Hamilə qadınlar vaxtlı-vaxtında həkim müayinələrindən keçməlidirlər - Ginekoloq

  • Vaxtında müayinə olunduqda körpənin sağlamlığı haqda dəqiq məlumat alınır

“Hamilələyin 10-12-ci həftəsində, yəni hamiləliyin 3-cü ayında döldə tibbi müayinələr nəticəsində ciddi, həyatla bir araya sığmayan və ya ağır şikəstliyə yol açan qüsurlar aşkar edilərsə, hamiləlik qanuni və tibbi şəkildə dayandırıla bilər. Dölün inkişafında qüsurlar olduğu isə hamiləliyin 10-12-ci ayında USM müayinəsi zamanı aydın görünür”.

Bu barədə Sherg.az-a həkim-ginekoloq Fəxranə Hüseynzadə bildirdi. Həkim qeyd etdi ki, USM müayinəsi olunan hamilə qadınlara dölün vəziyyəti barədə ətraflı məlumat verilir. Ana doğulacaq körpəsinin sağlamlığı haqda məlumatlı olur. Təbii əgər hamilə qadın müayinələrə vaxtlı-vaxtında gedirsə, eləcə də USM edən radioloq və ya sonoloq həkim peşəkardırsa, qüsurları görüb ayırd edə bilirsə. 

Xatırladaq ki, Bakının Sabunçu rayonunda yerləşən tibb müəssisələrindən birində anadangəlmə yuxarı ətrafları (qolları) olmayan körpə dünyaya gəlib. Doğuşdan sonra körpənin anası övladından rəsmi şəkildə imtina edib. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunub. Uşağın səhiyyə müəssisəsində mövcud vəziyyəti qiymətləndirilib və o, daimi qayğı ilə əhatə olunması üçün Sosial Xidmətlər Agentliyi tərəfindən qanunvericiliyə uyğun olaraq müvafiq uşaq müəssisəsinə yerləşdiriləcək. 

F.Hüseynzadə qeyd etdi ki, hazırda çox güclü müasir müayinə üsulları var, hamilə qadınlar dölün vəziyyətini dəqiqliyi ilə öyrənə bilirlər, əlbəttə əgər müayinə olunurlarsa: 

- Biz həmişə bunu dönə-dönə deyirik, tövsiyə edirik ki, hamilə qadınlar vaxtlı-vaxtında, həkimin təyin etdiyi kimi müayinələrdən keçməlidirlər. Vaxtında müayinə olunduqda körpənin sağlamlığı haqda dəqiq məlumat alınır. Hər hansı problem görünürsə, həkim müalicə təyin edir, yaxud, aradan qaldırılması qeyri-mümkün qüsurlar olduqda hamiləliyə son verilməsi qərara alınır. Şübhəli bir vəziyyət yarandıqda, standart 2D (ağ-qara) müayinədən əlavə 3D/4D ultrasəs vasitəsilə körpənin bədən forması real zaman rejimində əyani şəkildə görüntülənir. Bu, valideynlərə və həkimlərə qüsurun dərəcəsini vizual olaraq tam anlamağa kömək edir. Həkimin peşəkarlığı və cihazın keyfiyyəti də əsasdır. 

F.Hüseynzadə bildirdi ki, körpələrin anadangəlmə fiziki və ya zehni qüsurlarla doğulmasına genetik faktorlar, hamiləlik dövründəki xarici təsirlər və ananın sağlamlıq vəziyyəti səbəb ola bilər. Valideynlərdən birində və ya hər ikisində olan qüsurlu genlər uşağa ötürülə bilər. Hüceyrə bölünməsi zamanı yaranan səhvlər, məsələn, Daun sindromu, inkişaf qüsurlarına yol açır. Yaxın qohum nikahları da genetik xəstəliklərin və qüsurların uşaqda üzə çıxma riskini kəskin şəkildə artırır. Hamiləlik zamanı keçirilən İnfeksiyalar, zərərli vərdişlər, alkoqol və tütün istifadəsi daxili orqanların və beynin qüsurlu inkişafına səbəb olur. Yaş faktoru da önəmlidir. Yaşın 35-dən yuxarı olması xromosom pozuntusu riskini artırır. Səbəblər çoxdur. Hamiləliyin planlaşdırılması mərhələsində genetik testlərin edilməsi və hamiləlik boyu mütəmadi ultrasəs müayinələri bu risklərin böyük hissəsini vaxtında aşkarlamağa kömək edir.