Üzü qara həmsədrlər...

Qarabağın həllinə yardım etmədilər, heç olmasa qaranlıq suallara cavab versinlər



ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib ki, həmsədrlərin yaxın vaxtlarda regiona səfəri nəzərdə tutulur. Məqsəd Prezidentlərin İsveçrə görüşündən sonra növbəti addımları müəyyən etməkdir: "Biz inanırıq ki, belə bir dialoq davamlı sülhün gətirilməsi üçün vacibdir”.

Uorlikin növbəti səfər açıqlamasını "Şərq”ə şərh edən Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Natiq Mirinin sözlərinə görə, həmsədrlərin regiona gəlişi atəşkəsin qorunub saxlanmasına xidmət edir: "Cəbhə xəttində ciddi toqquşmalar yaşanır. Gərginlik geniş müharibəyə çevrilə bilər. Həmsədrləri narahat edən budur. Ümumilikdə isə bu gün Dağlıq Qarabağ problemi dünya gücləri üçün prioritet deyil. Onlar üçün əvvəl Suriya və Ukrayna məsələsidir. Ona görə də qrupda təmsil olunan hər üç dövlət indiki status-kvonun qalmasında maraqlıdır”. Ekspertə görə, Minsk Qrupunun AŞ PA-dakı son təxribatı Azərbaycan cəmiyyəti ilə bərabər hökumətin də quruma qarşı ciddi etimadsızlığını artırıb: "ATƏT-in sədrliyi Almaniyaya keçəndən sonra dövlətimiz AŞ PA-nın sessiyasına daha ciddi hazırlaşmağa başlayıb. İnformasiyaya görə, sessiyada təşkilatın almaniyalı sədri də iştirak edəcək. Bu, Azərbaycanın öz etirazını bildirməsi üçün əlverişli tribunadır. Fikrimcə, nümayəndələrimiz Minsk konfransının çağırılmasına təşəbbüs göstərəcək. 1992-ci il mart ayının 24-də Minsk konfransının çağırılmasına təşəbbüs edilib. Amma Laçın və Şuşanın işğalından sonra proses tamamilə dayandırılıb. Əgər yeni konfransın çağırılmasına nail olarsaq, ən azından Minsk Qrupunu 24 il ərzində nə iş gördüyünə dair hesabat verməyə vadar edə bilərik. Sıfır nəticənin səbəbləri araşdırılmalı, həmsədr dövlətlər illərlə yığılıb qalan qaranlıq suallara cavab verməlidir. Əks təqdirdə, indiki formatda davam etmək mümkün olmayacaq. Eyni zamanda, konfransda üçlük formatını beşliklə əvəzləmək, yəni Almaniya və Türkiyəni də həmsədrlər qrupuna daxil etmək təşəbbüsünü də irəli sürmək olar. Bununla prosesə müəyyən dinamika gətirmək mümkündür. Münaqişənin həlli prosesini üçlüyün inhisarından çıxarmaq lazımdır.

İsmayıl