“Üzü ağ çıxdım, sona qədər mübarizə aparacağam”

Elza Seyidcahan: “550 insan yenidən şəxsiyyət vəsiqələri ilə qeydiyyata gəlib mənə etimad göstərdilər”



Bəstəkar-müğənni Elza Seyidcahan qarşıdan gələn parlament seçkilərində iştirak edəcək. 54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmayan müğənninin şikayəti Mərkəzi Seçki Komissiyasında keçirilən iclasda təmin olunub. Bazar günü onun namizədliyi qeydə alınıb. Elza Seyidcahan seçkilərlə bağlı "Şərq”ə danışdı.

Müğənni bildirdi ki, ona qarşı edilən haqsızlıqlara cavab verməsəydi, bundan sonra yaradıcılığı ilə də məşğul ola bilməzdi: "Mənə qarşı olan haqsızlığı cavabsız qoya bilməzdim. Üzərimə atılan böhtanı sübut etməliydim. Haqqımı tələb etməyi bacaran qadınam. Təqdim etdiyim 550 imzadan 43-nün saxta, 180 seçicinin isə verdikləri imzanın etibarsız hesab edilməsi mənə qarşı haqsızlıq idi. Bununla bağlı namizədliyimi qeydə almayan Dairə Seçki Komissiyasından MSK-ya etdiyim şikayətə baxılaraq hüquqlarım bərpa edildi. Haqq-ədalət öz yerini tapdı. Səsləri saxtalaşdırmışdılar. Mən sağlam rəqabətin tərəfdarıyam. Sözün düzü, həm kədərlənim, həm sevindim. Kədərləndim ki, mənə qarşı bu qədər saxtakarlıq oldu. Sevindim ki, bu saxtakarlığa son qoyuldu, namizədliyim qeydə alındı. Və mənə olan xalq sevgisi qələbə qazandı. 550 insan yenidən şəxsiyyət vəsiqələri ilə qeydiyyata gəlib mənə etimad göstərdilər. İstəmirdim ki, üstümdə yalançı, saxtakarlıq adı qalsın. Şükür ki, mən üzüağ çıxdım”.

Elza Seyidcahan qeyd edib ki, indi o, 54 saylı Şabran-Siyəzən seçki dairəsində təbliğat-təşviqat kampaniyasına hazırlaşır. "Mənim bu saat başım seçki işlərinə qarışıb, seçicilərlə fəal görüşlərə hazırlaşıram. Yaxın günlərdə təbliğat-təşviqat kampaniyasına başlayacam. Artıq şüar və plakatların hazırlanması üçün ciddi şəkildə hazırlıq gedir. Tezliklə təşviqat kampaniyamı hansı formada həyata keçirəcəyimlə bağlı mətbuata açıqlama verəcəyəm”.

Elza Seyidcahan seçki platforması barədə yaxın günlərdə açıqlama verəcəyini bildirdi. Elza Seyidcahanın seçkilərdə şüarı isə maraq doğurdu doğrusu. "Nə gec, nə tez, tam zamanında gəldim” şüarı ilə seçkilərə qatılan Elza Seyidcahan rəqiblərinə də səsləndi ki, ədalətli rəqabət aparsınlar.

Bəstəkar-müğənni namizədliyini sürdüyü dairədəki rəqibləri haqqında da danışıb: "Deputat Tahir Süleymanov namizədliyimi irəli sürdüyüm 54 saylı Şabran-Siyəzən seçki dairəsində əsas rəqiblərimdən biridir. Düşünürəm ki, deputat seçilsəm də, seçilməsəm də, mən artıq qələbə qazanmışam. Əsas olan sağlam rəqabətdir və mən də buna çalışıram. Onu da qeyd edim ki, mənim vətənə xəyanətim deyil, xeyrim dəyib. Bu üzdən mən də millətimin vəkili olmaq istəyirəm. Musiqinin deyə bildiyini heç bir sözlə, heç bir tribunada demək mümkün deyil. Mən sənətimlə Azərbaycanı təbliğ edən sənətkaram. Azərbaycan parlamentində hələ 18-ci illərdə də mədəniyyət xadimləri, sənət adamları olublar, bu gün də Milli Məclisdə mədəniyyətimizin xidmətində duran dəyərli insanlar var. Ona görə də mən həm bir sənətkar kimi, həm də Milli Məclisdə bir siyasətçi olaraq vətənimə xidmət etməyi qarşıma məqsəd qoymuşam. Mənim vətənpərvərlik layihələrim yetərincədir, mən dövlətimə, millətimə şərəflə xidmət edirəm. Torpağımı, vətənimi sevirəm. Bu sevgi də məni parlament seçkilərində iştirak etməyə apardı. Cəsarətli olduğum qədər də, mübarizəm. Bu yolda da mübarizəmdən qalmayacam. Sona qədər mübarizə aparacam”.

Qeyd edək ki, Elza Seyidcahan YAP-ın üzvü olsa da, öz təşəbbüsü ilə namizədliyini irəli sürüb və qeydə alınıb.

Tahirə