Əsas məsələ odur ki, orada vətəndaşlarımızın təhlükəsizliyini qorumaq lazımdır
Ukraynada azərbaycanlı tələbə qətlə yetirilib. APA-nın məlumatına görə, hadisə sentyabrın 27-də Kiyev şəhərində qeydə alınıb. Zaqatala rayon sakini, 22 yaşlı Məhəmməd Amil oğlu Səfərəliyev naməlum şəxslər tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
Qeyd edək ki, M. Səfərəliyev Ukraynada ali təhsil alırmış.
Azərbaycanlı tələbə Məhəmməd Səfərəliyevin Krımın Simferopol şəhərində öldürülməsi ilə bağlı yeni məlumatlar üzə çıxıb. M. Səfərəliyevin qardaşı Ramin Səfərəliyev APA-ya bildirib ki, hadisə sentyabrın 26-ı axşam Simferopolda baş verib.
Simferopoldakı ali məktəblərdən birinin yuxarı kurs tələbəsi olan M. Səfərəliyevin iranlılar tərəfindən öldürüldüyü bildirilir. M. Səfərəliyevə arxadan çoxlu bıçaq zərbəsi vurulub, o, aldığı zərbələrdən dünyasını dəyişib.
M. Səfərəliyevin meyitinin bu gün Azərbaycana gətirilməsi nəzərdə tutulur.
Məsələ ilə bağlı Azərbaycanın Ukraynadakı səfirliyindən münasibət öyrənmək mümkün olmayıb.
Krımın Simferopol şəhərində öldürülən azərbaycanlı tələbə Məhəmməd Səfərəliyevin qatilinin kimliyi və hadisənin səbəbi məlum olub.
Krım Azərbaycanlıları Gənclər Təşkilatının rəhbəri Firudin OrucovAPA-ya bildirib ki, artıq hadisəni törətməkdə şübhəli bilinən şəxsi Simferopol polisi yaxalayıb. Saxlanılan şəxs Krım Federal Universitetinin Fəlsəfə fakültəsinin I kurs tələbəsi, İran İslam Respublikasının vətəndaşı, 1981-ci il təvəllüdlü Məhəmməd Şahdır. M. Səfərəliyev isə həmin universitetin Hüquq fakültəsinin magistratura pilləsində təhsil alıb, Məhəmməd Şah ilə eyni yataqxanada qalıb: "Təxminən bir ay əvvəl iranlı tələbənin otağında onlar arasında mübahisə yaranıb, gənclər əlbəyaxa olublar. İstintaqın versiyasına görə, buna səbəb iranlı tələbənin azərbaycanlı tələbənin yataqxanadakı otağını zəbt etməsidir. Növbəti dəfə də eyni səbəbdən onlar arasında mübahisə yaranıb və iranlı tələbə Məhəmmədə arxadan bıçaqla bir neçə zərbə endirib. Ağır xəsarət alan həmyerlimiz ölüb”.
Hazırda Krım Federal Tədqiqat Xidmətinin Simferopol Şöbəsi və Daxili İşlər Nazirliyinin Şəhər Şöbəsi birgə istintaq qrupu yaradıb. Hadisə ilə bağlı etnik zəmində hər hansı insidentin baş verməməsi üçün tədbirlər görülür.
Ukraynada xaos var, qanunlar işləmir
Məsələyə münasibət bildirən kriminalist-ekspert İlqar Altay qeyd edib ki, ümumiyyətlə hazırda Ukraynada vəziyyət çox qarışıb: "Aldığımız xəbərlərdən də görürük ki, orada Ali Rada səviyyəsində dava-dalaş gedir. Deputatlar, nazirlər biri-birinin üstünə hücum çəkir. Dövlətin özü hələ möhkəmlənməyib. Ukraynanın özündə xaos yaşanır. Belə bir vəziyyətdə olan ölkədə biznes qurmaq elə də asan məsələ deyil. Çünki Ukraynada qanunlar o dərəcədə işləmir. Özbaşınalıqlar çoxdur. Müxtəlif hərbi birləşmələr var. Dövlət rəhbərliyi öz əlinə ala bilmir. Sabitlik yarada bilmir. Yaxşı olar ki, bizim biznesmenlər ora getməsinlər. Amma artıq ora gedib çıxıblar. Hazırkı məqam üçün əsas məsələ odur ki, orada vətəndaşlarımızın təhlükəsizliyini qorumaq lazımdır. Ona görə də bizim diaspora bu işə ciddi maraq ayırmalıdır. Cəmiyyət öz fikirlərini bildirməlidir. Media öz münasibətini bildirməlidir. Bizim orada səfirliyimiz fəaliyyət göstərir. Dövlət səviyyəsində də təsirli tədbirlər görülməlidir. Hesab edirəm ki, Ukraynanın buradakı səfirliyi çağırılmalıdır. Bizim oradakı soydaşlarımız qorunmalıdır. Doğrudan da ordakı şərait gözlənilməz bir həddə çatıb. Diasporumuz da müəyyən işlər görməlidir”.
Ekspertin qənaətincə, azərbaycanlılara qarşı törədilən qətllərin arxasında Ukraynadakı ermənipərəst qüvvələrin "əl”i var: "Xüsusən də bu işlərin arxasında Ukraynanın erməni əsilli daxili işlər naziri Avakov durur. Avakov normal insan deyil. Mafiozun biridir. Dövlətdə, silahlı qruplaşmalarda və kriminal aləmdə dayaqları var. Ona görə də ona təsir edə bilmirlər. Vəzifədən çıxara bilmirlər. Hazırda Ukraynada bir neçə hakimiyyətlilik yaranıb. Qətllərin qarşısını kim almalıdır? Ukrayna Daxili İşlər Nazirliyi. Bu ölkədə də həmin qurumun başında dayanan ermənidir. Ukraynalıların özləri belə ondan canlarını qurtara bilmirlər. Hər halda ona Ukrayna Prezidenti səviyyəsində təsir göstərilməsi üçün tədbirlər görməliyik. Azərbaycan bu işdə öz qəti addımlarını atmalıdır və vətəndaşlarını qorumalıdır”.
Ayyət Əhməd