Universitetlərdə yerlər boş qalıb

Test üsulunun ləğv edilməsinin ortaya atılması boş qalan plan yerlərini doldurmaq üçündür



Azərbaycanda test imtahanlarının ləğvi məsələsi yenidən aktuallaşıb. Daha doğrusu, təhsil naziri Mikayıl Cabbarovun Azərbaycanda test sisteminin 3 il sonra ləğv oluna biləcəyi barədəki fikirləri cəmiyyətdə geniş rezonans doğurub. "Test kasıblar üçündür, indi də kasıbın çörəyini kəsmək istəyirlər” ifadəsi az qala günün aforizminə çevrilib. Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarov ANS-in "Hesabat” verilişində test imtahanının forması əmək bazarında tələb olunan müasir, uğurlu məzunun bir sıra kompetensiyalarını ölçmək qabiliyyətinə malik olmadığını deyib. Təhsil nazirinin sözlərinə görə, test imtahanlarının forma ilə məzmunu biri-birindən fərqləndirilməlidir: "Bu imtahanın əsas üstünlüyü insan faktorundan asılılığın minimal olmasıdır. Qiymətləndirmə prosesi faktiki olaraq insan faktorundan asılı olmayaraq həyata keçirilir və bu, böyük üstünlükdür. Bununla Azərbaycan kontekstində obyektivlik təmin edilir”. M.Cabbarov bildirib ki, digər tərəfdən imtahanın yığcam olması, bir gün ərzində təhsil proqramının məzmununun qiymətləndirilməsi də üstünlük sayılır, ancaq təbii olaraq gələcəkdə bu sahəyə yenidən baxılmalıdır. Zəruri kompetensiyalar qiymətləndirmədə əks olunmalıdır: "Hazırkı imtahanın forması əmək bazarında tələb olunan müasir, uğurlu məzunun əldə olunması üçün bir sıra kompetensiyaları ölçmür və yaxud ölçmək qabiliyyətinə malik deyil. Nitq, ritorika, yazı vərdişlərini, hər hansı seçim variantları ilə məhdudlaşmayan düşüncə, tənqidi düşünmək tərzini özündə əks etdirən sualların olması daha yaxşı olardı”.Təhsil naziri vurğulayıb ki, testin daha bir çatışmazlığı məzunun gələcəyinin, taleyinin 3 saatlıq imtahanda həll olunmasıdır: "Və o imtahan ildə bir dəfə keçirilir. İmtahan verənlərin oxu vərdişləri, yazı, fikri ifadə edə bilmək vərdişləri ilə bağlı imtahan sisteminin tətbiqi istiqamətində TQDK sədri Məleykə Abbaszadə ilə faydalı müzakirələr gedir. Növbəti 2-3 ildə test imtahanının formasında dəyişiklik gözlənilməsə də, sonrakı dövrdə həm forması, həm də məzmunu dəyişilməlidir. 3-4 il ərzində ali təhsil müəssisəsini bitirən tələbənin bilikləri testlə ölçülə bilməz. Onların biliklərinin qiymətləndirilməsi üçün yeni alətlər lazımdır və hazırda yeni qiymətləndirmə standartları ilə bağlı fəaliyyət həyata keçirilir. Burda qorxulu şey yoxdur və həmin standartlar həyata keçirilməlidir. Sadəcə belə bir qərar bir gün, ya bir il ərzində qəbul oluna bilməz”.

Sosial şəbəkələrdə bu fikrə etiraz edənlər test sisteminin ləğvinin yoxsul övladlarının ali təhsil müəssisələrinə qəbulunda problemlər yaradacağını bildiriblər. Təbii ki, əks fikirdə olanlar da yox deyil.

Tanınmış jurnalist Xəqani Səfəroğlu öz feysbuk hesabında belə yazıb: "Ay camaat, test sisteminin ləğv olunmasına imkan verməyin! Övladlarınızın və ölkənizin gələcəyini rüşvətxor təhsil mafiyasına qurban etməyin... Test sistemi AXC hökumətinin təhsil sahəsində ən böyük və möhtəşəm islahatı idi. 100 minlərlə savadlı gənc bir qəpik rüşvət vermədən ali məktəbə daxil oldular. Xalq bu islahatın nəticəsini öz evində hiss elədi”.

İqtisadçı Qadir İbrahimli: "Son 25 ilin barmaqla sayılacaq qədər azsaylı uğurlu təsisatlarından olan test sisteminin ləğvi artıq reallaşma mərhələsindədir. Bu gün Azərbaycan təhsilini məhv etməyə qoymayan yeganə təsisat da elə test sistemidir. Bu dayağı da Mikayıl Cabbarov təhsil mafiyasının təzyiqi ilə uçurtmağa hazırlaşır”.

Gənc alim Yusif Alı Əfşar: "Amandır, test imtahanına dəyməyin, cənab Nazir!

Ümid yeri kimi qalan yeganə çıxış yoludur kasıb-kusubun...”

Yazar Dilqəm Əhməd: "Şübhəsiz ki, test üsulu ideal üsul deyil, mən bildiyim qədər o vaxtı bunu müvəqqəti dönəm üçün qəbul etmişdilər. Fəqət Azərbaycan üçün ən ideal üsul hələ ki budur”.

"Azvision.az” xəbər portalının baş redaktoru Vüsal Məmmədov isə tamamilə test imtahanlarının ləğvinin tərəfdarıdır: "Test imtahanı ilə bağlı nə etmək lazımdır, onu bilmirəm, amma bunu dəqiq bilirəm ki, indiki şəkildə test imtahanı nəticəsində olduqca savadsız bir gənc nəsil yetişib. 9-10-cu sinifdən başlayaraq heç nə oxumayan, "testə hazırlaşmaq” adı ilə məktəbin yolunu unudub, repetitorlardan çox dar əhatəli bilik alan insanlarla uzağa getmək olmaz. Bu durum təcili dəyişməlidir”.

Azərbaycanın keçmiş təhsil naziri Firudin Cəlilov da Mikayıl Cabbarovun tərəfdarı olduğunu bildirib. O deyib ki, ölkədə test sistemi tətbiq edilərkən bir neçə ildən sonra onun ləğvi nəzərdə tutulub. "Biz test sistemini tətbiq edəndə nəzərdə tutmuşduq ki, bir neçə ildən sonra, işlər qaydasına düşəndə o üsul ləğv olunmalıdır, ümumiyyətlə imtahan ləğv edilməlidir”.

İrəliyə getməyin vacib olduğunu deyən keçmiş nazir indiki şəraitdə test sisteminin ləğvi ilə rüşvətlə oxuyanların sayının artacağını vurğulayıb: "Təbii ki, pulla övladlarını oxutmaq istəyənlər olacaq. Amma irəli getmək lazımdır”.

Təhsil eksperti Məlahət Mürşüdlü deyib ki, bu qayda inkişaf etmiş Avropa ölkələrində çoxdan tətbiq edilir: "Bizdə 1980-ci illərdə belə bir təcrübə olub. Şotlandiya, Böyük Britaniya, Almaniya təcrübəsindən bəhrələnərək Azərbaycan mühitinə uyğunlaşdırılmış bir sistem yaradılıb. Həmin qayda ilə də attestat qiyməti ilə ali məktəblərə qəbul həyata keçirilirdi və müstəqillik qazandıqdan sonra 1990-cı illərdə qaydalar ləğv edilib. Düşünürəm ki, bu sahədə təcrübə artıq mövcuddur. Azərbaycanın ali məktəblərində həmin qaydada qəbulun həyata keçirilməsi qanunda da yazılıb. Lakin bu istiqamətdə ciddi müzakirələr aparılmalıdır. Layihə ilə bağlı ciddi işlərin görülməsinə ehtiyac var, çünki proseslər qeyri-obyektivliyə, məzunların hüquqlarının tapdanmasına səbəb olmamalıdır. Həmin qanun layihəsi elə işlənməlidir ki, gələcəkdə problemlər yaratmasın. Bu istiqamətdə ciddi təcrübələr var. Bu təcrübələrdən irəli gedərək Azərbaycan mühitinə uyğunlaşdırmalar aparılmalıdır”.

Psixoloq Asəf Kərimov isə bildirdi ki, imtahan birinci növbədə şagirdin biliyini öyrənməyə istiqamətlənir. Sadəcə bizdə problem ondadır ki, test üsulu əvvəlindən şagirdin imkanlarını yox, məhz korrupsiyanın qarşısını almaqdan ötrü tətbiq olundu: "Test üsulu uğurlu seçimdir. Amma bəzi məqamlarda test üsulunun bəzi zəiflikləri də var. Test ilk növbədə şagirdlərin yalnız yaddaşda olan biliklərini öyrənir. Təfəkkürün inkişafı ilə bağlı məntiqi testlər də var, mürəkkəb suallar da qoyulur. Lakin istənilən halda ilk növbədə bu, yaddaşda, hafizədə olan biliklərin müəyyən olunmasına yönəldilir. Qaldı ki, şagirdin qabiliyyətlərinin öyrənilməsinə, söhbət təkcə təfəkkür qabiliyyətlərinin, müzakirə, mübahisə, ümumiləşdirmə deyil, digər qabiliyyətlərdə - şifahi nitq, eyni zamanda insanın özünü ifadə etmək tərzi bütün bunlar test imtahanında öz əksini tapmır. Düzdür, hazırda qabiliyyət imtahanları keçirilir. Lakin bu, tam şəkildə insanın imkanlarını ortaya çıxarmır. Deyək ki, jurnalistikaya gedən insanın yazılı və şifahi nitqi gözəl olmalıdır ki, jurnalist kimi işləyə bilsin”. Psixoloqun fikrincə, test üsulu şagirdin ümumi dünyagörüşünün açılmasına da imkan vermir. Məsələn, ədəbiyyat, incəsənət, dünyada gedən siyasi proseslərlə bağlı dünyagörüşünü açmağa imkan vermir. Yaddaşda olan bilikləri tam şəkildə öyrənməyə imkan verən test üsulunun daha bir üstün cəhəti psixoloqa görə şagirdin vərəqlə birbaşa öz-özlüyündə qalmasıdır: "Burada da imtahan həyəcanı ola bilər. Bu, şagirdin psixoloji hazırlığından asılıdır. Test imtahanında çox gözəl nəticələr verib yüksək balla ali məktəbə qəbul olan, lakin sonradan özünü təsdiq edə bilməyən insanlar da var. Bunu da nəzərə almaq lazımdır. Test üsulunun mənfi xüsusiyyətlərindən biri də odur ki, imtahanlar proqrama əsaslansa da, mövcud təhsil sistemini nəzərə almır. İmtahan ildən-ilə çətinləşdirilir”. A.Kərimov hesab edir ki, imtahana əlavələr etmək, qabiliyyət imtahanlarını daha fərqli şəkildə həyata keçirmək olar. Onun sözlərinə görə, qabiliyyət imtahanlarında ixtisasların seçimi zamanı təzyiqlər olur ki, bu da adı keçən sahədə kifayət qədər problemlərin olduğunu göstərir: "Birmənalı şəkildə deyirəm ki, qabiliyyət imtahanları korrupsiyadan azad olunmayıb. Faktiki olaraq abituriyentin qabiliyyətini tam şəkildə açıqlamağa da imkan vermir. Amma hazırkı durumda Azərbaycan üçün elə ən real imtahan üsulu test üsuludur. İstər-istəməz korrupsiyanın qarşısını alır”.

Test üsulunun tətbiqində əməyi olan professor Firudin Cəlilov isə bildirdi ki, vaxtilə planında test üsulu tətbiq olunanda bir-iki ilə, qəbul imtahanlarını səhmana saldıqdan sonra ümumiyyətlə imtahanları ləğv etmək olub: "Ümumiyyətlə, qəbul imtahanlarını ləğv etmək lazımdır. Bunun inkişaf etmiş ölkələrdə örnəkləri var. Gedib onlardan öyrənmək lazımdır. Ümumi prinsip belədir ki, kim haranı istəyir sənədlərini verir, əgər orta məktəbdə aldığı qiymətlərə uyğun gəlirsə, məktəbə qəbul edilir. Və tələbə kimi bir semestr oxuyur. Semestrin sonunda artıq imtahan verib, müəyyən bal yığmalıdır. Əgər o balı yığa bildisə, qalıb oxuyur, yığa bilmirsə, artıq təhsilini davam etdirə bilməz. Mən bu prinsipin tərəfdarıyam. Amma indi hadisələrin içində olmadığımdan nə etmək istədiklərini də bilmirəm”.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da hesab edir ki, test imtahanlarının ləğvi labüddür: "Əgər biz Avropaya inteqrasiyadan bəhs ediriksə, qərbin təhsil, səhiyyə, sosial təminat modellərini də qəbul etməliyik. Qərb ölkələri isə qəbul imtahanlarında imtahan modelindən çoxdan imtina edib. Ali məktəblərə tələbələr orta məktəblərdə əldə etdikləri nəticələr hesabına qəbul edilir. Təhsilini davam etdirib-etdirməmək artıq həmin tələbənin ali məktəbdə göstərdiyi akademik göstəricilərlə müəyyənləşir. Şəxsən mən test imtahanlarının ona görə əleyhinəyəm ki, imtahan stressi yaxşı oxuyan abituriyentlərin belə həyəcanlanıb zəif nəticələr göstərməsinə səbəb olur. Bunun da səbəbi imtahan xofu olan abituriyentlərin psixoloji gərginlik keçirməsi və emosiyalara qapılmasıdır. Sonradan bu uşaq orta məktəbdə əlaçı olduğunu heç kəsə sübut da edə bilmir. Amma orta məktəbdə dərs deyən müəllimlər kimin "qab”ında nə olduğunu çox gözəl bilir. Bu mənada ali məktəblərə qəbulun orta məktəblərdə topladığı nəticələrə görə müəyyənləşməsi müsbət addım olar”.

"Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev isə hesab edir ki, test sisteminin ləğvi Azərbaycan təhsilinin uçurumun dibinə enməsi deməkdir: "Sovet dövründə ali məktəblərə qəbul ancaq pul və tanışlıqla mümkün idi. Hətta bu hal kütləvi xarakter almışdı. Hətta bunun mənfi təsirləri təhsil müddətində də özünü göstərməkdə idi. Həmin vaxtlarda Azərbaycanda qurulan milli hökumət bu prosesin qarşısını almaq üçün test sisteminin tətbiqinə başladı. Və biz bu sistemin effektivliyini gördük”.

M.Əliyevin sözlərinə görə, test üsulunun ləğvi universitetlərdə boş qalan yerləri doldurmaq üçündür: "Son illər keçirilən test imtahanlarının nəticələri göstərir ki, Azərbaycanda təhsilin səviyyəsi xeyli dərəcədə aşağı düşüb. Bu məsələ zaman-zaman ekspertlərin iştirakı ilə mediada müzakirə predmetinə çevrildiyi üçün detallara varmaq istəmirəm. Yəni, problem və onu doğuran səbəblər artıq hər kəsə bəllidir. Orta məktəb şagirdlərinin bilik səviyyəsi aşağı düşdüyü üçün abituriyentlər qəbul imtahanında yetərli nəticəni göstərə bilmir. Nəticədə isə universitetlərdə yerlər boş qalır. Bu, ali məktəblər üçün ciddi maliyyə itkisi olduğu üçün boş qalan plan yerlərinə ikinci turla qəbul keçirib, keçid ballarını aşağı salırlar. Görünür, artıq bu mərhələ də problemlərin həllinə kifayət etmədiyi üçün test sisteminin ləğvinə göz dikiblər. Burda əsas məqsədlərdən biri də ölkədə təhsilin səviyyəsinin aşağı olduğunu ört-basdır etməkdən ibarətdir. Çünki test imtahanları şagirdlərin bilik səviyyəsini aşkaranə və obyektiv şəkildə ictimaiyyətə göstərir. Bu isə onları narahat edir”.

M.Əliyevin sözlərinə görə, indiki situasiyada test imtahanlarının ləğv edilməsi təhsilin səviyyəsinin daha da düşməsi prosesini sürətləndirəcək və dərinləşdirəcək.

Şəymən