Baş prokurorluğa ünvanlanan müraciət, sadəcə avantüradır“Başa düşə bilmirəm ki, Mixail Qorbaçovun Dövlət Şurasına görə məsuliyyətə cəlb olunması məsələsi Dövlət Dumasının yadına niyə məhz indi düşdü?”
"Vahid Rusiya” fraksiyasından olan deputatlar bir neçə həftə əvvəl baş prokuror Yuri Çaykaya müraciət edərək 1991-ci ildə SSRİ Dövlət Şurasının yaradılmasına və legitimliyinə hüquqi qiymət verməyə çağırıblar.
Baş Prokurorluq da Duma üzvlərinin SSRİ Dövlət Şurasının Baltikyanı respublikaların müstəqilliyinin tanınmasına dair qərarının "vətənə xəyanət” kimi qiymətləndirilməsinə dair müraciəti əsasında araşdırma başladıb.
Müraciətə əsasən, Mixail Qorbaçovun başçılığı ilə yaradılan qeyri-konstitusion hakimiyyət orqanı ölkənin suverenliyinə, dövlət təhlükəsizliyinə və müdafiə qabiliyyətinə dağıdıcı zərbə vurub.
Yuri Çaykaya göndərilən müraciətdə bildirilib ki, 1991-ci ildə ovaxtkı SSRİ konstitusiyasına müvafiq dəyişikliklər edilmədən yeni dövlət orqanı - Dövlət Şurası yaradılıb. Həmin orqanın qərarı əsasında Litva, Latviya və Estoniyanın müstəqilliyi tanınıb: "Bu qərar SSRİ-nin strateji əhəmiyyətli ərazisinin ondan ayrılmasına, dəniz limanlarının və akvatoriyasının itirilməsinə, ölkənin vahid müdafiə məkanının dağıdılmasına, Baltikyanı respublikalarla iqtisadi əlaqələrin pozulmasına səbəb olub”.
Deputatların iddiasına görə, SSRİ Dövlət Şurasının bir sıra addımları və hərəkətləri ölkənin suverenliyinə, ərazi bütövlüyünə, dövlət təhlükəsizliyinə və müdafiə qabiliyyətinə sarsıdıcı zərbə vurub. Bu səbəbdən şuraya daxil olan şəxslərin əməlləri vətənə xəyanət kimi qiymətləndirilməli və onların barəsində cinayət işi qaldırılmalıdır. Çünki bu cür cinayətlərdə vaxt məhdudiyyəti yoxdur. Onu da deyək ki, Dövlət Şurasının son tərkibində Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov da yer alıb.
Politoloq Qabil Hüseynli isə hesab edir ki, Rusiya Dövlət Dumasının hakim "Vahid Rusiya” fraksiyasından olan üzvlərinin SSRİ Dövlət Şurasının Baltikyanı respublikaların müstəqilliyinin tanınmasına dair qərarının "vətənə xəyanət” kimi qiymətləndirilməsinə dair Baş Prokurorluğa ünvanladıqları müraciət sadəcə avantüradır:
"İllər sonra bu məsələnin gündəmə gətirilməsi və araşdırılması üçün Prokurorluğa müraciət edilməsi uğursuz bir cəhddir. Başa düşə bilmirəm ki, Mixail Qorbaçovun Dövlət Şurasına görə məsuliyyətə cəlb olunması məsələsi Dövlət Dumasının yadına niyə məhz indi düşdü? Faktiki olaraq, 1991-ci ilin payızında SSRİ faktiki olaraq parçalanıb məhv olmağın bir addımlığında idi. Daha doğrusu, SSRİ-nin mərkəzi hakimiyyət orqanlarının dağılması, Dövlət Şurasının yaranması təbii tarixi proseslər idi. Onu da deyim ki, SSRİ Dövlət Şurası SSRİ-nin "Keçid dövründə SSRİ-nin idarə edilməsi və dövlət hakimiyyəti orqanları” haqda 1991-ci il, sentyabrın 5-də qəbul edilmiş qanunu əsasında yaradılıb. Bu orqan SSRİ Konstitusiyasında nəzərdə tutulmayıb. Qanuna əsasən, Dövlət Şurası ittifaqa daxil olan respublikaların ümumi maraqlarına aid olan, onların xarici və daxili siyasi məsələlərini əhatə edən qərarlar qəbul etməli idi. Bu isə SSRİ-nin dağılmasından cəmisi bir neçə gün əvvəl qəbul edilib. "Müstəqillik Parad”ı kimi qəbul edilən qərarda müttəfiq respublikaların SSRİ tərkibindən çıxarılması haqqında müddəalar yer alıb. Üzərindən 24 il keçəndən sonra həmin qərarın qanunauyğun olub-olmaması haqqında araşdırma aparmaq lüzumsuzdur”.
Q.Hüseynlinin sözlərinə görə, müttəfiq respublikaların hər biri öz müstəqilliklərini Ali Sovetlərində elan ediblər. Dövlət Şurası isə sadəcə olaraq baş vermiş hadisələri diktə edib. Əsas məsələ Dövlət Şurasının ittifaqa daxil olan respublikaların ümumi maraqlarına aid olan, onların xarici və daxili siyasi məsələlərini əhatə edən qərarlarından yox, Ali Sovetin bu məsələyə yanaşması və məsələlərin müzakirəsindən qaynaqlanıb: "Hesab edirəm ki, məsələni hüquqi müstəviyə çıxaran zaman Baltikyanı respublikaların SSRİ ərazisinə zorla birləşdirilməsi, qarşı çıxanların həbs edilməsi, güllələnməsi kimi məsələləri də gündəmə gətirmək lazımdır.
Əslində Baltikyanı ərazilər beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırmalıdır ki, 1939-cu ilin sentyabr ayında Şərqi Ukrayna, qədim Polşa əraziləri zor gücü ilə SSRİ-nin tərkibinə daxil edilib. 1940-cı ildə isə hücum edərək Baltikyanı əraziləri işğal ediblər. Faşist Almaniyası ilə Stalin SSRİ arasındakı razılaşma bir çox respublikaların müstəqilliyinə son qoyulması ilə nəticələnib. Bu isə birmənalı olaraq işğal faktıdır”. Politoloqun sözlərinə görə, "Vahid Rusiya” fraksiyası bu məsələləri müzakirəyə çıxarıb, araşdırmaq əvəzinə, bu məsələyə toxunub, öz babalarının əməllərinə hüquqi qiymət tələb etsinlər. Çünki sonradan öz müstəqilliklərini bərpa etmiş respublikaların bu qərarının hüquqi aspektdən araşdırılması heç bir beynəlxalq standartlara cavab vermir. İstənilən məhkəmə çox asanlıqla həmin respublikaların xeyrinə qərar çıxara bilər. Əksinə, bu məsələni yenidən gündəmə gətirən adamların özləri və onların babaları təcavüzkar, müttəfiq respublikaların suverenliyini əlindən almış qüvvələr kimi siyasi məsuliyyətə cəlb edilə bilər”.
Şəymən