Birlik sədri Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətlərinin artırılmasını alqışlayır
İyulun 1-dən Səhiyyə Nazirliyi uşaq qidası məhsullarının istehsalı, satışı və istehlakına tələb qoymaq hüququnu itirəcək. Ölkə başçısının "Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi” haqqında 2017-ci il 13 noyabr tarixli fərmanı ilə bu səlahiyyətlər Qida Təhlükəsizliyi Agentliyinə verilib.
Uşaq qidaları ilə bağlı zaman-zaman xoşagəlməz hallar müşahidə edilib. Vaxtı keçmiş və müəyyən normalara cavab verməyən qidaların satışda olması böyük təhlükə mənbəyi olsa da, bu problem tam olaraq həllini tapmır. Maraqlıdır, səlahiyyətlərin Qida Təhlükəsizliyi Agentliyinə verilməsi bu durumu dəyişə bilərmi?
Uşaq qidaları ilə bağlı hər zaman böyük problemlər yaşandığını deyən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Şərq”ə bildirib ki, səlahiyyətlərin Agentliyə verilməsi müsbət haldır:
"10 il öncə körpələrin qidalandırılmasına dair Azərbaycan Respublikasının qanunu qəbul olunub. Bu qanunda çox əhəmiyyətli maddələr var. Maddələrdən biri körpə qidalarının 3-cü ölkədən idxal olunmasının qadağan olunmasıdır. Lakin bu gün görürük ki, körpə dünyaya gələndə elə doğum evində ona süni qidalar verirlər. Ona görə də Azərbaycanda ana südü ilə qidalanma faizi Avropa ölkələrinə baxanda çox geridir. Əgər ölkəmizdə ana südü ilə qidalanma 40-50 faizdirsə, Avropa ölkələrində bu rəqəm daha yüksəkdir.
Yoxlamalar zamanı vaxtı keçmiş körpə qidalarının satılmasını müşahidə edirik. Həmçinin körpə qidaları 20 dərəcədən aşağı temperaturda saxlanmalıdır, amma yüksək temperaturda saxlandığını görürük. Pediatrların böyük hissəsi körpə qidaları distribüterinin təsiri altındadır. Ona görə də körpə qidaları çox baha başa gəlir və əhalinin büdcəsinə, həmçinin genefonduna mənfi təsir göstərir.
Qidalara nəzarətin Qida Təhlükəsizliyi Agentliyinə tapşırılmasının tərəfdarıyam. Agentliyin səlahiyyətləri kifayət qədər böyükdür, ölkə başçısının da bu agentliyə böyük etibarı var. Lakin təəssüflər olsun ki, agentlik ictimai təşviqatlarla mükəmməl iş apara bilmir.
Məsələn, Azad İstehlakçılar Birliyinin 20 illik təcrübəsi var. Buna baxmayaraq agentlik bizim birliklə effektli iş qura bilməyib. Biz bundan çox narahatıq. Agentliklə rahat əməkdaşlıq etmək istəyirik. Təəssüf ki, dövlət başçısının etibar etdiyi adamlara vəzifə veriləndə onların ayaqları yerdən kəsilir. İstəyirik ki, birlikdə effektiv əməkdaşlıq edək və mövcud vəziyyəti düzəldək”.
Yeganə Bayramova