Vahid Ələkbərov Putinin embarqosuna əhəmiyyət vermədi

O, digər azərbaycanlı iş adamı Mübariz Mənsimovun İstanbuldakı otelini aldı



Moskva ilə Ankara arasındakı gərginliyi xarici ticarətə də daşıyan Putinin embarqo silahı ölkənin məşhur iş adamına keçməyib.

Putinə yaxınlığı ilə bilinən azərbaycanlı milyarder, Rusiyanın "Lukoil” neft şirkətinin prezidenti Vahid Ələkbərov Kreml rəhbərinin sərmayə embarqosunu heçə sayaraq, İstanbuldakı "Edition Hotel”i satın alıb. Adıçəkilən otel digər azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus olub. "Palmali” şirkətlər qrupunun prezidenti Mənsimov oteli 2003-cü ildə alıb və ötən günlərdə Vahid Ələkbərova satıb. "Lukoil”un prezidenti "Editon Hotel”i alaraq, Türkiyədəki ikinci yatırımını həyata keçirib.

Xatırladaq ki, "Lukoil” 2008-ci ildə enerji şirkəti "Akpet”i təxminən 500 milyon dollara alıb. Bundan sonra isə azərbaycanlı milyarder M.Mənsimova aid olan Bodrum-Yalıkavakdakı "Palmarina Hotel”i öz mülkləri arasına qatıb. Ümumiyyətlə, "Lukoil” şirkəti Türkiyədə səs gətirən investisiyaları ilə tanınır. "Cipriani” və "Billionaire” kimi dünyada məşhur olan restoran və klubları Türkiyəyə gətirən şirkətin bundan sonrakı sərmayə planları böyük maraq mövzusudur. Məlumat üçün deyək ki, şirkətin prezidenti Vahid Ələkbərov 12,3 milyard dollarlıq sərvətiylə Rusiyanın əhəmiyyətli iş adamlarından biridir. Varlılar siyahısında Rusiyada 8-ci, dünyada isə 114-cü sırada yer alan Vahid Ələkbərov Rusiyada xam neft istehsalı ilə məşğul olur. Şirkətin illik ticari dövriyyəsi 145 milyard dollara çatır.

İsmayıl