Uşaqlıq görməyənlər...
Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması
Qanunvericilik və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq sənədlərin uşaq əməyindən istifadəni qadağan etməsinə rəğmən hər birimiz gün ərzində müxtəlif işlərdə çalışan uşaqlara rast gəlirik. Əksinə, getdikcə vəziyyət daha kəskin xarakter alır və analoji hadisələrin sayı çoxalır. Şübhəsiz ki, mövcud problem və ondan qurtuluş yolları barədə zaman-zaman mətbuat səhifələrində yazılar dərc olunur. Buna rəğmən məsələyə əncam çəkilmir. Uşaq əməyindən istifadə sanki bir ənənəyə çevrilib. Uşaq əməyinin istismarı daha ucuz və gəlirli sahə olduğu üçün bəzi işbazlar bundan gəlir mənbəyi kimi yararlanırlar.
Sözsüz ki, dünyada ən yaxşı şey uşaq olmaqdır. Bütün çirkinliklərdən uzaq olmaq, bir sözlə, günahsız olmaqdır. Lakin indi Azərbaycanda heç də bütün uşaqlar tək uşaqlıq qayğıları ilə yaşamır...
Çünki birdən elə yaş dövrü yaxınlaşır və o günahsız uşaq o qədər təcavüzlərə məruz qalır ki, artıq özü də təcavüz etməyə başlayır. Bütün bunlarsa ilk başda ailədən qaynaqlanır. Ailə sevgisindən uzaq qalan bir uşaq təbii ki, həm ailə təcavüzünə, həm də cəmiyyətin zorakılığına məruz qalır. Əfsuslar olsun ki, bu gün bir çox uşaqlar bazar iqtisadiyyatının tərkib hissəsinə çevrilib. Onlar qurban olmağa, satılmağa, həyatın ən pis üzünü belə görməyə məcbur olurlar. Azyaşlı uşaqların əməyə cəlb olunması onların istismar olunmasıdır. Bu gün uşaqlara qarşı zorakılıq, onlardan sui-istifadə tüğyan edir. Hətta valideyni tərəfindən zorlanmaya məruz qalan uşaqlar da az deyil. Az qala Bakının hər küçəsində azyaşlı uşaqların qəpik-quruşdan ötəri böyüklərdən də çox dəridən-qabıqdan çıxmasının şahidi oluruq. Azyaşlı azərbaycanlıların bu "küçə fəaliyyəti”nə müxtəlif işlər daxildir - işıqforlarda, ya da dayanacaqlarda dayanan avtomobillərin şüşələrinin, təkərlərinin təmizlənməsi, səyyar gül-çiçək, bəzək əşyaları satışı, konduktorluq, bazarlarda su, pirojki ticarəti, yük daşıma, küçələrdə səyyar tərəzi xidməti və sair və ilaxır. Sahibkarlar isə uşaq əməyindən istifadədə maraqlıdır. Çünki böyüklərdən fərqli olaraq uşaqlara həm maaş az verilir, həm də "işbaz”lar azyaşlıların əməyinə görə dövlətə vergi verməkdən yayınır. Doğrudur, bu halı ailənin sosial şəraitinin ağırlığı ilə izah edənlər də mövcuddur. Lakin nəzərə almaq lazımdır ki, səbəbindən asılı olmayaraq azyaşlı uşağın əməyindən istifadə qanuna ziddir. Üstəgəl, belə hadisələr təhsil müəssisələrimizdəki nəzarətsizlikdən xəbər verir. Ona görə ki, məktəblər uşaqlara təhsil verməklə yanaşı, onlara nəzarət funksiyasını həyata keçirməlidir. Belə hallar aşkarlandıqda, əlaqədar qurumlara məlumatlar verməlidirlər. Aidiyyəti orqanlar da öz növbələrində lazımi tədbirlər görməlidirlər. Əfsuslar olsun ki, belə sistemli addımlar gözə dəymir. Əvəzində isə Bakı küçələrində "ciddi pul qazanmaq” istəyən uşaqların sayı artır.
İmkanımız olsa, bütün gün dərs oxuyaram.
Oxumaqdan rahat nə var ki!
12 yaşlı Nicat "Laçın” Ticarət Mərkəzinin qarşısında səyyar tərəzi xidməti ilə məşğuldur. Kirayə götürdüyü elektron tərəzi ilə bir nəfəri 20 qəpikdən çəkir. Yevlax rayonundan olan Nicat 3 il əvvəl ailəsi ilə birgə Bakıya iş dalınca gəlib. 2 qardaş, 1 bacıdırlar. Nicat qardaşlardan kiçiyidir. Deyir ki, təkcə özündən kiçik olan bacısı işləmir. Ata-anası ilə birlikdə qardaşları da çörək pulu qazanmaqla məşğuldurlar: "Rayonda nə atam, nə böyük qardaşlarım iş tapa bilmirdilər. Axırda atam bizi yığıb Bakıya gətirdi. İndi atam tikintidə qaynaqçıdır, böyük qardaşlarım da onun yanında fəhlə işləyir. Mən də əvvəlcə buralarda cib salfeti satırdım, gördüm ondan bir şey çıxmır, bir tərəzi kirayə götürüb, bu işə keçdim...”.
Nicat qazandığı pulla ancaq öz məsrəflərini ödəyir, bir də arada o biri qardaşları kimi, bacısına xərcləyir. Məktəbə isə demək olar ki, getmir. Rayonda olanda məktəbdə pis oxumayıb, amma Bakıya köçəndən sonra cəmi bir neçə ay məktəbə gedib: "Yevlaxda olanda oxuyurdum, amma bura köçəndən sonra həvəsdən düşdüm. Məktəbdə hər gün nəyəsə görə pul istəyirdilər. Atamgil bir az verdilər, amma gördük ki, çatdırmaq olmur, qərara aldıq ki, mən də işləyim. Heç harada iş tapa bilmədim özümə, deyirdilər balacasan. Axırda elə metronun yanında dərsdən sonra salfet alıb-satmağa başladım. Amma ondan da bir şey çıxmadı. Nə məktəbimin xərcini ödəyə bilirdim, nə də dərs oxumağa vaxt olurdu. Ona görə də məktəbi buraxdım, ciddi pul qazanmaq lazımdır.
İşləmək məcburiyyətində olduğu üçün məktəbə gedə bilməyən Nicat oxumaq imkanı olub da oxumayan uşaqları qınayıb: "İmkanımız olsa, bütün gün dərs oxuyaram. Oxumaqdan rahat nə var ki?! Amma indi mən pul qazanmağa və ailəmə yardım etməyə məcburam. Bəlkə də, nə vaxtsa, pulumuz olsa, mən də təhsilimi davam etdirib, universitetə girərəm”.
"Sən axıracan oxumalısan, nə lazımdırsa mən edəcəm...”
Bakının "Koroğlu” metrostansiyasında şirin pambıq, salfetka satan 15 yaşlı Sahib də məktəbdən çoxdan ayrıldığını və əsas məqsədinin pul qazanmaq olduğunu bildirib. Ailədə tək kişi olduğunu deyən Sahib anası və özündən balaca bir bacısı ilə yaşayır: "Atam 8 ildir dünyasını dəyişib. O vaxtdan evdə tək kişi mənəm. İndi anam xadimə işləyir, demək olar ki, evin xərci onun üzərindədir. Mən isə əsasən özümün xərclərimi, bir də məndən iki yaş balaca bacımın xərclərini ödəyirəm. Bacım məktəblidir, oxuyur və heç vaxt qoymaram o məktəbdən ayrılsın. Çünki mən məktəbdən ayrılanda ona şərt qoydum ki, "sən axıracan oxumalısan, nə lazımdırsa mən edəcəm...” Əvvəllər müxtəlif işlərdə çalışan Sahib uzun zaman konduktor işləyib: "Konduktorluq bundan ağır idi. Həm gecənin yarısına kimi işləyirdim, həm də elə gün olurdu ki, qazanc az olurdu. Bir də orada yaşım az idi deyə çox təhqir edirdilər, daha dözə bilmədim, atdım konduktorluğu. Beş-on gün yaxın evlərdə kimin ağır yükü, qapıda görüləsi işi vardısa, onu gördüm. Qazancım elə də çox olmasa da, bura daha rahatdı. Həm də axşamlar evə tez gedirəm, anamgil nigaran qalmır”. Sahibin yeganə arzusu budur ki, bir az böyüyüb daha yaxşı iş tapsın ki, anası xadimə işləməsin...
Siqaretimə pul tapa bilmirəm, durub məktəb dalınca düşəcəm?!
"Filarmoniya” parkında bərbəzəkli uşaq şarları, bəzən də gül-çiçək satan Vaqifin isə 13 yaşı var. Bakının "Sovetski” deyilən yerindəndir. Adı məktəbdə getsə də, az hallarda dərslərə gedir. Ailədə iki bacı və qardaş olduqlarını deyən Vaqif atasının anasından ayrıldığını və anaları ilə yaşadıqlarını söyləyir. Deyir, atası anasından ayrılandan sonra onları unudub. Tibb bacısı işləyən anasının qazancı evin ehtiyaclarına güclə çatır: "Neyləməliyəm?! Siqaretimə pul tapa bilmirəm, durub məktəb dalınca düşəcəm?! Axşamlar bura çıxıb, bu şarlardan beş-onunu alıb satıram, başımızı saxlayırıq da....”.
Uşaq Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Yusif Bəkirovun sözlərinə görə, uşaq hüquqlarının müdafiəsi yönündə bir sıra tədbirlər həyata keçirilsə də, uşaq əməyinin istismarı hallarına hələ də rast gəlinir. Ekspert belə halların ən çox da sərnişindaşımada baş verdiyini qeyd edib: "Uşaqların hüquqları bu gün müxtəlif sahələrdə pozulur. Elə dünyaya göz açarkən onların yaşamaq hüququ əllərindən alınır. Uşaq ölümü üzrə statistika göstərir ki, bu gün də uşaq ölümünü azaltmaq mümkün olmayıb. Azyaşlı uşaqların əməyindən istifadə qanunvericiliklə qadağan olunsa da, bu qanuna məhəl qoyulmur. Yaşı 16-dan az olan uşaqlar sərnişindaşımada konduktor kimi cüzi məbləğə çalışır. Uşaqları dilənməyə vadar edən valideynləri də onların hüququnu pozur. Bəzi valideynlər isə hələ də uşağa fiziki zor tətbiq etməklə onun hüququnu pozurlar. Yaxşı olardı ki, belə valideynlər məsuliyyətə cəlb olunsunlar”.
Azyaşlı qızlar göbək rəqsi ilə toy əhlini feyziyab etməyə məcbur edilir
UHML sədri hesab edir ki, uşaq hüququnun pozulmasının qarşısını almaq üçün qanunvericiliyin tələbinə nəzarət gücləndirilməlidir: "Qanunvericilik uşaqların hüququnu mühafizə etsə də, bəzən qanun bir kağız parçası kimi kənarda qalır. Fikir verin, indiki halda el şənlikləri azyaşlı uşaqların istismar olunduğu ən kütləvi sahələrdən birinə çevrilib. Toyların keçirildiyi bu məkanlar hətta ölkədə uşaq əməyinin ən çox istismar olunduğu nəqliyyat sektorunu da arxada qoyub. Avtobuslarda "konduktor” işləyən azyaşlı uşaqlar sərnişin toplamaq üçün axşama kimi müştəri səsləməyə məcbur edilirdisə, şadlıq evlərində əməyə cəlb olunan balaca fidanlar bundan dəfələrlə artıq yükün altına girməyə məhkum edilirlər. Əyinlərinə "mələk” qiyafəsi geyindirilən azyaşlı qız uşaqları el şənliklərində gəlinlərin ətəyindən yapışmağa, onları gül-çiçək yağışına tutmağa məcbur edilir. Bu, şadlıq evi və restoranlarda uşaq əməyi istismarının ən yumşaq formasıdır. Bəzən müştərilərdən yüksək məbləğdə pul alan toyxana sahibləri, toyun rəngarəng keçməsi üçün proqrama kiçik rəqqasələrin rəqsini də əlavə edir. Beləcə, azyaşlı qızlar göbək rəqsi ilə toy əhlini feyziyab etməyə məcbur edilir. Xatırladım ki, bu məsələ zaman-zaman Milli Məclisdə də qaldırılıb”.
Y.Bəkirov iddia edir ki, adıçəkilən obyektlərdə uşaq hüquqları kobud şəkildə pozulur: "İndiki toylarda heç böyüklər belə otura bilmir. Amma bu gün səsli-küylü, spirtli içki qəbul edilən, siqaret çəkilən zallarda uşaqlar hər gün işləməyə məcbur edilirlər. Bütün bunların hamısı uşaqların həyatına təsir göstərir. Onlar uşaqkən həyatdan mənəvi, psixoloji zərbə alırlar”.
Liqa sədri diqqətə çatdırıb ki, uşaqlar qanunsuz əməyə cəlb edildiyindən, iş müddətində onların başına hər hansı bir qəza gələrsə, heç kim məsuliyyət daşımır. Bu baxımdan, uşaqların həyatı həm də təhlükədədir: "Azyaşlı qızlar əllərində plov sinisi, üzərində alov yana-yana ziqzaqvari rəqslər edirlər. Onların əyinlərinə geyindikləri libaslar sintetik materialdan olduğundan, adi ehtiyatsızlıq üzündən əllərində oynatdıqları qab üzərlərinə aşdıqda alışır. Belə hadisələr çox baş verib. Paltar adi qığılcımdan alışdığından, azyaşlı qızların həyatını belə halda xilas etmək də çətin olur. Onlarla kiçik rəqqas belə məclislərdə yanıq xəsarəti ilə xəstəxanalara çatdırılıb. Bəzən şadlıq evlərinin sahibləri belə faktları gizlətdiklərindən, qızcığazları xəstəxanalara ən son anlarda çatdırırlar. Əksər hallarda onların həyatını xilas etmək mümkün olmur”.
Hüquqşünas Vüsal Quliyev isə bildirib ki, Azərbaycanda uşaq əməyindən istifadənin qarşısını almaq üçün dövlət bu sahədə böyük işlər görür. V.Quliyevə görə, burada valideynlərin üzərinə böyük iş düşür. Onlar uşaqların maarifləndirilməsinə, təhsilinə daha çox fikir verməlidirlər: "Beynəlxalq hüquq normaları çərçivəsində Azərbaycan qanunvericiliyində, Konstitusiyada göstərilib ki, Azərbaycan əgər hər hansı bir beynəlxalq müqaviləyə qoşulursa, onun maddələrini birbaşa Azərbaycanda istifadə edə bilər. İkinci, qanunun Konstitusiyada göstərilməsidir. Təbii ki, qanunvericilikdə bir sıra əlavə və dəyişikliklər olmalıdır”.
V.Quliyevin sözlərinə görə, uşaq əməyinin istismarı ilk növbədə "Uşaq Hüquqları Konvensiya”sı tərəfindən tənzimlənir: "20 noyabr 1999-cu ildə qəbul edilmiş bu konvensiyaya Azərbaycan respublikası da qoşulub. 54 maddədən ibarət olan "Uşaq hüquqları” əsasən 4 istiqamətdə müəyyənləşdirilib. Azərbaycanda isə bu, konstitusiya ilə tənzimlənir. Burda qeyd olunur ki, ümumiyyətlə uşaqlar dövlət himayəsi altındadırlar və 15 yaşına çatmayan uşaqların hər hansı bir işdə işləməsi qadağan edilir. Uşağın həyatına, mənəviyyatına ziyan verən işlərdə də onun işləməsi qadağan olunur”.
Ekspert konstitusiyanın 42-ci maddəsində öz əksini tapan uşaqların təhsil almaq hüququndan da danışıb: "Uşaqların ilk növbədə təhsil almaq hüququ var. Bu da dövlət tərəfindən təmin olunur”- deyə Vüsal Quliyev bildirib.
Şəymən Aşırlı
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür