Vətənə, xalqa xəyanət bağışlanmır

İctimai və dövlət maraqlarının müdafiəsi



Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2018-ci ilin "Cümhuriyyət ili” elan olunması ölkəyə mənəvi güc verdi. Milli istiqlalı əziz tutanlar Cümhuriyyət bayramına bir hədiyyə, töhfə vermək istədilər. Dəyərli nəşrlər ərsəyə gəldi. Təntənəli mərasimlər keçirildi, kitablar çap olundu. Ölkədə bayram əhval-ruhiyyəsi yaşandı. Yeni nəşrlərdən biri də "İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yol” kitabı idi. Kitab barədə danışmayacağam. Təqdimat mərasimində ziyalılarımız bu barədə danışıb, fikirlərini bildiriblər.

Niyə bu kitabın təqdimat mərasimini xatırladım?.. 

Həmin təqdimat mərasimində başqa bir mövzuya da toxunuldu. İstənməyərək. Könülsüz. Lakin zəruri. Qaçılmaz. "Cümhuriyyət ili” sevincini yaşadığımız, paylaşdığımız bir vaxtda, "meşə çaqqalsız olmaz” atalar sözü misalı, ürək bulandıran bir hadisə də baş vermişdi çünki. Rüstəm İbrahimbəyov adlı birisinin "Qafqaz üçlüyü” filmi sosial şəbəkələrdə yayılmışdı və təbii ki, gündəmi zəbt etmişdi. Bir masa arxasına toplaşmış ziyalılar, həm də müəzzəm fəaliyyətləri ilə Azərbaycan xalqının istiqlal tarixini yazmış şəxsiyyətlərin anıldığı bir tədbirdə dövlətimizə, xalqımıza qarşı kin, nifrət püskürən, dövlətçiliyimizə zərbə vurmaq çabaları sürdürən birisi barədə danışmaya bilməzdilər.

Sona Vəliyeva: "Xəyanətə haqq qazandırmaq mümkün deyil”

Fikrini ilk bildirən filologiya üzrə fəlsəfə doktoru, "Kaspi” Mətbuat və Təhsil Mərkəzinin rəhbəri Sona Vəliyeva oldu. Sona xanım təqdim olunan yeni nəşr barədə danışdıqdan sonra, gündəmdəki mövzuya da toxundu və dövlətçiliyimizə xələl gətirən şəxslərin mövcudluğundan böyük təəssüf duyduğunu dedi:
- Vaxtilə özünü bizə "müsbət” yöndən tanıtdıran İbrahimbəyov hazırda özünə nifrət qazandırır. Azərbaycan dövləti ulu öndər Heydər Əliyevin bizə yadigarı və əmanətidir. Biz bu dövləti gələcək nəsillərə çatdırmalıyıq. Xəyanətkarlara qarşı səsimizi qaldırmalı, mübarizə aparmalıyıq. Xəyanətə heç nə ilə haqq qazandırmaq mümkün deyil”. 

S.Vəliyeva söyləyib ki, Azərbaycan xalqını alçaltmaq istəyənlərin ölkəmizdə yeri yoxdur: 

"Azərbaycan xalqı 20 faiz torpağı işğala məruz qalmış, torpağı talan edilən xalqdır. Sən bu xalqı necə aşağılaya bilərsən? "Oskar” almaq istəyirsənsə, get bunu başqa yerdə et. Dövlət mükafatı almaq istəyirsənsə, onu başqa yerdə ara. Mükafat almaq üçün Azərbaycan xalqını alçaltmaq istəyənlərin bu dövlətdə bir santimetr belə yeri yoxdur. Bəlkə də biz Əkrəm Əylisli məsələsində bir az yumşaq davrandıq deyə, o, cəsarətləndi. Amma buna cəsarət deyil, xəyanət demək olar. Bu dövlət bizimdirsə, ona əl qaldıranlara qarşı əlimizi qaldırmalıyıq. Bu xəyanətdir, buna başqa ad vermək olmaz. Biz belə insanları lənətləməliyik. Biz xəyanətlərə qarşı səsimizi qaldırıb mübarizə aparmalıyıq. Xəyanətə heç nə ilə haqq qazandırmaq mümkün deyil. Namərd övladlara görə təəssüf edirəm”.

Xalqımıza zərbə vurmaq istəyən İbrahimbəyov kimdir?

Qeyd etməliyik ki, "Qafqaz üçlüyü” adlı rəzalətlə yenidən gündəmə gələn Rüstəm İbrahimbəyovun zərərli siyasi kursu, ermənipərəst mövqeyi artıq neçə ildir ki, özünü büruzə verir. R.İbrahimbəyov Azərbaycan Kinematoqrafçılar İttifaqında işlədiyi zamanlar da dağıdıcı fəaliyyət göstərib, "Qafqaz üçlüyü”ndən əvvəl də Azərbaycan milli kimliyinə mənfi münasibətlə yadda qalan ekran işlərinə müəlliflik edib. Onun "Əlvida, cənub şəhəri” filmində anti-milli mövqe mövcuddur. Filmin süjet xətti Qarabağ hadisələri nəticəsində paytaxta köç etmiş qaçqın və məcburi köçkünlərin şəhər əhalisi ilə münasibətləri üzərində qurulub. Filmdə Bakıya "axışan” qaçqınlar aşağılanır, təhqir edilir. Zatən, R.İbrahimbəyov qaçqınlara, köçkünlərə nifrətini bir neçə il öncə etiraf etmişdi, "qaçqınlar gəldi, Bakını korladı” ifadələri ilə. Yenə də bu adam öz ampluasında qalmaqdadır. 

Onun "Kabusun gözü ilə” filmi də azərbaycanlılara nifrət aşılayır. Sanki bu adamın mayası Azərbaycana, Azərbaycan turkünə nifrətlə yoğrulub. Bu insanın bütün strategiyası Azərbaycan xalqını aşağılamaq məqsədi daşıyır. "Qafqaz üçlüyü” filmi başdan-ayağa yalan, iftira, eyni zamanda siyasi konyuktura əsasında qurulub. Görünən budur ki, R.İbrahimbəyov film vasitəsilə qeyri-vətəndaş, anti-Azərbaycan mövqeyindən çıxış etməklə siyasi dividend qazanmağa çalışır. R.İbrahimbəyov Rusiya mətbuatına müsahibələrində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı adətən qıcıq doğuracaq açıqlamalar verməyə alışıqdır. Qarabağı "münaqişəli ərazi” hesab etməsi, bu adamın anti-dövlət mövqeyinin göstəricisidir.

Elman Nəsirli: "Bu,məqsədyönlü addımdır”

Milli Məclisin deputatı Elman Nəsirov bu fikirdədir ki, R.İbrahimbəyovun bütün mahiyyəti ermənipərəstdir:

- Mən üzümü Rüstəm İbrahimbəyova tutaraq bildirmək istəyirəm ki, siz Azərbaycan xalqının yaddaşında təkcə xəyanətkar kimi deyil, yalançı bir insan kimi də qalacaqsınız. R.İbrahimbəyov azərbaycanlı adı və soyadını daşısa da, əslində onun bütün mahiyyəti ermənidir. Əgər İbrahimbəyovda milli qeyrət varsa, o, ermənilərin əlində bir alətə çevrilməyibsə, dönük deyilsə, satqınlıq yolunu seçməyibsə, onda niyə Azərbaycanın bir milyondan çox qaçqın və məcburi köçkününün acı taleyi, onları bu günə salan Ermənistanın işğalçılıq siyasəti ilə bağlı bir əsər yazmayıb və bir film çəkməyib? Dünyanın gözü qarşısında Xocalı soyqırımı baş verib. Niyə İbrahimbəyovun bununla bağlı bir mövqeyi yoxdur? Çünki onun xisləti bəllidir. Filmdə azərbaycanlıların qatil, əzazil kimi göstərilməsi məqsədyönlü şəkildə atılmış bir addımdır. Filmdə bir səhnə var. Həmin səhnədə azərbaycanlı uşaqlar ermənini quyuya salıblar və onun başına daş yağdırırlar. Təbii ki, buna baxan bir avropalı tamaşaçı sual verər ki, bu daş atanlar kimdir? Rüstəm İbrahimbəyov da öz filmində göstərir ki, bunlar azərbaycanlılardır. Başına daş atılan, ölümə məhkum edilən kimdir? İbrahimbəyov göstərir ki, ermənidir. Bu, bir məişət hadisəsi fonunda qeydə alınıbsa, nəyə görə filmdə azərbaycanlı gürcünü bıçaqlayıb öldürür? Doğrudan da bir məişət hadisəsidirsə, siyasi mənası yoxdursa, onda ssenarist elə edərdi ki, erməni gürcünü öldürərdi. Bu, məqsədyönlü şəkildə atılmış bir addımdır.

"Dövlət maraqları təhdid edilirsə, yumşaq davranmaq olmaz”

R.İbrahimbəyovla bağlı fərqli davranış sərgiləyənlər, az da olsa var. Bir neçə nəfər bu fikirdədir ki, sənət adamlarının, yazıçı, şairlərin

fəxri adlarının geri alınması zehniyyətindən” uzaq durulmalıdır.

Sərt davranış sərgiləmək, guya sivil dünya qaydalarına ziddir. Soruşulur; xalqını, millətini təhqir etmək, dövlət maraqlarına zidd davranış sivil dünya qanunlarına uyğundurmu?

"Səs” Media Qrupunun təsisçisi və rəhbəri Bəhruz Quliyev hesab edir ki, ictimai və dövlət maraqları təhdid edilirsə, yumşaq davranılmamalıdır:

- R.İbrahimbəyovun mövqeyi təkcə xalqımıza, Azərbaycan vətəndaşlarına qarşı deyil, həm də dövlətçiliyimizə qarşı olan addımdır. Erməni yazarları, rejissorlarının edə bilmədiyini, R.İbrahimbəyov etdi. Belə bir adama və onun iyrənc davranışına qarşı daha kəskin addımlar atılmalıdır. Hesab edirəm ki, R.İbrahimbəyov Azərbaycan vətəndaşlığından çıxarılmalıdır, vətəndaşlıq hüququ ləğv edilməli, vaxtilə dövlət tərəfindən ona verilmiş fəxri adlar, mükafatlar geri alınmalıdır. Bununla bağlı, artıq ictimaiyyətdə çağırışlar var, sosial şəbəkə istifadəçiləri aktivdirlər, fikir bildirirlər, böyük əksəriyyət bu fikirdədir ki, bəli, R.İbrahimbəyov Azərbaycan vətəndaşı adını daşıya bilməz. Vətəndaş mövqeyi ortaya qoyulub artıq. Bu adamın səhv, yanlış və bağışlanmaz hərəkəti, ictimaiyyət tərəfindən tamamilə haqlı olaraq kəskin pislənir. İndi söz dövlət orqanlarınındır və mən inanıram ki, Azərbaycan dövləti gərəkən addımları atacaq.

B.Quliyev bildirdi ki, xalqımız təhqir olunursa, burada heç bir güzəştdən söhbət gedə bilməz:

- Birisi Azərbaycan xalqını və dövlətini bu səviyyədə təhqir edirsə, Azərbaycanın haqlı davasına ermənipərəst mövqedən yanaşıb, zülmə, işğala məruz qaldığımız halda, əksinə, bizi qəddar, cinayətkar, qorxaq kimi göstərirsə, bu adamı Azərbaycan tarixindən silmək lazımdır. O bir yaradır, genişlənib daha da artıq ziyan verməsin deyə, birdəfəlik kəsilib atılmalıdır. Azərbaycan ictimaiyyəti onun çəkdiyi yalanlara, iftiralara necə soyuqqanlı, "sivil”, "mədəni tərzdə” yanaşa bilər? Bu adam hər fürsətdə qaniçən, qorxaq, fürsətcil, əzazil azərbaycanlı obrazı yaratmağı qarşısına məqsəd qoyub. Azərbaycan multikulturalizmi, tolerantlığı hazırda dünyaya örnək olduğu, ölkəmizin ərazisində tarixən məskunlaşmış xalqların nümayəndələrinin dövlət orqanlarında, Milli Məclisdə təmsil olunduğu, bütün etnik qrupların birgə mehriban şəraitdə yaşadığı, Ermənistanın isə monodövlətə çevrildiyi bir zamanda başqa xalqın nümayəndələrinin guya Azərbaycanda öldürüldüyünü ekranlaşdırmaq kimə və nəyə xidmət edir? Təbii ki, Azərbaycanın inkişafını gözü götürməyən xarici güclərin mənafeyinə. Belə bir adama qarşı Azərbaycan ictimaiyyəti niyə də mülayim davranmalıdır? Xeyr. Bu adama qarşı ən sərt addımlar atılmalı, onun Azərbaycanla əlaqəsi, bağlantısı tamamilə kəsilməlidir.

İctimaiyyət nümayəndələri də etiraz edir

Rüstəm İbrahimbəyova ictimaiyyət nümayəndələrinin qəzəbi əməli müstəviyə keçir. Qaçqın və məcburi köçkünlər, Qarabağ müharibəsi iştirakçıları, veteranlar, ictimaiyyət nümayəndələri, ziyalılar R.İbrahimbəyova Azərbaycan dövləti tərəfindən vaxtilə verilmiş fəxri adların, titulların ləğvini tələb edirlər. Sosial şəbəkələrdə bu məsələ ətrafında müzakirələr gedir. Fikrini sərbəst ifadə edənlər R.İbrahimbəyovun Azərbaycan xalqının iradəsinə, milli dəyərlərə, dövlətçiliyə düşmən münasibət nümayiş etdirdiyini, xalqımızın milli mənafeyini ayaqlar altına atdığını, Azərbaycan xalqını aşağılayıb, təcavüzkar, qaniçən, körpələrimizi, qadınları, qocaları xüsusi amansızlıqla qətlə yetirmiş erməni separatçılarını isə "mədəni”, "xeyirxah” millət kimi göstərərək onlara simpatiyasını ifadə etdiyini, bu səbəbdən də Azərbaycan dövlətinin hər hansı mükafatını artıq haqq etmədiyini yazırlar. 

Gözlənilir ki, qaçqın və məcburi köçkünlərin, müharibə iştirakçılarının, ziyalılar və ictimaiyyət nümayəndələrinin təmsil olunduğu təşkilatlar, həmçinin ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları Rüstəm İbrahimbəyovun titullarının ləğvi ilə bağlı Azərbaycan hökumətinə rəsmi qaydada müraciət edəcəklər. Çünki öz xalqına - əslində, R.İbrahimbəyov azərbaycanlı adını daşımaq şərəfini artıq itirib - düşmən mövqedə dayanmış birisinin bu ölkənin, bu dövlətə mənsubluğu birdəfəlik ortadan qaldırılmalıdır. Mədəniyyət və tarix xəzinəmizi əsrlər boyu zənginləşdirənlərlə yanaşı, yediyi çörəyə, nəfəs aldığı havaya, doğulduğu və nə vaxtsa üzərində gəzdiyi torpağa xəyanət edənlərdə də təəssüf ki, ara-sıra ortaya çıxır. Onlara ən tutarlı cavabı isə Azərbaycan dövləti, ziyalılarımız və ictimaiyyət nümayəndələri verir. Belə də olmalıdır. Vətənin, dövlətin, xalqın maraqları hər şeydən üstündür.

Məlahət Rzayeva

Yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Azərbaycan Xalq Cümhuriyyətinin 100, Milli Mətbuatın yaranmasının 143-cü ildönümü münasibətilə elan etdiyi müsabiqəyə təqdim olunur.