Vətəndaş cəmiyyəti quruculuğunda QHT-lərlə medianın rolu danılmazdır

Ekspertlər hesab edir ki, hər iki institutun əməkdaşlığı ancaq ümumi işin xeyrinə ola bilər
...əvvəli ötən sayımızda

Demokratiyanın ayrılmaz hissəsi olan vətəndaş cəmiyyəti ideyası tarix boyu bəşəriyyətin şahidi olduğu diktatura və totalitarizm kabusunun nəticəsi və insanların azad, sərbəst yaşamaq arzusu ilə meydana gəlib. 

Bu gün də vətəndaş cəmiyyəti vətəndaşların cəmiyyətdə öz şəxsiyyətini sərbəst ifadə etmək, cəmiyyəti təhdid edən problemlərin həllində əl-ələ verib, birlikdə fəaliyyət göstərmək, vətəndaş təşəbbüslərini rəhbər tutmaq amalı ilə yaradılır. 

Sözsüz ki, dünyada mövcud olan hər bir dövlətin və cəmiyyətin formalaşmasında, inkişafında ölkədə mövcud olan mədəni və milli-mənəvi dəyərlər sistemi mühüm əhəmiyyət kəsb edir.

Bunlarsız hansısa ciddi uğura imza atmaq, dayanıqlı inkişafa nail olmaq və bundan çıxış edərək cəmiyyətə fayda vermək mümkünsüzdür. Bu dəyərlər sisteminin mövcudsuzluğu şəraitində cəmiyyətin və dövlətin inkişafı iddiasında olmaq, demək olar ki, qeyri-mümkündür. Mədəni, milli-mənəvi dəyərlər sisteminin mühafizə olunması, onun inkişaf etdirilməsi və bütün bunların gələcək nəsillərə çatdırılması vətəndaş cəmiyyətinin aparıcı institutlarından olan QHT-lərin vəzifələrindən biri olmalıdır. Bu gün bu istiqamətdə fəaliyyət göstərən hər bir QHT-nin üzərinə Azərbaycanın zəngin mədəni irsinin təbliği və onun gənclərimiz tərəfindən qorunması kimi məsuliyyətli bir öhdəlik düşür. Xüsusən azərbaycançılıq ideologiyasının zamanın tələblərinə cavab verəcək səviyyədə QHT-lərin timsalında təbliğ olunması vacib məsələlərdən biridir. Qeyd edək ki, vətəndaş cəmiyyətinin inkişafı eyni zamanda ölkədə demokratiyanın əsas göstəricilərindən biri hesab olunur. Bu sahənin formalaşması və inkişafında qanunvericiliklə yanaşı, mühüm və təsirli amillərdən biri də mediadır. Dördüncü hakimiyyət qolu hesab olunan medianın cəmiyyəti informasiya ilə təmin etməklə yanaşı, ölkənin demokratikləşməsində də mühüm rolu var. Bu baxımdan hüquqi dövlətdə bir sıra ortaq tərəflərilə çıxış edən vətəndaş cəmiyyəti qurumları və medianın sıx əməkdaşlığı var. Əhəmiyyətini nəzərə alaraq vətəndaş cəmiyyətinin inkişafında medianın roluyla bağlı araşdırma aparmağı qərara aldıq.

Görəsən, əslində QHT-lərin ictimai əlaqələrinin genişləndirilməsində medianın rolu hansı səviyyədədir?

Vətəndaş cəmiyyəti quruculuğunda həm QHT-lərin, həm də medianın rolunun danılmaz olduğunu vurğulayan Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadənin sözlərinə görə, hər iki institutun əməkdaşlığı ancaq ümumi işin xeyrinə ola bilər: "Azərbaycanda QHT-media əməkdaşlığı arzuolunan səviyyədədir. Bu iki institut uzun illərdi birgə fəaliyyət göstərirlər.

Problem odur ki, obyektiv və subyektiv səbəblərdən bizim ölkəmizdə həm QHT-lərin, həm də KİV-lərin maddi-texniki bazası zəifdir. KİV bir kommersiya qurumudur. Onun bir vəzifəsi də daha geniş auditoriyaya sahib olmaqdır. Geniş və rəngarəng auditoriya reklam, əlavə gəlir, KİV-in yaşaması üçün maddi qaynaq deməkdir. 

Bəzən bunu əsas götürən KİV rəhbərləri QHT-lərin fəaliyyətini işıqlandırmağa bir o qədər də həvəs göstərmirlər. Yaxud QHT-lərə müqavilə əsasında xidmət təklif edirlər. KİV-lər kimi, QHT-lərin də büdcəsi məhduddur. Bu üzdən çox vaxt müqavilə əsasında əməkdaşlıq baş tutmur. 

Azərbaycanda elə QHT var ki, illik büdcəsi 4-5 min manat təşkil edir. Bu qədər cüzi vəsaitin neçə faizini piar məqsədilə xərcləmək olar? Əlbəttə, bu mümkün deyil. Buna görə də QHT-lərin də maddi-texniki bazasını gücləndirmək barədə düşünmək lazımdır. Ədalət naminə deməliyik ki, Azərbaycanda media qurumları həmişə QHT-lərə dəstək olub, onların fəaliyyətini işıqlandırıblar. Hesab edirəm ki, bu əməkdaşlığı stimullaşdırmağa ehtiyac var".

Media və QHT təmsilçisi olaraq, Azərbaycanda vətəndaş cəmiyyətləri ilə KİV arasındakı münasibətləri dəyərləndirməyin onun üçün bir o qədər də çətin olmadığını vurğulayan Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət hər iki sahənin «mətbəx»inə bələd olduğunu deyib: 

«Azərbaycan mediası vətəndaş cəmiyyətinin formalaşmasında və inkişafında üzərinə düşən əsas vəzifəni yerinə yetirməyə çalışır. Təbii ki, bunu bütövlükdə media orqanlarına aid etmək də doğru olmazdı. Bəzi QHT-lərə və onların fəal nümayəndələrinə bir o qədər də diqqət ayırmayan KİV-lər də yox deyil. Amma ümumilikdə götürsək, Azərbaycanın dövlət televiziya kanalı da daxil olmaqla bütün KİV sistemi vətəndaş cəmiyyətlərinin fəaliyyətini geniş şəkildə işıqlandırır». Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyətlərinə dövlət qayğısını xatırladan A.Həsrət deyib ki, bu qayğının fonunda medianın QHT-lərlə münasibətdə kənarda qalmasını heç kəs iddia edə bilməz. Şəxsən mənim üçün ümumi vəziyyət qənaətbəxşdir. Təbii ki, bir QHT təmsilçisi olaraq media ilə əlaqələrimin yaxşı olmasında eyni zamanda jurnalist olmağımın da xüsusi əhəmiyyəti var. Amma elə təşkilatlar da var ki, jurnalistika ilə heç bir formada əlaqələrinin olmamasına rəğmən bütün fəaliyyətləri mediada gen-bol işıqlandırılır. Üstəlik də, onların həyata keçirdikləri layihələrə, apardığı maarifləndirmə işlərinə media tərəfindən böyük dəstək verilir. Bu baxımdan şikayət üçün heç bir əsas yoxdur.

Vətəndaş cəmiyyətlərinin medianın əsas informasiya mənbələrindən biri olduğunu vurğulayan A.Həsrət deyib ki, QHT-lər doğrudan da ictimai əhəmiyyət kəsb edən informasiyaya sahib olduqları halda həmin informasiyanı cəmiyyətə media vasitəsilə ötürməlidir: 

«Onu da deyim ki, bizim bəzi QHT-lərdə ulduz xəstəliyi var. Bəziləri daim mediada görünməyə çalışırlar. Yəni ki, hər hansı iş görüb-görmədiklərindən asılı olmayaraq, gündəmdə qalmağa çalışırlar. Hətta bəzi vətəndaş cəmiyyəti nümayəndələri medianın onlara yetərincə diqqət ayırmadığından şikayət edir. Ancaq biz həmin adamlara izah etməyə çalışırıq ki, vətəndaş cəmiyyətləri öz fəaliyyətlərini elə qurmalıdırlar ki, diqqət cəlb eləsinlər və bütün media orqanları onlarla əməkdaşlıqda maraqlı olsunlar. Bu baxımdan QHT-lərə münasibətdə mediaya yüklənmək, onların fəaliyyətini tənqid etmək doğru deyil. Mediaya çıxışda problemlə üzləşən, medianın onlara qarşı münasibətindən şikayətlənən vətəndaş cəmiyyəti nümayəndələri günahı mediada deyil, özlərində axtarsalar, daha məqsədəuyğun olar».

«Yeni Azərbaycan» qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu ilk növbədə Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının inkişafı üçün çox münbit zəmin və şərait olduğunu deyib: «Bu şərait isə heç şübhəsiz ki, dövlət tərəfindən yaradılıb. Media və QHT cəmiyyətin inkişafını təmin edən iki mühüm institutdur. Onlar arasındakı qarşılıqlı əlaqə vətəndaş cəmiyyətinin inkişafına təkan verməklə yanaşı, həm də vətəndaş cəmiyyətində yeni-yeni keyfiyyətlərin və pozitiv ənənələrin də formalaşmasına səbəb olub. İctimai baxımdan kifayət qədər əhəmiyyətli olan hər iki institutun fəaliyyət keyfiyyətləri bütövlükdə cəmiyyətin inkişafını sürətləndirir. Vətəndaş cəmiyyətinin fəaliyyəti o vaxt perspektivli hesab olunur ki, onların həyata keçirdiyi tədbirlərin arxasında media maraqları dayanır. Medianın maraqları isə birmənalı olaraq dövlətin, cəmiyyətin maraqlarıdır.

Azərbaycanda QHT-media münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayan baş redaktor deyib ki, hər iki sahə arasındakı münasibətlər kifayət qədər möhkəm və etibarlı tellər üzərində qurulub.

Vətəndaş cəmiyyətlərinin bir növ medianın informasiya mənbəyi olduğunu vurğulayan H.Babaoğlunun sözlərinə görə, müasir mərhələdə postmodernist cəmiyyəti elə informasiya cəmiyyəti kimi xarakterizə edirlər: «Onu da deyim ki, informasiya özlüyündə həm vətəndaş cəmiyyətinin, həm də medianın keyfiyyətlərini formalaşdıran bir vasitədir. Təbii ki, biz deyə bilmərik ki, vətəndaş cəmiyyəti institutları birmənalı şəkildə informasiya istehsalçılarıdır. Amma tam əminliklə deyə bilərik ki, vətəndaş cəmiyyəti institutları çox aktiv informasiya istehlakçılarıdır. Bu isə media və vətəndaş cəmiyyəti institutlarının hər ikisinin informasiya tələbatı və informativ maraqlarını şərtləndirir. Medianın istehsal etdiyi informasiyanın əsas istehlakçıları vətəndaş cəmiyyətləri olduğu üçün hər iki institut arasında qarşılıqlı asılılıq da yaranır. Əsas məsuliyyət isə lakomativ olaraq media üzərinə düşür. Çünki media öz istehsalının keyfiyyəti ilə həm istehlakçını qane etməli, həm də onların zövqünü oxşamalıdır. Təbii ki, zövq deyəndə burada söhbət estetik yox, informativ zövqdən gedir».

"Milli.az” saytının baş redaktoru Anar İmanov isə düşünür ki, əgər hər hansı QHT ictimai önəm daşıyırsa, cəmiyyətə, dövlətə faydalıdırsa, onda KİV tərəfindən mütləq dəstəklənməlidir: 

"Əgər hər hansı QHT-nin fəaliyyəti dövlətin iqtisadi inkişafına, vətəndaş cəmiyyətinin güclənməsinə yönəlibsə, KİV mütləq onlara dəstək olmalıdır, onları inkişaf etdirməlidir. Fikrimcə, sivil cəmiyyətdə QHT-lər güclü olmalıdır. Bu, dövlətə vətəndaş dəstəyinin bir formasıdır.

Bəli, qeyd etmək lazımdır ki, bəzi hallarda QHT-lərə ayrılan qrantlar milli maraqlara xidmət etmir və onların fəaliyyəti cəmiyyətimiz üçün faydalı olmur. Əlbəttə ki, bu hallarda o QHT-lərə kömək etmək dəyməz. Bir də QHT-lər özləri KİV-lərlə əməkdaşlıqda maraqlı olmalıdır. Media nümayəndələri ilə görüş keçirib onlara fəaliyyətlərindən danışmalıdırlar. Gördüyüm mənzərə başqadır - çox vaxt hər hansı QHT ümumi e-mail-ə press-relizini göndərir və bununla da kifayətlənir. Əminəm ki, hər QHT-də media ilə işləyə bilən bir əməkdaş olmalıdır, bu, hər hansı jurnalist də ola bilər. Bu əməkdaş isə artıq təmsil etdiyi QHT-nin PR strategiyasını qurmalıdır”.

Şəymən