Vergi amnistiyasının tətbiqi yaxşı addımdır, amma..." - EKSPERT





Vergi borclarının amnistiyası qəbul edilsə, dövlət büdcəsinə yenidən baxılmalı olacaq.

Bunu Sherg.az-a vergi amnistiyası ilə bağlı danışarkən iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, vergi amnistiyasının qəbul olunması bir neçə məsələni gündəmə gətirir: 

"Vergi amnistiyasının tətbiq edilməsi gələcəkdə sahibkarlığın inkişafını təmin etmək üçün yaxşı addımdır. Lakin bağışlanacaq 600 mln. manat kifayət qədər böyük məbləğdir. Gələn ilin dövlət büdcəsi hesablanıb, qəbul edilərkən, həmin vergi gəlirləri də bura daxil edilib. Əgər bu borclar ləğv ediləcəksə, Vergilər Nazirliyinin (VN) proqnozu özünü doğrultmaya bilər. Bu zaman büdcəyə yenidən baxılmalı və nazirliyin proqnozları geri çəkilməli olacaq. Hesablamalar dəyişdirilməsə, yaranan boşluğu VN fərqli sahələrin, xüsusilə biznesin üzərinə daha çox yük salmaqla doldurmağa çalışacaq. Bununla biznes sahəsi üçün mənfi hal yaranır. Ona görə, bu məsələnin detalları ciddi müzakirə olunmalıdır”.

N. Cəfərli bildirib ki, bir qrup fiziki şəxslər və ya iş adamlarının iqtisadi çətinliklərdən və digər səbəblərdən yaranan vergi borcları artıb. Onların içərisində son zamanlara qədər normal vergi ödəyib, indi ödəyə bilməyənlər var: 

"Layihə müzakirəyə çıxarılan zaman vaxtında borcunu ödəyən şəxslərə müəyyən güzəşt edilməlidir. Lakin neçə illərlə vergi borcları olan fiziki və hüquqi şəxslərlə normal ödəyiciləri qarışdırmaq stimullaşdırılma üçün şərait yaratmayacaq. Bu amnistiyada vergi ödəyən şəxslərə daha çox güzəşt edilməlidir ki, gələcəkdə vergi ödəyiciliyi sahibkarlar üçün də prioritet addıma çevrilsin. Büdcə artıq qəbul olunduğu vaxtda bu layihənin irəli sürülməsi parlamentin yenidən toplanmasına zərurət yaradacaq. Detalların müzakirə edilməsindən sonra layihə daha müsbət nəticə verə bilər”.

Qeyd edək ki,Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, təqribi hesablamalara görə, vergi amnistiyası nəticəsində 600 mln. manatın sahibkarların sərəncamında qalacağını deyib.

Aysel Aslan