Vəfa Quluzadə XİN-in mövqeyini dəstəkləyir

Qarabağda yaşayan ermənilər milli azlıqdır, onlar xalq deyil



Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Avronest”in İrəvanda keçirilən iclasında çıxış edən Ermənistan prezidenti Serj Sarkisyanın söylədiklərini şərh edib.

H.Hacıyev deyib ki, Avropa və dünya dəyərləri əsasında xalqların öz müqəddəratını müəyyən etməsi məsələsində qanlı etnik təmizləmə, işğal və təcavüzün törədilməsi nəzərdə tutulmur. XİN rəsmisi xatırladıb ki, Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarıldıqdan sonra Azərbaycanın sərhədləri daxilində Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icması öz müqəddəratını müəyyən edə bilər: "Münaqişənin kompleks həllinin yeganə yolu yalnız bundan ibarətdir. Bundan kənar münaqişənin həllini düşünmək xülya və obyektiv reallıqdan tamamilə uzaqdır”. H.Hacıyev deyib ki, "sülh”dən danışan Ermənistan rəhbərliyi həmsədrlərin israrlı çağırışlarına baxmayaraq, ölkəsinin müxtəlif bəhanələrlə "böyük sülh sazişi” üzərində işə başlamaqdan yayındığına aydınlıq gətirməsi daha məqsədəuyğun olardı.

Məsələni şərh edən sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə deyib ki, Qarabağda yaşayan ermənilər milli azlıqdır, onlar xalq deyil: "20 ildən artıqdır ki, Dağlıq Qarabağla bağlı aparılan danışıqlar heç bir nəticə vermir. Buna səbəb işğalçı ölkənin mövqeyini rəsmi Moskvanın formalaşdırmasıdır. Ermənistan Dağlıq Qarabağın azadlığını gündəmə qoyur və Azərbaycan da buna razılıq verə bilmir. Danışıqlar prosesində əvvəldən indiyə kimi Dağlıq Qarabağ məsələsində iki prinsip ortalığa qoyulub və heç birisinə də üstünlük verilməyib. Qarabağda yaşayan ermənilər milli azlıqdır. Sözügedən milli azlığın müqəddəratını təyinetmə haqqı yoxdur. Bu, Azərbaycana yönəlmiş təcavüzün bir təzahürüdür. Ermənistan öz ölkəsində xalqının müqəddəratını müəyyən edib, amma bu o demək deyil ki, dünyanın başqa yerlərində yaşayan ermənilərin də müqəddəratını təyin etməlidir!”. Politoloqun sözlərinə görə, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir və bizim ərazimizdə yaşayan milli azlıq öz müqəddəratını təyin edə bilməz: "Azərbaycanın tərkibində yalnız və yalnız avtonomiya mühiti ola bilər. Ona görə Rusiya bundan istifadə edərək 20 ildən çoxdur ki, status-kvonu saxlayır və sülhün əldə olunmasına maneçilik törədir. Artıq ermənilər də bu məsələdən beziblər. Torpaqlarımız işğal altındadır, əgər Azərbaycan torpaqların azad olunması üçün hücum etsə, Rusiya ilə toqquşacaq. Bunu yaxşı bilirik”.

İsmayıl