarlığı çatışmadığından uğura nail ola bilməyib”Aqşin Yenisey: “İstedad sanki təbiətin püşkatmasıdır, onu zərurətə çevirən isə xarakterdir”
Yadigar Cəfərli:
"Uğur əldə etmək mühit və onun yaratdığı imkanlardan asılıdır”
Aqşin Evrən:
"İnsan böyük xəyallar qurmalı, öz işini sevməli və mütləq şəkildə zəhmət çəkməlidir”
Psixoloq Orxan Oruc:
"Biz kiminsə uğurlu adam olduğunu görəndə çox vaxt yalnız nəticəyə baxırıq, həmin adamın bu pilləyə necə gəlib çatması barədə düşünmürük”
Hər kəs öz fəaliyyət sahəsində böyük uğurlara imza atmaq və şan-şöhrət sahibi olmaq istəyir. Bu, həyatın yazılmamış qanunlarından biridir. Əgər kimsə "mən uğurlu olmaq istəmirəm” deyirsə, həmin adama qarşı cəmiyyətin münasibəti olmur. Belə adamlar "dəli”, ən yaxşı halda isə qeyri-səmimi biri kimi qəbul olunur.
"Uğur” dedikdə isə insanın maliyyə vəziyyəti başa düşülür. Amma əmək sahəsində əldə edilən uğurlar təkcə yüksək gəlirlərlə kifayətlənmir. Bu həmçinin insanların özünə inamını da artırır.
Bəs yaxşı nəticələr əldə edib, işlərimizin qaydasında getməsi üçün hansı prinsiplər mövcuddur?Əgər hər kəs yer üzündə eyni hüquqa malikdirsə, o zaman niyə kimimiz həyatda uğur qazanır, kimimiz də müvəffəqiyyətsiz oluruq?!
İnternetdə apardığımız kiçik araşdırma zamanı uğur qazanmağın formulu ilə rastlaşdıq. Sən demə, hər bir şəxs uğur qazanmaq üçün aşağıdakı xüsusiyyətlərə malik olmalıdır:
Mütəxəssislərin rəyinə görə, həyatda uğur qazanmaq, nəyəsə nail olmaq üçün ilk növbədə məqsədimiz aydın olmalı və irəliyə getmək üçün bu stimul bizi idarə etməlidir. Uğurlu olmaq istəyən şəxslər məqsəd və istəklərini dərhal yaxınlara və dostlara deməyə tələsməməlidir. Öncə bunu reallığa çevirib, daha sonra uğurunu onlarla bölüşməlidir.
Bir məqsəd və istəyinə nail olub dayanmamalı, qarşısına yeni-yeni "zirvələri” fəth etmək məqsədi qoymalıdır.
Elə insanlar var ki, etdiyi işdən maksimum zövq ala bilirlər, onların əhval-ruhiyyəsi həmişə yerində olur, çox xeyirxah və gülərüz insan təsiri bağışlayırlar. Məhz belə formada işləyib uğur qazanmaq mümkündür.
Uğur qazanmaq üçün həmçinin hər kəs ətrafındakı dost-tanışlara da diqqət yetirməlidir. Yaxşı dost isə insanı başladığı hər işdə dəstəkləyəcək, əlindən gəldiyi qədər ona kömək etməlidir. Əksinə, pessimist, həyatda heç bir şeyə nail olmayan insan planların alt-üst olacağını deyib mənfi fikirlər söyləyəcək. Uğur əldə etmək üçün belə insanlardan uzaq olmaq lazımdır.
Xülasə, uğur əldə etməyə çalışan hər kəs öz üzərində işləməli, məqsədinə doğru düz getməlidir. Ancaq o zaman mütləq uğur, müvəffəqiyyət qazanacaq...
Qeyd edək ki, dünya şöhrətli azərbaycanlı professor Lütfü Zadənin uğur formulunda başlıca yeri inadlılıq və məqsədə yönəlmə tutur. Onun qənaətinə görə, insan başladığı işi sona çatdıracaq qədər inadcıl olmalıdır. 
Bu barədə azərbaycanlı alim özü "UĞUR KİTABI” üçün verdiyi müsahibədə deyib. Heç vaxt özünü başqalarından üstün hesab etmədiyini vurğulayan professor hətta varlı və ya cəmiyyətdə nüfuzlu olmağa belə maraq göstərməyib. Sahib olduğu hörmətə və şöhrətə əsasən öz işinə dərin maraq sayəsində nail olub.
Onun sözlərinə görə, uğurlu biri olmaq üçün inadcıl olmaq lazımdır: "Mən uğursuzluqdan ruhdan düşməməyi öyrənmişəm. Mən işim pis dəyərləndiriləndə inciməməyi öyrənmişəm. Mənim bir faydalı məsləhətim var. Əgər kimsə sizə sərsəm olduğunuzu söyləyirsə, ona bu sözləri tərif kimi qəbul etdiyinizi deyin. Elələri var ki, hər adamın hansısa bir istedada malik olduğuna inanır. İstedadı, vergini uğura çevirmək üçün inadkar olmaq lazımdır. Mən çoxlu istedadlı adam görmüşəm ki, inadkarlığı çatışmadığından uğura nail ola bilməyib. Qibtə etmək insan təbiətinin bir hissəsi olsa da, özümü necə hiss etməyimdən asılı olmayaraq uğura nail olmuş adamı təbrik etməyi həmişə özümə borc bilmişəm”.
Şair Aqşin Yenisey isə "Şərq”in sorğusuna cavab olaraq istedadın təsadüfi fenomen olduğunu deyib. Hətta şairə görə, istedad sanki təbiətin püşkatmasıdır, onu zərurətə çevirən isə xarakterdir: 
"Dahilərin demək olar ki, hamısı xarakterli millətlərin övladlarıdır, ya da Lütfü Zadə kimi sonradan xarakterlər mühitinə düşmüş şəxslərdir. Xalq öz övladlarına istedad verə bilməz, bəlkə də, amma tərbiyə vasitəsilə xarakter verməyə nail ola bilər. Mən ağlım söz kəsəndən yaşadığım mühitlərdə xaraktersizliklə mübarizə aparmışam. Buna görə ailədə işgəncələrlə, cəmiyyətdə təhqirlərlə üzləşmişəm. Yazdığım cümlənin, misranın uğuru bu mübarizənin nəticəsidir. Şəxsi həyatımdakı uğursuzluqların bütünü də bu mübarizədən qaynaqlanır. İnsan şəxsiyyət olduğunu unutmamalıdır, şəxsiyyətini milyonların və milyonçuların istək və arzularından qorumalıdır, hətta onu öz kitabında qulu adlandıran Allahdan da!”
Filologiya elmləri namizədi Yadigar Cəfərli isə hesab edir ki, uğur əldə etmək mühit və onun yaratdığı imkanlardan asılıdır: 
"Uğur qazanmaq üçün vacib olan amillərin müəyyən qismi insanın mühitindən asılıdır. Digər qismi fərdin özünə bağlıdır. Sosial mühit, çevrə, burada insanın tapdığı imkanlar çox əhəmiyyətlidir. Mühit uğur üçün ən əsas olanı - məqsədi, ona doğru aparan effektiv yolları, başqalarının təcrübəsini göstərir və ilkin imkanları təmin edir. Amma nəzərə almaq lazımdır ki, hətta ən ideal mühit də sadəcə bir başlanğıcdır. Bu başlanğıcdan necə faydalanmaq insanın özünə bağlıdır.
İnsanın özündən asılı amilləri isə belə sıralayardım: öz məqsədini görə bilmək, aldığın nəfəs, içdiyin su kimi taleyinin də o məqsəddən asılı olduğunu hiss etmək və gərgin zəhmətlə hər gün o məqsədə doğru bir addım atmaq”.
Gənc şair Aqşin Evrənin isə uğur qazanmaqla bağlı qızıl üçbucaq düsturu var: 
"Xəyal qurmaq, sənətini sevmək və dayanmadan çalışmaq. İnsan böyük xəyallar qurmalı, öz işini sevməli və mütləq şəkildə zəhmət çəkməlidir. Uğur psixologiyası müxtəlif ölkələrə görə dəyişir. Tutaq ki, biz Suriya, Somali kimi ölkələrdə yaşasaq, bizim üçün uğur həyatda qalmaqdan ibarət ola bilər. Yəni faciəvi günlər yaşayan ölkələrdə ən böyük uğur sağ qalmaqdır. Yaxud da Norveçdə uğur öz sahən üzrə ən yüksək mərtəbəyə qalxmaqdır. Azərbaycanda isə uğur qazanmaq üçün xeyli xarici dil, əsas da Norveç dilini öyrənmək lazımdır”.
"Gənc Psixoloqlar” İctimai Birliyinin sədri, psixoloq Orxan Oruc isə deyib ki, hamının bu həyatda uğur qazanması mümkün deyil. O zaman heç uğur sözünə ehtiyac qalmazdı.
Psixoloqun sözlərinə görə, istedadı uğura çevirmək insanların özlərinin uğur anlayışına yanaşmasından asılıdır. Azərbaycan reallığında uğurlu insan kimi tanıdığımız birisi hansısa bir ölkədə adi biri də sayıla bilər: 
"Uğur anlayışı dövrlərə görə də dəyişə bilir. Əgər 13-14-cü əsrlərdə qılıncdan məharətlə istifadə edən insanlar uğurlu hesab olunurdusa, müasir dövrdə daha çox marketinq bacarığı olan insanlara diqqət artıb. İnsanlar var ki, sahib olduqları bacarıqları onların yaşadıqları dövrlə uzlaşmır deyə istedadını uğura çevirə bilmir. Bu da yaşadığı cəmiyyətin onun potensialı ilə uzlaşmaması səbəbindən baş verir. Hətta Lütfü Zadə 15-ci əsrdə yaşamış olsaydı, onun elədiyi kəşflər bu qədər şöhrət qazandırmazdı. Amma onun yaşadığı dövrlə istedadı uzlaşdığı üçün dünya şöhrətli alim səviyyəsinə yüksələ bildi”.
Orxan Orucun sözlərinə görə, elə insanlar var ki, uğur haqqında düşünmədiyi halda təsadüfən şöhrət sahibi olur. Elə insanlar da var ki, tanınmaq, öz istedadını ətrafındakı insanlara, dünyaya göstərmək üçün gecə-gündüz çalışır, amma buna heç vaxt nail ola bilmir: 
"Əslində uğurlar təbii və süni olmaqla iki yerə bölünür. Bunu isə dəyərləndirmək insanların öz əlindədir. Biz kiminsə uğurlu iş adamı olduğunu görəndə çox vaxt yalnız nəticəyə baxırıq, həmin adamın bu pilləyə necə gəlib çatması barədə düşünmürük. Həyatda uğur qazanmaq, nəyəsə nail olmaq üçün ilk növbədə hər kəsin konkret məqsədi olmalı və irəliyə getmək stimulu onu idarə etməlidir”.
Şəymən