Uşağın itlə təmasına yol verilməməlidir

Elə mikroblar var ki, sonradan qızlarda, oğlanlarda problemlər yaradır



Xəbər saytlarında 4 yaşlı uşağın küçüyün qulağını dişləməsi videosu yayılıb. Yayılmış videodan görünür ki, kiçik yaşlı bir uşaq küçüyü qucağında saxlamağa cəhd edir, küçük isə uşağın qollarının arasından çıxmağa çalışır. Uşaq isə iti buraxmaq istəmir və küçüyün qulağını dişləyir. Arxada dayanmış başqa bir uşaq isə küçüyü balaca oğlanın əsarətindən xilas etməyə çalışır. Küçük bir təhər oğlanın dişindən canını qurtarırsa da, oğlan küçükdən əl çəkmək istəmir.

Bu video kiçik yaşlı uşaqların heyvanlarla təması məsələsini gündəmə gətirib. Adətən, itlərin adamları dişləməsi hadisələri baş verir. Bu dəfə isə əksinə olub. Adam - uşaq iti dişləyib. Videodan belə anlaşılır ki, balaca oğlan itlə oynamaq istəyir, görünür, küçüyü çox sevimli bilib, bəlkə də onu öpməyə çalışır, amma öpüş dişləmə ilə əvəzlənir. Videoda küçüyün çırpındığı, hətta ağrıdığı görünür. Belə vəziyyət kiçik yaşlı uşaqlar üçün nə dərəcədə təhlükəsizdir?

Respublika Taun Əleyhinə Stansiyanın direktor müavini Şaiq Qurbanov "Şərq”ə açıqlamasında təkcə kiçik yaşlı uşaqlar deyil, ümumiyyətlə bütün insanların heyvanlarla təmasda ehtiyatlı və diqqətli olmalarının vacibliyini vurğuladı:

- Adətən, itlərin insanlara hücumu, it dişləmələri haqqında məlumatlar alırıq. Əlbəttə, bu, çox təhlükəlidir, çünki quduzluq xəstəliyinin yaranmasına səbəb olur. Belə hallar baş verdikdə təbii ki, it dişləməsinə məruz qalmış şəxs dərhal xəstəxanaya çatdırılmalı, həkim müayinəsindən keçməli və həmin şəxsə quduzluq əleyhinə vaksinlər vurulmalıdır. Quduzluq ağır infeksiyadır və hətta insan ölümü ilə də nəticələnir. Amma bu dəfə qəribə bir hadisə baş verib. İt insanı deyil, insan iti dişləyib. Doğrusu, mənə çox maraqlı və məzəli gəldi. Şübhəsiz, o uşaq itlə oynamaq istəyir, küçüyü çox istədiyindən, sevdiyindən dişləyib. Uşaq nə etdiyinin təbii ki, fərqində deyil. İstər itlər olsun, istər pişiklər, küçük, bala vaxtı çox cəlbedici, sevimli olurlar. Uşaqlarsa xüsusilə it, pişik saxlamağa meyilli olur, onlarla oynamağı, əylənməyi sevirlər. 

Amma əlbəttə ki, uşağın sağlamlığı hər şeydən öndədir. Valideynlər uşaqlara ciddi nəzarət etməli, uşaqların küçə itləri ilə yaxın təmasına izin verilməməlidir. Çünki küçə itlərində müxtəlif mikroblar, bakteriyalar mövcud ola bilər. Bu mikroblar uşaqların sağlamlığına ciddi təhlükə yaratmasa da, yuxarı yaşlarda özünü göstərə bilər. Məsələn, həkimlər həmişə valideynləri xəbərdar edir ki, körpələri itlə, pişiklə yaxın təmasdan gözləsinlər. İt və ya pişik evdə saxlanılırsa, vaxtlı-vaxtında vaksinasiya etdirilirsə, heç bir qorxusu yoxdur. Amma sahibsiz heyvanlar, küçələrdə qarşımıza çıxan itlər, pişiklərdə hər hansı bakteriyaların ola biləcəyi ehtimalı böyükdür. Elə mikroblar var ki, sonradan qızlarda, oğlanlarda problemlər yaradır. Toksoplazmoz, xlamidiya kimi mikroblar sonsuzluğa da səbəb ola bilir. Kənd yerlərində uşaqlar mal-qara ilə yaxın təmasda olur. Nəticədə bəzən görürük ki, uşaqda və ya yaşlı adamda brüselyoz xəstəliyi tapılır. Buna görə də istənilən halda heyvanlarla təmasda olan şəxs gigiyena qaydalarına ciddi riayət etməlidir. Birincisi, heyvanlar, istər mal-qara olsun, istərsə də it və ya pişik vaxtlı-vaxtında baytar, veterenar nəzarətindən keçirilməli, vaksinasiya olunmalıdır.

Məlahət Rzayeva