Vaşinqton-Ankara münasibətlərində ziddiyyət qalır
07:17 31.07.2018
Arxiv
658
Sərt ritorika ABŞ-la Türkiyə arasında ciddi gərginlik yaradacaq
ABŞ Prezidenti Donald Trampın sosial şəbəkədə keşiş Endryu Bransonun azad edilməyəcəyi təqdirdə, Türkiyəyə sanksiyaların tətbiq ediləcəyi barədə sözləri qardaş ölkədə kəskin etiraza səbəb olub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ABŞ-ın sanksiyalarla bağlı təhdidlərinə baxmayaraq, rəsmi Ankara amerikalı rahib Endryu Bransonla bağlı mövqeyini dəyişməyəcək. Ərdoğan deyib ki, Amerika yaxın müttəfiqini itirə biləcəyini unutmamalıdır:
"Bu, psixoloji müharibədir. Biz sanksiyalar qarşısında geri çəkilməyəcəyik. Branson məsələsində sövdələşməmişik”. Türkiyə prezidenti bəyan edib ki, Ankara İrana qarşı sanksiyaları dəstəkləmək niyyətində deyil. Çünki ölkə İran qazının alınmasında maraqlıdır: "Obamadan soruşduğumu, Trampdan da soruşuram. İrandan nəql etdiyimiz mavi yanacağı dayandırsaq, Türkiyəyə qazı kim verəcək?”. Trampın ardınca, ABŞ-ın vitse-prezidenti Mayk Pens da Türkiyəni sanksiyalarla hədələyib. Pens bildirib ki, Bransonun ev dustaqlığına buraxılması ABŞ üçün qaneedici deyil: "Vaşinqton rahib sərbəst buraxılana qədər Türkiyəyə sanksiyalar tətbiq etməyə hazırdır”. Tərəflər arasındakı gərginliyə MHP sədri Dövlət Baxçalı da münasibət bildirib. Baxçalı vurğulayıb ki, Türkiyənin təhdidlərdən qorxduğu heç vaxt görülməyib: "Tramp keşiş Endryu Bransonu düşünənə qədər qonaq qəbul etdiyi FETÖ-çuları nə zaman təhvil verəcəyini düşünməlidir. Türkiyə ABŞ-ın təhdidlərindən qorxmur. ABŞ keşişi bəhanə göstərərək, Türkiyəni təhdid edir. Bu ayıbdır, əxlaqi qaydalara zidd və strateji ortaqlığa kölgə salmaqdır. Həddi və hüdudu aşmaqdır”.
İki dövlətin qarşıdurmasını "Şərq”ə dəyərləndirən politoloq Zaur İbrahimli bildirib ki, Trampın Ankaranı sanksiyalarla hədələməsi ikitərəfli münasibətlərdə ciddi gərginlik yaradacaq. Onun sözlərinə görə, Trampın bu cür sərt açıqlaması Ankara üçün gözlənilməz olub:
"ABŞ prezidentinin ənənəvi manerasına sadiq qalaraq sərt bəyanatı yalnız Ankarada deyil, Vaşinqtonda da ikitərəfli münasibətlər baxımından problem yaradıb. Bu cür sərt bəyanatdan sonra Ankaranın hər hansı formada, diplomatik şəkildə geri addım atması müşkülə çevrilib. Xüsusən, prezident Ərdoğan üçün çox pis vəziyyət yaranıb. Bütün sərt açıqlamalara baxmayaraq, rəsmi Ankara Vaşinqtonla münasibətlərin bu cür soyumasında maraqlı deyil. Açıqlamalar, ritorikanın sərtləşməsi, sərt ifadələr və jestlər yalnız zahiri tərəfdir. Belə desək, müasir siyasətin ayrılmaz atributu olan vizuallıqdır, kütlə üçün effektdir. ABŞ-Türkiyə münasibətləri region, bölgə üçün çox əhəmiyyətlidir”. Ekspertin fikrincə, ABŞ-Türkiyə münasibətlərinin korlanması, regionda nüfuzunu artırmağa çalışan digər ölkələr üçün çox yaxşı hədiyyə olardı: "Bunu hamı anlayır. Prezident Trampın açıqlaması son dövrlərin ziddiyyətli Ankara-Vaşinqton münasibətlərini müəyyən dərəcədə tənzimləməyə nail olan diplomatları, hərbiçiləri, kəşfiyyatçıları belə çətin vəziyyətə salıb.
Məsələnin başqa tərəfi isə həbs olunan yevangilist rahibin ən yüksək səviyyədə müdafiə olunmasıdır. ABŞ-ın vitse-prezidenti Maykl Pens icmanın liderlərindəndir. Görünən budur ki, rahibin müdafiəsi onun kurasiyasındadır. Bu da rahibin həbsi məsələsinə xüsusi çalar verir. Hər iki tərəfin sərt ifadələrlə mübadiləsindən sonra, həm Ankarada, həm də Vaşinqtonda ikitərəfli münasibətlərin strateji xarakterini anlayan qruplar hərəkətə keçəcək. Kompromis əldə olunmasına çalışacaqlar. Güman etmirəm ki, ölkələr arasında münasibətlər uzun müddət bu cür gərgin vəziyyətdə qalsın. Qısa müddətdən sonra normallaşmağa başlayacaq”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya