“X-Lady” mağazasında alıcı xanımı təhqir etdilər

Kameralar incələnərkən hətta satıcıların arxadan əl-qol hərəkətləri ilə müştərini ələ saldığı da üzə çıxıbLalə Mehralı: “Bu, həmin mağazalar şəbəkəsində baş verən birinci hal deyil. Orda təhqir və rişxəndlə qarşılaşan tanıdığım xanımlar olub”
Martın 13-də "Neftçilər” metrosu yaxınlığında yerləşən "X-Lady” mağazalar şəbəkəsində xoşagəlməz hal baş verib. Müştəri xanım satıcılar tərəfindən təhqirə məruz qaldığını bildirib. Redaksiyamıza müraciət edən Gültəkin İsmayılova satıcıların onun bədən quruluşunu "ələ saldıqlarını” söyləyib:
"Mağazaya getdim. Məni qarşılayan satıcı xanımlardan biri nə kimi paltarlarla maraqlandığımı soruşdu. Mağazada olan donların yerini soruşanda, məni yuxarıdan aşağı süzərək rişxəndlə "bizdə 34 razmer paltar olmur” dedi. Halbuki mən heç demədim ki, mənə 34 razmer paltar lazımdı.
Sonra 36 razmerdə olan paltar istədim. Kabinə paltarı yoxlamaq üçün gedəndə satıcı ilə kompyuter arxasında oturan xanımın danışıqlarını eşitdim. Satıcı alçaq səslə və gülərək dedi ki, arıqlığına bax bunun. Kompyuter arxasında oturan isə cavab verdi ki, "arıqlığını burax bir yana. Əynindəki paltarı gördün? Guya nəsə almağa gəlib bura”. Kabinədən çıxdım. Çox pis olmuşdu halım. Heç nə deyə bilməyib uzaqlaşdım mağazadan. Evə gedəndə mağazanın əlaqə nömrəsini tapdım və zəng elədim. Telefonu götürən bəyə olanları danışdım. Yaxşı ki, mağazada kameralar var. Telefondakı şəxs mənə "düz deyirsiz, mağazada olduğunuz saatın görüntülərinə baxıram, hələ sizin xəbəriniz olmadan arxanızda əl-qol hərəkəti edirlər. Mütləq lazımlı tədbir görüləcək, narahat olmayın” - dedi.
G.İsmayılovanın danışdığı şəxslə əlaqə saxladıq. Adını demək istəməyən "X -Lady” mağazalar şəbəkəsinin meneceri satıcıların yüksək formada cəzalandıqlarını dedi: 
"Alıcı xanıma bildiriblər ki, bizdə ən kiçik bədən ölçüsü 36-dan başlayır. Amma hər halda müştəri narazılığını bildiribsə, satıcımız öz cəzasını alıb. Yəni müştəri bizim üçün hər şeydən önəmlidir. Satıcıları işə qəbul edərkən təbii ki, hər cür formada yoxlanılır və təlimatlar verilir. Amma səhvsiz insan olmur. Bir insan səhv edirsə, cəzasını da almalıdır. Satıcı eyni hərəkəti bir neçə dəfə təkrarlayarsa, onu işdən kənarlaşdırmaq olar. Amma rəhbərlik tərəfindən yüksək formada cəzalandırılıb”.
Maraqlıdır, "yüksək formada” cəzalanmalar bu cür halların qarşısını almağa kömək edəcəkmi? Kifayət qədər tanınan paltar mağazasında bu cür satıcıların olması heç də ürəkaçan deyil. Necə deyərlər, bu gün bunu edən satıcı sabah başqa alıcılara kim bilir başqa nələr eləyər.
İnsanların biri-birini təhqir etmək üçün sanki fürsət gözlədiklərini deyən sosioloq-jurnalist Lalə Mehralı hər kəsin öz aqressiyasını başqalarına yönəltdiyini bildirib. Tanıdıqları şəxslərdən bir neçəsinin oxşar hallarla qarşılaşdığını deyən sosioloq bildirib ki, alıcı xanımın hətta məhkəməyə müraciət etmək hüququ da var: 
"Məsələnin istehlakçı-satıcı tərəfləri bir yana, vətəndaş, insan kimi biri-birimizə münasibətimiz ən kritik səviyyədədir. Tənqid, irad zamanla yox olur, yerini təhqir, mənliyin alçaldılması kimi davranışlar tutur. Konkret bu məsələ ilə bağlı danışsaq, satıcı qızların şiddətli xəbərdarlıqla işinə son vermək lazım idi, amma böyük ehtimalla bunu etməyiblər. Sahibkar bunu etmədiyi üçün o satıcıların ayağı, necə deyərlər yer alır, ikinci, üçüncü dəfə də müştərini alçaldır. 
Məşhur bir deyim var, müştəri həmişə haqlıdır. Aldığı malın görünüş və keyfiyyəti əla vəziyyətdə olsa belə müəyyən edilmiş müddət ərzində onu qaytarmaq, yeniləmək ixtiyarı var, daxil olduğu mağazada xoş qarşılanıb səviyyəli xidmət görmək hüququ var, razı qalmadığı halda şikayət etmək haqqı var. Haqqımızı, hüququmuzu bilmədiyimiz üçün bu cür davranışlarla tez-tez qarşılaşırıq. Arıqlıq və ya köklük qüsur deyil, bu nə xor görülməli, nə rişxənd edilməlidir. İnsanın fizioloji quruluşu onun şəxsiyyətini alçaltmağa səbəb deyil, əlil də olsaq, fiziki problemimiz olmasa da, hamımız eyni hüquqa malik vətəndaşıq. Sözügedən hadisədə müştəri xanımın hərəkəti çox təqdirəlayiqdir, o, şikayət etməklə öz haqqını axtarıb. Onun məhkəməyə müraciət etmək hüququ belə var, şəxsiyyətini alçaltmaq istəyənlərə qarşı hüquqi mübarizə apara, təzminat tələb edə bilər. Bu, həmin mağazalar şəbəkəsində baş verən birinci hal deyil. Orda təhqir və rişxəndlə qarşılaşan tanıdığım xanımlar olub. 
Bir tanışım nisbətən kök bədən quruluşunda olduğu üçün ona bu markanın mağazasında satıcı bədən ölçüsünü soruşmadan "sizə uyğun paltar yoxdu” deyə təhqir etmişdi. O xanım israrlarıma baxmayaraq şikayət etmədi, "bu, birinci dəfə deyil” dedi. Təəssüf ki, oxşar hallarla bir çox mağazada qarşılaşırıq. İş əlaqələrimizin olduğu tanınmış bir xanım isə məşhur brendlərdən birinin mağazasında təhqir edilmişdi. Müştərinin arıq olmasına rişxənd edən satıcı qız "siz uşaq geyimləri mağazasından alın geyiminizi” demişdi. Müştəri şikayət etdiyi üçün satıcıya şiddətli töhmət verilmişdi. Bu cür hadisələrə qarşı tədbir görülməsini bütün xidmət sektorlarında görmək yaxşı olardı”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə mağazalarda satıcıların 90 faizinin təhsilsiz olduğunu söyləyib. Onun sözlərinə görə, satıcıların xeyli hissəsi müştəri ilə davranmaq qabiliyyətinə malik deyil: 
"Çünki biznes qurumlarıdır, özləri nə istəyir onu da edir, qanunlarla tənzimləmə yoxdur. Dəfələrlə İqtisadiyyat Nazirliyinə müraciət edib mağazalarda olan satıcılarla bağlı müəyyən tənzimləyici aktlar lazımlı olduğunu bildirmişəm. Bu aktlar olmalıdır ki, satıcılar istehlakçılarla davranış qaydalarına uyğunlaşsınlar. Belə halların olması Azərbaycanda biznes münasibətlərinin yaxşı inkişaf etməməsinin nəticəsidir. Və bizə gələn şikayətlərin 80 faizində təkcə malların keyfiyyətindən yox, satıcıların vətəndaşlarla qeyri-etik davranması ilə bağlı olur. Bu problem həqiqətən də ölkəmizdə yaşanır. Düşünürəm ki, biznes qurumları məsələyə ciddi diqqət yetirməlidirlər”.
Yeganə Bayramova