Uşaq hüquqları daha çox televiziya və saytlarda pozulur

Qanuna dəyişikliklər KİV-in işini məhdudlaşdırmayacaq, əksinə məsuliyyəti artıracaq



(Əvvəli ötən sayımızda)

Milli Məclisin Mədəniyyət komitəsinin iclasında "Kütləvi informasiya vasitələri haqqında” qanuna əlavə və dəyişiklik müzakirəyə çıxarılıb. 
Komitə sədri Rəfael Hüseynovun təqdim etdiyi layihədə qanunun 11-ci maddəsinə (İnformasiyanın yayılmasına, informasiya mənbəyinin açıqlanmasına yol verilməyən xüsusi hallar) əlavə olunan bəndə görə, "Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada tərtib edilən və "İnformasiya əldə etmək haqqında” qanuna uyğun olaraq sənədləşdirilmiş informasiya hesab edilən cinayət təqibi üzrə icraat materiallarının surətlərinin olduğu kimi yayılmasına yol verilməyəcək.
Maddənin 4-cü bəndi isə dəyişdirilərək belə verilir: "Yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yaymasına yol verilmir”. Bəndin hazırda qüvvədə olan variantı isə belədir: "Cinayət etməkdə təqsirləndirilən yetkinlik yaşına çatmayanların və ya qanuni nümayəndələrinin razılığı olmadan onların şəxsiyyəti barədə hər hansı məlumatı yaymasına yol verilmir”.
R.Hüseynovun sözərinə görə, belə bir əlavə və dəyişikliklərdə məqsəd bəzən mətbuat vasitələrində hər hansı məlumatın vaxtından əvvəl, şişirdilmiş formada verilərək mövzunun daha arzuolunmaz nəticəyə çatmasının qarşısını almaqdır, bütün hallarda KİV-in işini məhdudlaşdırmaq demək deyil.
Qeyd edək ki, layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin sözlərinə görə, uşaqların hüquqları ən çox ailə problemlərinə həsr olunmuş verilişlərdə pozulurdu. Bir müddət əvvələ qədər bu cür verilişlərin efir məkanını zəbt etdiyini vurğulayan ekspert vəziyyətin nisbətən yaxşılaşdığını deyib:

 "Ailə problemlərinin azyaşlıların iştirakı ilə müzakirə edilməsi onların psixoloji travma alması ilə nəticələnir. Uşaqlar valideynləri arasındakı münaqişələrin iştirakçısına çevrilirlər”. Kəmalə Ağazadə onu da bildirib ki, telekanallarda bu sayaq verilişlərdə dövlət qurumunun hüquqşünasının gözü qarşısında uşağa qarşı psixoloji zorakılıq baş verir, o isə danışmır. Ekspert onu da bildirib ki, istər ailədə, istərsə də cəmiyyətdə uşaqların zorakılığa məruz qalması hallarına rast gəlinir: "Düzdür, dövlət hər bir uşağın mənafeyini yüksək tutur və onu müdafiə edir. Azərbaycanda ailə, qadın və uşaq problemləri ilə məşğul olan Xüsusi Dövlət Komitəsi də fəaliyyət göstərir. Lakin bütün bunlara baxmayaraq, ölkədə zorakılığa məruz qalan kifayət qədər uşaq var. Bunun günahı isə ailələrlə yanaşı, həm də cəmiyyətdədir”.

Uşaq Hüquqları Klinikası idarə heyətinin sədri Nazir Quliyev də uşaqlardan istifadə edib reytinq qazanmağı doğru saymır: 
"Medianın rolundan biri də uşaq hüquqlarının müdafiəsidir. Ancaq bu sahədə, hansısa uşaqların problemlərindən istifadə edib, verilişin reytinqini, yazıların oxunaqlığını artırmaq cəmiyyətə informasiya sırımaq nə beynəlxalq uşaq hüquqları ilə, nə də "KİV haqqında” qanunlarla bir araya sığır. Sosial yönümlü verilişlərdə uşaqların qabardılmasının yanlış olduğunu düşünürəm”.
Uşaqların hüquqlarının daha çox televiziyalarda pozulduğunu vurğulayan ekspert belə məsələlərdə MTRŞ-ni diqqətli olmağa çağırıb: "Teleradio Şurasının mühüm vəzifələrindən biri də bu cür məsələlərə nəzarət edib, müəyyən qərarlar qəbul etməkdir. Çünki bu, uşaqların psixologiyasına böyük təsir edir. Ailə dəyərlərinin pozulmasına, cəmiyyətə çox pis formada təqdim edilməsinə gətirib çıxarır”.

Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədli isə hesab edir ki, Azərbaycanda uşaq hüquqlarının müdafiəsi üçün görüləsi işlər çoxdur.
 Bu gün mətbuatda və televiziyada uşaqlarla bağlı layihələrdə bəzən uşaqların hüquqları pozulur. Yəni uşağın başına nə gəlirsə, açıq-aşkar efirdə göstərilir və bununla da həmin uşaq ağır zərbələr alır. Bu problemlərin aradan qaldırılması üçün də lazımi işlər görülməlidir: "Əslində uşaq problemləri çox geniş anlayışdır və bunu konkretləşdirmək lazımdır. Amma məsələyə ümumi yanaşsaq deyə bilərəm ki, uşaqlar sözün həqiqi mənasında xüsusi statusa malik zümrədir. Uşaqlar bizim gələcəyimiz olduğu üçün hər zaman böyük diqqət və qayğı ilə əhatə olunmalıdır. Uşaqlarla bağlı olan məsələlər bütün dünyada hökumət qarşısında prioritet məsələ kimi qoyulur. Uşaqlar cəmiyyətin xüsusi zümrəsi olduğundan onlar üçün ayrıca konvensiyalar da qəbul olunub. Amma təəssüflə vurğulamalıyam ki, bir sıra hallarda Azərbaycanda uşaqlarla bağlı qəbul olunmuş beynəlxalq standartlara əməl olunmur. Bizim media Uşaq Konvensiyasından irəli gələn tələblərə riayət etmir, həmçinin uşaqlar üçün izləməsi qadağan olan proqramların, yazıların yayımlanmasına da diqqət yönəldilmir”.
Y.Məmmədlinin sözlərinə görə, uşaqlarla bağlı problemlərin həllinə, onların hüquqlarının qorunması prosesində media ilə cəmiyyət birlikdə çalışmalıdır: "Cəmiyyət, məktəb, ictimai təşkilatlar, aidiyyəti qurumlar tərəfindən uşaqların hüquqlarının qorunması ilə bağlı xüsusi layihələr həyata keçirilməli və media da öz missiyasından çıxış edərək həmin tədbirləri işıqlandırmalıdır. Amma bütövlükdə götürdükdə deməzdim ki, uşaqlar mətbuatın diqqətindən kənarda qalıb. Amma bu sahədə müəyyən boşluqların olduğunu da inkar etmirəm. Bu bir reallıqdır”.

"Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev:

- Sözügedən qanun layihəsi ilə tanışam. Onu deyim ki, həmin dəyişikliklərdə medianın əsaslarına toxunası elə bir əlavə yoxdur. Belə bir maddə bir çox ölkələrin qanunvericiliyində öz əksini tapıb. Hətta bu məhdudiyyət peşə etikası kodekslərində kifayət qədər geniş işlənib və sonradan qanunvericiliyə köçürülüb. Ancaq onu da qeyd edim ki, qanun layihəsi bir o qədər də professional işlənməyib. Müvafiq bənddə qeyd olunur ki, yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yaymasına yol verilmir. Hesab edirəm ki, bu qədər sərt məhdudiyyətlər qoyulmamalıdır. Beynəlxalq praktikaya uyğunlaşdırılmalı və tələb identifikasiya formasında qoyulmalı idi. Yəni jurnalistlər uşaqların başına gələn hansısa faciəvi hadisələri ad çəkmədən elə işıqlandırmalıdır ki, söhbətin nədən və kimdən getdiyi aydın olsun”. İstənilən halda qanunvericiliyin bu problemə diqqət yetirməsinin vacib hal olduğunu vurğulayan ekspert deyib ki, bu problemlər məhkəmə səviyyəsinə qalxmasa da, çox tez-tez rast gəldiyimiz qanun pozuntuları sırasındadır.

"Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin dediyinə görə, mövcud dəyişiklik beynəlxalq təcrübəyə əsaslanıb və uşaqlarla bağlı mövcud beynəlxalq konvensiyalara da uyğundur:
 
"Təkcə Azərbaycanda yox, bütün dünyada belə məsələlərə xüsusi diqqətlə yanaşılır. Faktiki olaraq, İnformasiya-Kommunikasiya Texnologiyalarının inkişaf etdiyi, sosial şəbəkələrin, internet medianın geniş yayılması uşaqların hüquqları və təhlükəsizliyinin qorunması ilə bağlı çox ciddi problemlər yaradıb. Hər hansı bir cinayət hadisəsi törədən və ya həmin hadisənin zərərçəkmiş qismində iştirakçısı olan uşaqlar haqqında yayılan məlumatlar onun ərtafında çox ciddi psixoloji problemlərin baş verməsinə zəmin yaradır. Humanizm prinsipləri baxımından da yolverilməzdir. Müvafiq dəyişikliklər media üçün elə bir məhdudiyyət yaratmır. Hətta onu da deyim ki, peşəkar media orqanları peşə kodeksindən irəli gələn bu tələblərə əməl edir. Amma məqsədi cəmiyyəti maarifləndirməkdən daha çox reytinq yığmaq olan bəzi saytlar həmin uşaqların gələcəyini düşünmədən onların adlarını və şəkillərini yayımlayırlar. Hansı ki bu kimi xəbərlər uşaqların bioqrafiyasına mənfi nüans kimi yazılır”.
Şəymən