Ukraynada mənzərə dəyişir

Yatsenyuk istefa verdi, siyasi vəziyyət kəskinləşəcək




Ukrayna Baş naziri Arseniy Yatsenyuk yeni hökumətin formalaşdırılmasına yol açılması üçün istefaya getdiyini bəyan edib. Məlumatın yayılmasında maraqlı olan Rusiya mətbuatı Baş nazirin bu addımını "siyasi alverdən yorulub istefa verdi” kimi yozub.

Məlumat üçün bildirək ki, Yatsenyukun kabineti fevral ayındakı etibarsızlıq səsverməsindən üzüağ çıxsa da, artıq iki partiya hakim koalisiyanı tərk edib. Ötən müddət ərzində Yatsenyuk ölkənin pisləşən iqtisadiyyatı və islahatların asta getməsinə görə sərt tənqidlərə məruz qalıb. Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Baş nazirin istefasını "qələbə” kimi dəyərləndirib: "Yatsenyukun istefa ərizəsini Ukrayna Prezidentinə gətirəndə mən onunla görüşdə idim. Bu bizim mübarizəmizin verdiyi ilk nəticədir”. Xatırladaq ki, Saakaşvili ilə Yatsenyuk arasında qarşıdurma bir neçə aydır davam edirdi. Baş nazirin istefa qərarı ilə bağlı "Şərq”ə açıqlama verən politoloq İlqar Vəlizadə deyib ki, Yatsenyukun getməsi Ukraynadakı mövcud hakim koalisiyasını sarsıdacaq: "Çox güman ki, yaxın günlərdə ölkədəki digər qruplar növbədənkənar yeni parlament seçkisi tələbi ilə çıxış edəcəklər. Real vəziyyət budur ki, hazırda Ukraynanın siyasi palitrasında aparıcı qüvvə yoxdur. Belə bir vəziyyətdə mövcud siyasi qruplar, partiyalar danışıqlara gedərək yeni koalisiya müzakirələrinə başlaya bilərlər. Artıq bu prosesə start verilib. Təbii ki, burada yeganə rəqib Saakaşvili deyil. Eyni zamanda "Batkivşina” partiyasının sədri Yuliya Timoşenka və "Samapomoş” blokunun lideri, Lvov şəhərinin meri Anatoli Sadoviy də hakimiyyətə yiyələnmək üçün məqam gözləyirlər. Saakaşvili öz mövqeyini qorumaq və gücləndirmək üçün ya Timoşenka ilə danışığa getməlidir, ya da Ukrayna siyasətinə təsir edən nüfuzlu iş adamları ilə dil tapmalıdır”. Siyasi ekspert Poroşenkonun vəziyyətinin çox pis olduğunu deyib: "Baş nazirin istefasından sonra nazirlər kabinetinin bütün işləri başlı-başına qalıb. Yiyəsiz kabinet kifayət qədər effektli fəaliyyət göstərə bilməyəcək. Bundan irəli gələn bütün problemlər isə Poroşenkonun reytinqinə mənfi təsir göstərəcək”.

İsmayıl