"Minsk Qrupunda təmsil olunmurlar, ya da münaqişə tərəflərinin hansısa yüksək rəsmiləri deyillər ki, bəyanatlarının ciddi əhəmiyyəti olsun"
"Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasındakı ritorikada gərginliyin azalması müşahidə olunur və bu da sülh prosesinin yenidən başlanmasını mümkün edir”. Bunu Cənubi Qafqaz regionu üzrə ekspert, britaniyalı jurnalist Tomas de Vaal deyib. Tanınmış ekspert münaqişənin həlli ilə bağlı vəziyyətin inkişaf etdiyini bildirib: "Münaqişə tərəfləri arasında kəskin ritorikanın müəyyən dərəcədə azalmasını görürəm. Ermənistanın yeni hökuməti münaqişənin həlli ilə bağlı düşüncələrini yeniləyə bilər. Tərəflər arasında təmaslar artıb. Lakin təəssüflər olsun ki, hər iki tərəfin mövqeyi dramatik dərəcədə bir-birinə əksdir. Mövqelər bir-birindən olduqca uzaqdır”.
Vaal Dağlıq Qarabağ münaqişəsinin mərhələli şəkildə həll olunmasının tərəfdarı olduğunu vurğulayıb. Xatırladaq ki, üç gün öncə Rusiya Prezident Administrasiyası rəhbərinin keçmiş müşaviri Qleb Pavlovski Tomas de Vaalın dediklərinə tamamilə əks fikirlər söyləyib. Pavlovski tezliklə Qarabağda müharibə başlayacağını istisna etməyib: "Kiçik bir ərazidə son 20-30 il ərzində xeyli müharibə baş verib. Postsovet məkanında heç yerdə bu qədər savaş olmayıb. Mən indi Paşinyanın nəticələri haradan əldə edəcəyini düşünürəm. Saakaşvili belə deyilən nəticələrə sahib ola bilmədi. Demək ki, müharibə olacaq”.
Münaqişənin həlli ilə bağlı bir-birinə zidd olan iki açıqlamanı "Şərq”ə dəyərləndirən politoloq İlqar Vəlizadə deyib ki, hər iki fikrin müəllifi sadəcə ekspertdir və onlar prosesləri kənardan seyr edirlər. Onun sözlərinə görə, Vaalın, yaxud da Pavlovskinin hansısa qərar qəbul etmək səlahiyyəti yoxdur:
"Onlar Minsk Qrupunda təmsil olunmurlar, ya da münaqişə tərəflərinin hansısa yüksək rəsmiləri deyillər ki, bəyanatlarının ciddi əhəmiyyəti olsun. Sadəcə olaraq müxtəlif mənbələrə əsaslanaraq, öz şəxsi yanaşmalarını ifadə ediblər. Real vəziyyət bir qədər fərqlidir. Hər şeydən əvvəl bilmək lazımdır ki, münaqişədə müharibə qərarını tərəflərin yüksək siyasi rəhbərliyi verir. Hazırda danışıqlar prosesinin növbəti mərhələsi başlayıb. Artıq Ermənistanın baş naziri də təsdiq olunub və yaxın günlərdə yeni hökumət qurulacaq. Ehtimal edilir ki, baş nazir Nikol Paşinyan yeni hökuməti təsis etdikdən sonra danışıqların növbəti mərhələsini başlada bilər. Ancaq bunun üçün bir müddət gözləmək lazımdır. Söhbət ondan gedir ki, əgər Paşinyan hökuməti danışıqlar prosesinə müsbət impulslar verərsə, o zaman sülhə ümidlər artar. Yox əgər cəhdlər növbəti dəfə nəticəsiz qalarsa, onda müharibə riskləri də çoxalacaq”.
İsmayıl