Tikinti şirkətinin rəhbəri axtarışa verilib
Ölkəmizdə bəzi tikinti şirkətlərinin vətəndaşları aldadıb, pulunu mənimsəməsi adi hala çevrilib. Sözügedən MMC-lər ya bir mənzili 3-4 sakinə satmaqla, ya da sizə ev tikəcəyik deyib, vətəndaşlardan ilkin ödəniş alıb, qaçmaqla məşğuldurlar. Analoji hadisələrdən biri də dünən yaşanıb. Belə ki, Azərbaycanda vətəndaşlara 10 milyon manatdan çox ziyan vuran "Birlik-İnşaat” MMC və "Hayan-E” MMC-nin rəhbəri Elman Tağıyev axtarışa verilib.
O, Cinayət Məcəlləsinin 4 maddəsi ilə təqsirləndirilir. Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, 1963-cü il təvəllüdlü Tağıyev Elman Həsənqulu oğlu Cinayət Məcəlləsinin dələduzluq (Cinayət Məcəlləsinin 178-ci maddəsi), vəzifə səlahiyyətlərindən sui-istifadə etmə (Cinayət Məcəlləsinin 308-ci maddəsi), Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq dəyişmə (Cinayət Məcəlləsinin 319-cu maddəsi) və vergidən yayınmaqda (Cinayət Məcəlləsinin 213-cü maddəsi) təqsirləndirilir.
Məlumat üçün bildirək ki, E.Tağıyev "Birlik-İnşaat” MMC və "Hayan-E” MMC-nin rəhbəri olub. E.Tağıyev 210 mənzili 543 nəfərə təkrar sataraq, ümumilikdə vətəndaşlara 10 milyon manatdan çox ziyan vurub. E.Tağıyev və onun ətrafında olan şəxslərin qanunsuz hərəkətləri ilə bağlı başlanmış cinayət işinə 2014-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Lakin E.Tağıyev ölkədən qaçdığı üçün məhkəmənin onunla bağlı çıxardığı qərar icra olunmayıb.
Bu məsələnin çox aktual olduğunu bildirən Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev "Şərq”ə açıqlamasında qeyd edib ki, MMC-lərin fəaliyyətinə nəzarət yoxdur. Onun sözlərinə görə, bəzi tikinti şirkətləri dələduzluqla məşğuldurlar: "Onlar insanların aldadılması proseslərini aparırlar. Eyni mənzillər müxtəlif adamlara satılır. Bəzən isə pullar piramida şəklində toplanır. MMC-lər mənzil tikirik deyib, pulları toplayıb, aradan çıxırlar. Hətta buna görə, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Baş mübarizə idarəsi tərəfindən çoxsaylı cinayət işləri aparılır. Bu işlərin əksəriyyəti artıq məhkəməyə verilib. Həmin tikinti şirkətlərinin üzərinə öhdəlik qoyulur ki, istintaq müddətində o insanlara dəyən ziyan ödənilsin. Bununla əlaqədar çoxsaylı işlər həyata keçirilir. Baş prokurorun əmri ciddi şəkildə icra olunur”.
Müsahibimizin fikrincə, bəzi hallarda sakinlər də məsuliyyətsizlik edirlər: "Vətəndaşlara məlumatlar verilir ki, tikinti şirkətləri ilə müqavilə imzalayarkən müqaviləni diqqətlə oxuyun. İmzalanan müqaviləni mütləq və mütləq notariat qaydada qeydiyyatdan keçirdin. Eyni mənzilin bir neçə adama satılması hallarını azaltmaq məqsədilə notariat orqanlarına da müvafiq tapşırıqlar verilib. İnsanlarımız bəzən müqavilələrə baxmırlar. Aldanıldıqlarını biləndə başlarına döyə-döyə qalırlar. İş-işdən keçəndə isə prokuraturaya müraciət edirlər. Onda da heç kimi tapmaq olmur”.
Ə.Nuriyev vurğulayıb ki, bu oyunların ortadan qaldırılması üçün qanunvericilikdə dəyişikliklər edilməlidir: "İstənilən MMC-yə şərt qoyulmalıdır ki, o mütləq sayt yaratsın və mütəmadi olaraq məlumatlar versin. Üstəgəl, alqı-satqı bank vasitəsilə olmalıdır. Mütləq notariat qaydada təsdiq olunmalıdır. Yalnız bundan sonra vəsaitlər verilə bilər. Əldən ələ pul vermək olmaz. Çünki belə olan halda vətəndaşlar peşəkar işbazların tələsinə düşür”.
Həmsöhbətimiz bildirib ki, bəzən bu dələduzların arxasında rəsmi şəxslər dayanır: "Bu məsələlərdə hüquq-mühafizə orqanlarından olanlar, müxtəlif dövlət orqanlarında çalışanlar və onların yaxın qohumları iştirak edirlər. Bütün bunlar da cinayətkar fəaliyyətinin qarşısının alınmasını əngəlləyir. Çünki həmin işbazlar saxlanılan kimi tez zəng etdirib, canlarını qurtarırlar. Ağrını isə sadə, sıravi insanlar yaşayır”.
Ayyət Əhməd