Vəziyyət nəzarətdə saxlanır

Ölkəmizdə “donuz qripi” ilə bağlı şübhəli hal yoxdur



"Donuz qripi” virusu artıq qapımıza dirənib. Bir neçə gün əvvəl cənub qonşumuz İranda "donuz qripi”nin yayıldığı və virusdan ölənlərin sayının 33 nəfərə çatdığı bildirilmişdi. İndi isə qərb qonşumuz Gürcüstandan həyəcanlı xəbərlər gəlir. Tiflisdə A/H1N1 qripi ("donuz qripi”) ilə bağlı 7 yoluxma halının qeydə alındığı bildirilir.

Bu barədə APA-nın Gürcüstan bürosu məlumat verib. Məlumata görə, Gürcüstanda fəaliyyət göstərən Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin rəhbərinin müavini Paata İmnadze bildirib ki, "donuz qripi”nə yoluxma faktı laboratoriyada yoxlanılıb və təsdiqini tapıb. P.İmnadze qeyd edib ki, regionlarda hələlik virusa yoluxma halı qeydə alınmayıb.

P.İmnadze əhalini qripə yoluxmamaq üçün təmizliyə riayət etməyə çağırıb və xəstələnən şəxslərə isə evdən çıxmamağı və sonadək müalicə almağı tövsiyə edib.

Azərbaycanla sərhəd 2 ölkədə belə bir epidemiyanın yayılması ölkəmiz üçün də təhlükəlidir. Nəzərə alsaq ki, hər iki ölkə ilə sıx iqtisadi əlaqələrimiz var, vətəndaşlarımız da bu ölkələrə sıx-sıx gedib-gəlir, xüsusilə də, Gürcüstandakı minlərlə soydaşlarımız dədə-baba yurdlarına səfər edir, qohum-əqrəba ilə görüşürlər, təhlükənin real olduğunu söyləməyə kifayət qədər əsas var.

Azərbaycan Səhiyyə Nazirliyi isə narahatlığa əsas görmür. Nazirliyin mətbuat xidmətində verilən məlumatda bildirilir ki, Azərbaycanda "donuz qripi” ilə bağlı hər hansı şübhəli hal qeydə alınmayıb: "Epidemioloji durum daim nəzarət altındadır. Məlumatda qeyd edilir ki, "donuz qripi” təhlükəsinə görə Səhiyyə Nazirliyinin aidiyyəti qurumlarına hər hansı bir müraciət daxil olmayıb”.

Bununla belə tibb mütəxəssisləri əhalini ehtiyatlı olmağa çağırır, şübhəli hal hiss etdikdə dərhal həkimə müraciət etməyi, müayinələrdən keçməyi məsləhət görürlər. Artıq qeyd edildiyi kimi, "donuz qripi”nin əlamətləri adi qrip əlamətlərinə çox oxşardır. Boğaz ağrısı, öskürək, qızdırma, halsızlıq. Müalicəyə baxmayaraq bu əlamətlər uzun müddət keçmirsə, mütləq həkimə müraciət edilməlidir.

Məlahət Rzayeva