Vəziyyət getdikcə çətinləşir

Qiymətləri qaldıra bilmirlər, işçiləri saxlamaq mümkün deyil



Paytaxtın bir neçə super-marketlər şəbəkəsi rəhbərləri iqtisadiyyat naziri Şahin Mustafayevə müraciət edərək durumlarını anladıb və nazirdən onları qəbul etməsini istəmişdi.
Sahibkarların iqtisadiyyat nazirinə ünvanladıqları müraciətdə deyilirdi ki, 2015-ci ilin fevral ayının 21-də baş verən devalvasiyadan sonra qiymət artımı və işçi ixtisarına getmədiklərinə görə, Azərbaycanın əsas super-market şəbəkələrinin mənfəət marjaları minimuma enib. Lakin qiymətləri qaldırmadan şəbəkələrdə rentabelliyi və işçi sayını qoruyub saxlamaq mümkün deyil. Maddi sıxıntılar mağazaların bağlanmasına və işçilərin ixtisarına səbəb olub.

Sahibkarlar hesab edir ki, yaranmış vəziyyəti, iqtisadi şərtlərin ağırlaşmasını nəzərə alaraq hökumət pərakəndə satış sahəsində vergi yükünü azaltmaq üçün addımlar atmalıdır.

Sahibkarlar xahiş edir ki, sosial əhəmiyyətli gündəlik tələbat mallarının, xüsusən yerli istehsal olan kənd təsərrüfatı məhsullarının, habelə uşaq qidalarının istehsalı və bütün satış zəncirinə ƏDV tətbiqi aradan qaldırılsın və iqtisadiyyat naziri bu problemin həll edilməsi üçün qanunvericilikdə düzəliş təşəbbüsü ilə çıxış etsin.

Müraciəti "Bizim” marketlər şəbəkəsi adından təsisçi Rasim Salmanov, "FRESKO” və "SƏBƏT” marketləri adından direktor Kamran Eyyubov, "Rahat” marketlər şəbəkəsi adından təsisçi Cəlal Babakişiyev, "Makromart” marketlər şəbəkəsinin təsisçisi Kamal Əliyev, "Araz” marketlər şəbəkəsi adından İlqar Nuri, "Neptun” maketlər şəbəkəsi adından direktor Vüqar İbrahimov, "Bolmart” marketləri adından Elçin Kərimov, "Favorit” marketlər şəbəkəsi adından Aydın Əzizov, "Mega store” və "Sarı” marketləri adından Eşqin İsmailli imzalayıblar.

İqtisadiyyat naziri Şahin Mustafayev super-market şəbəkələri rəhbərlərinin müraciətinə səssiz qalmayıb və dünən onları qəbul edib.

Bu haqda Modern.az saytına nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev məlumat verib. A.Əliyev bildirib ki, nazir sahibkarları dinləyib, hazırda müraciətlər əsasında məsələ araşdırılır.

Məsələyə münasibət bildirən iqtisadçı Fuad İbrahimov "Şərq”ə açıqlamasında qeyd etdi ki, manatın ucuzlaşması fonunda qiymətlərin qalxacağı gözlənilən idi:

- Qiymət artımı tamamilə gözlənilən və təbiidir. Çünki ərzaq məhsullarının 85 faizi ölkəyə idxal olunur. Ya tam, ya da komponent şəklində. Belə şəraitdə ummaq ki, qiymətlər qalxmasın, absurddur. Düzdür, iri ticarət mərkəzlərinə, sahibkarlara tapşırıq verildi ki, yaranmış situasiyadan sui-istifadə hallarına yol verməsinlər və bunu da deməliyik ki, sahibkarlar da çağırışa biganə qalmadılar, manatın 100 faiz devalvasiyası qarşılığında qiymətlərin yalnız 15-30 faiz qalxması müşahidə olundu. Ancaq göründüyü kimi, bu, biznesə böyük zərbə vurur. Ona görə də sahibkarlar belə bir müraciətlə çıxış ediblər. Dünyada belə bir praktika mövcuddur, sahibkarlara kömək, iqtisadiyyatın çökməsinin qarşısını almaq üçün hökumət yumşaldıcı və stimullaşdırıcı addımlar atır. ƏDV-nin ləğvi belə yumşaldıcı addımlardan biri ola bilər. Amma bizdə, nədənsə, sərtləşdirici addımlara üstünlük verilir. Sahibkarların təklifi qəbulolunandır. Güzəştli şərtləri diferensial qaydada, məsələn, ərzaq məhsullarına tətbiq etmək olar. Bilirsiz, hər hansı addım atılsa da, müvəqqəti xarakter daşıyacaq. Çünki makroiqtisadi tarazlıq artıq pozulub. ƏDV-nin ləğvi, vergi yükünü azaltmaq və sairə müvəqqəti müalicə xarakterlidir. Yəni, bunlar ilkin tibbi yardıma bənzəyir. İqtisadiyyatın dirçəldilməsi üçün əlbəttə kompleks tədbirlər planı işə düşməlidir. "Bunu edək, sonra o birisini edərik” kimi yanaşma qətiyyən yolverilməzdir. Kompleks tədbirlər elə kompleks şəkildə də icra olunmalıdır. Əlbəttə, ƏDV-nin götürülməsi indiki halda hökumətə sərfəli deyil.
Amma çətin durumda sahibkarlara dəstək üçün, ticarət səviyyəsi aşağı düşməsin, sahibkarlar ayaqda qalsın, işsizlik faizi artmasın deyə, keçici tədbirlər görülə bilər və bunun effekti də olar. Hesab edirəm ki, sahibkarların təklifləri qəbulolunandır.

Məlahət Rzayeva