Vidadi Babanlı: “Hələ də sərbəst yeriyə bilmirəm”

Yazıçı Vidadi Babanlı durumu, yaradıcılıq fəaliyyəti, qələm dostları, ölkədəki ədəbi mühit, gənc yazarlar, kitaba olan marağın azalması, ahıl yazarlara dövlət qayğısı və s. kimi mövzular ətrafında Sherg.az-a danışıb.
- Vidadi müəllim, necəsiz? Səhhətiniz necədir?
- Ayağım sınmışdı. Hələ də sərbəst yeriyə bilmirəm. Vəziyyətim belədir.
- Həkimə getmisizmi? Sizi ayağa qaldıracaqlarına söz verirlərmi?
- Hələ bilinmir. Bir ildən çoxdur ki, bu vəziyyətdəyəm. Nə bilim, hələ köməkçi dəmirlə yeriyirəm. Sərbəst yeriyə bilmirəm. Görək, nə qədər çəkir.
- Allah şəfa versin. Səhhətiniz yaradıcılığınıza maneə olmur ki?
- Xeyr. Yaradıcılıqla məşğul oluram, amma əvvəlki kimi yox. Qalxıram masa arxasında bir saat otururam, sonra qayıdıram yerimə. Hələ yazıram, görək nə çıxır. Bu yaxınlarda yeni şeirlər kitabım çıxacaq. İndi mətbəədədir.
- Bu kitabın adı nə olacaq? Orada hansı mövzulara toxunmusuz?
- Hər cür mövzu var. 15 bölmədir. Gərək oxuyasınız. Orada "Mənim sözüm, mənim özüm”, "İstiqlal nəğmələri”, "Nisgilli duyğular” "Gənclik şeirləri”, "Təbiət lövhələri” və bir az da məhəbbətlə bağlı bölmələr var. Çox maraqlı kitabdır.
- Qələm dostlarınızdan razısızmı? Sizə baş çəkirlərmi?
- İndi dostlarım azalıb. Çoxu dünyasını dəyişib. Nizami Cəfərov əlaqə saxlayıb danışır. Bir alim dostum var, Rafiq Əliyev. O hərdən baş çəkir. Bir də Osman müəllim məni ziyarət edir. Əvvəlki vəziyyət yoxdur. Qələm dostlarım dünyalarını dəyişiblər. Təzələri ilə də əlaqəm yoxdur.
- Təzələr demişkən, gənc şair və yazarlarımızdan tanıdıqlarınız varmı? Onlardan hansını oxuyursuz?
- 5 ilə yaxındır ki, gözüm zəif görür. Mütaliədən qalmışam. Gəncləri izləyə bilmirəm. Nə yazıb-pozduqlarından da xəbərim yoxdur. Amma bircə onu bilirəm ki, iddiaları böyükdür. Onlarda bu iddia olmasa, yaxşıdır. İddianı kənara qoyub, yaradıcılıqla məşğul olmalıdırlar. Dedi-qodu ilə məşğul olmaq lazım deyil. Başlarını aşağı salıb yaradıcılıqla məşğul olsalar, daha çox rəğbət qazanarlar. Oxucuların da hörmətini qazanarlar və bununla da ədəbiyyatımıza yaxşı xidmət göstərə bilərlər.
- Azərbaycan ədəbi mühitinin hazırkı vəziyyətini necə dəyərləndirirsiz?
- Səhhətimlə bağlı demək olar ki, ədəbiyyatı izləyə bilmirəm. Ona görə də, bu barədə söz demək mənim üçün çətindir. Kimin nə yazdığını bilmirəm. Hərdən qəzetlərdən Elçinin, Anarın yazdıqlarını oxutdururam. Özüm oxuya bilmirəm ki, görüm kim nə yazır və necə yazır. Xəbərim yoxdur. Dəqiq söz deyə bilmərəm.
- Bunlar hansı qəzetlərdir?
- "Ədəbiyyat”, "Kaspi”, hərdən bir də "525-ci qəzet”lərdir. Evdən bayıra çıxa bilmirəm. Bu səbəbdən əlaqələrim yoxdur.
- Son zamanlar həmin o iddialı gənclərin klassikləri bəyənməməsi sanki ənənə halını alıb. Buna münasibətiniz necədi?
- Bunlar hamısı yekəxanalığın nəticəsidir. Özləri yazıb, ortaya bir şey qoya bilməyiblər. Amma durub klassikləri bəyənmirlər. Bu, müsbət hal deyil. Bizim gənclik dövrümüzdə də elə gənclər vardı ki, özlərindən əvvəlkiləri inkar edirdilər. Nə Mirzə Fətəlini, nə Haqverdiyevi bəyənirdilər. Amma onlar sonradan sıradan çıxdılar. Heç biri ədəbiyyatda iz qoya bilmədi. Yarı yolda qaldılar və ədəbiyyatda heç izləri-tozları da qalmadı. Ədəbiyyat çox çətin sənətdir. Həvəsə düşüb gəlirlər və sonra da ortaya heç bir sanballı iş qoya bilmirlər. Amma yekəxanalıqlarından da qalmırlar. Klassikləri bəyənmirlər, onlara laqeyd yanaşırlar, pis münasibət bəsləyirlər. Belələrinin gələcəyi olmur. Bizim vaxtımızda ədəbiyyata yüzlərlə gənc gəlmişdi. Onların çoxu çıxıb getdi. Cəmi 5-6 nəfər qaldıq. Bilmirik onun da ikisi-üçü ədəbiyyat tarixində qalacaq, ya qalmayacaq. Ədəbiyyat çətin sənətdir. Həvəsə düşüb, gəlməklə deyil. Burada fitri istedad lazımdır. Fitri istedadı olanlar da heç zaman özlərindən razı olmurlar. Təvazökar olurlar. Özlərinə, ədəbiyyata ciddi yanaşırlar.
Ədəbiyyat belə adamları sevir və saxlayır. Yoxsa, hələ bir şey yazmamış, gəlib, yekə-yekə danışırlar, başqalarını bəyənmirlər. Gərək özündən əvvəlkilərə hörmətlə yanaşasan. Onları da oxuyub, öyrənəsən. Biz də vaxtilə əvvəlkilərdən nəsə öyrənmişik. Mən bu cür inkarçı gəncləri bəyənmirəm. Ondansa, gedib, ermənilərlə dostluq etsinlər. Çünki ermənilər də deyirlər ki, Azərbaycanda ədəbiyyat yoxdur. Belə gəncləri qəbul etmirəm və onların gələcəyini də görmürəm. Heç biri ədəbiyyatda qalası deyil.
- Bəzi şairlər deyir ki, şeir yazmaq üçün spirtli içki içirəm, bəziləri bildirir ki, təbim gələndə yazıram. Siz necə yazırsız?
- Şeirdə, əsərdə belədir ki, gərək ilahidən gəlsin. Sən özün heç bilmirsən ki, nəyi, nə vaxt yazacaqsan. Bəzən stol arxasına keçirsən və heç nə yaza bilmirsən. Bəzən də gecə yarısı səni yuxudan oyadır. Bu, ilahi bir işdir. Əsl fitri istedadlar belə olurlar. Əsər, roman yazırdım və sonra oxuyanda təəccüblənirdim. Öz-özümə deyirdim axı, mən bu barədə heç düşünməmişəm, bu fikirlər haradan gəldi çıxdı. Yəni bunların hamısı ilahidən gəlir.
- Uzun illərdir yazıb, yaradırsınız. Əlinizə qələm götürüb şeir yazdığınız ilk gündən bu günə kimi keçilən yola boylananda nə görürsüz? Ədəbiyyat sizə nə bəxş etdi?
- Ədəbiyyatdan qazanc, mənfəət gözləmək olmaz. Ədəbiyyat qazanc mənbəyi deyil. Ədəbiyyat ruhi haldır, mənəvi sərvətdir. Burada qazanc gözləmək mümkün deyil. Sovet dövründə az miqdarda qonorar verirdilər. İndi isə heç nə verilmir. Yalnız özün kitabı çap etdirib, sonra satışını da özün təşkil edirsən. Bu proses çox qəliz məsələ kimi qalır. Bununla məşğul olmaq lazımdır. Kitabların yayımı ilə məşğul olacaq bir qurum, təşkilat yaradılmalıdır. Yoxsa, yazıçıların, şairlərin aparıb, özlərinin kitabını satması yaxşı alınmır. Ona görə də, oxucular yavaş-yavaş ədəbiyyatdan uzaqlaşırlar. Əvvəllər rayonlarda da kitab mağazaları vardı. İndi rayonlara kitablar gedib çıxmır. Hətta Gəncə və Sumqayıt kimi böyük şəhərlərdə də kitab mağazaları çatışmır. Bu məsələyə ciddi baxmaq lazımdır. Ədəbiyyatın inkişafı üçün, ədəbiyyatın gələcəyi üçün həmin məsələləri gerçəkləşdirmək gərəkir. Ədəbiyyat böyük sərvətimizdir. Dilimizi, varlığımızı, mənəviyyatımızı, adət-ənənələrimizi yaşadan yeganə sərvətdir. Buna daha çox fikir verilməlidir.
- Oxuculardan söz düşmüşkən, gənclərimizin bədii kitablara marağının azalması halı müşahidə olunur. Bunlar nədən irəli gəlir? Yoxsa, yaxşı yazarlarımız və əsərlərimizmi azdır?
- Bunun səbəbi odur ki, Azərbaycan yazıçılarının əsərlərinin təbliğatı yoxdur. Qəzetlərdə, radioda, televiziyada xüsusi verilişlər olmalıdır. Həmin verilişlərdə təzə çıxan kitablar haqda fikir mübadiləsi aparılmalıdır. Maraq yaradılmalıdır. Yoxsa bu cür özbaşına olanda gənclər gedib, başqa işlərlə məşğul olurlar, mütaliəyə vaxtları qalmır. Gəncləri kitaba cəlb etmək lazımdır. Oxucuları ona görə itiririk ki, kitab yayımı ilə ciddi məşğul olmuruq. Məsələn, özündən demək kimi çıxmasın, "Vicdan susanda” əsərim rusca çap olunub. Ruslar bunu internetə qoyublar. Ruscası 511 səhifədir. Bunu internetə qoyublar və çox oxunub. Yaxşı kitablarımız var. O kitabları təbliğ etmək və həmin əsərlər haqqında maraq yaratmaq gərəkir. Çatışmayan cəhət budur. Gəncləri özbaşına buraxmaq olmaz. Məhz bu səbəbdən gənclər mütaliədən uzaqlaşırlar və kitablar az satılır. "Zəmanə adamı” adlı yeni kitabım var. O kitabı 3-4 mağazaya qoymuşdular. İndicə nəvəm gedib, maraqlanıb. Kitabı alırlar, amma əvvəlki kimi satılmır. Mənim kitablarım yenə də alınır, amma azdır. Əvvəlki kimi çox deyil. Qabaqlar kitablarım 50 min tirajla çıxırdı. İndi isə 3-5 yüz, uzağı min tirajla çap olunur. Əlbəttə, bu yaxşı hal deyil. "Vicdan susanda” kitabım Moskvada rus dilində iki dəfə - 1979 və 1983-cü illərdə 100 min tirajla çıxıb. Bu, nadir hal idi. Başqalarının kitabı 30 min tirajla çıxırdı. Maraqlı kitablarımız var. Amma oxucu cəlb etməkdə çətinliklər var. Kitab yayımı ilə məşğul olan təşkilat lazımdır ki, bu işləri tənzimləsin.
- Dövlətin ahıl yazarlara, qələm adamlarına diqqəti, qayğısı necədi? Bu qayğını üzərinizdə hiss edirsizmi?
- Dövlətin öz qayğıları var. Yazıçılarla Azərbaycan Yazıçılar İttifaqı, Mədəniyyət və Turizm Nazirliyi məşğul olur. Daha çox bu qurumlar həmin məsələləri diqqətə çatdırırlar. Şəxsən mənim özümə müəyyən qayğı var. Heç kimdən ciddi narazılığım yoxdur.
Ayyət Əhməd