Xaçmazda Qafqaz İslam Ordusu əsgərlərinin məzarı aşkarlanıb
08:09 27.07.2018
Arxiv
1045
Dilavər Əzimli: “İnanırıq ki, məzarlığın üzərində möhtəşəm abidə ucaldılacaq”
Xaçmaz rayonu Pirquluoba kəndi ərazisində Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Qəhrəman Ağayevin rəhbərlik etdiyi ekspedisiya tərəfindən aparılan tədqiqatın ilkin nəticələri ortaya çıxıb. Yerli əhalinin nəsildən-nəslə ötürülən xatirələrinə əsasən, ərazidə 1918-ci ildə Azərbaycan xalqını işğalçı erməni-bolşevik rejimindən xilas etmiş Qafqaz İslam Ordusunun hərbçiləri dəfn edilib.
Məsələ ictimailəşəndən sonra Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Pirquluoba kəndinə gələrək yerli əhali ilə görüşüb. Səfir türk hərbçilərin basdırıldığı ehtimal edilən məzarlığa baş çəkərək, qəhrəman əsgərlərin fədakarlığından danışıb. Ekspertlərə görə, Azərbaycanın müxtəlif bölgələrində türk əsgərlərinə məxsus məzarlıqların ortaya çıxması Qafqaz İslam Ordusunun bir çox şəhər və kəndlərdə ermənilərə, digər düşmən qruplaşmalara qarşı mübarizə apardıqlarını göstərir. Gün üzünə çıxan hər bir şəhid məzarı xilaskar türk əsgərinə bəslədiyimiz minnət duyğusunu daha da artırır.
Tarixçi-alim Dilavər Əzimli "Şərq”ə açıqlamasında bildirib ki, Qafqaz İslam Ordusu təkcə Azərbaycanın şimalında deyil, Güney Azərbaycanda da düşmənlərə qarşı müqavimət göstərib. Onun sözlərinə görə, Urmiya ətrafında erməni daşnakları silahlı kürdlər - aysorlarla birgə 300 min Azərbaycan türkünü qətlə yetiriblər:
"Bölgədə böyük qətliamlar törədilib. Rusiya, Böyük Britaniya və digər Qərb dövlətləri onlara dəstək veriblər, silahlandırıblar. Məqsəd türk dünyasına zərbə vurmaq, türklər yaşayan bölgəni parçalamaq, dövlətçiliyi məhv etmək olub. Qəsdən erməni-türk qarşıdurması yaratmaq istəyiblər. Hər zaman olduğu kimi həmin dövrdə də köməyimizə qardaş türk ordusu gəlib. Urmiya gölündən Təbrizə qədər iğtişaşlar törədən ermənilərin qarşısını məhz Qafqaz İslam Ordusu kəsib. Türk ordusu ermənilərlə yanaşı həm də kazak dəstələri ilə vuruşublar.
Rusiyada oktyabr çevrilişi baş verəndən sonra özbaşına qalan kazak dəstələri kəndlərə soxulur, qadın və qızlara sataşır, talançılıq edirdilər. Qafqaz İslam Ordusunun hərbiçiləri kazakları və erməni daşnaklarını zərərsizləşdirərək Azərbaycan türklərini yox olmaq təhlükəsindən xilas ediblər. Hazırda Güney Azərbaycanda türk şəhidlərinin çoxlu məzarları var. Məzarlardan birini yaxın qohumum, ağsaqqal bir kişi mənə şəxsən göstərib.
O zaman öyrəndim ki, kənd sakinləri şəhidlərin xatirəsini qorumaq üçün onların məzar daşlarını götürüb gizlədiblər, dağıdılmasına imkan verməyiblər. Hazırda orada sadəcə təpə qalıb. Həmin təpədə xeyli sayda Qafqaz İslam Ordusunun əsgərləri əbədi uyuyur. Doğulduğum Cəlilabad rayonunda da türk əsgərlərinə məxsus bir neçə məzar var”.
D.Əzimli bildirib ki, Azərbaycanın şimallı, cənublu hər qarışında türk şəhidlərinin olması göstərir ki, Qafqaz İslam Ordusunun qəhrəman əsgərləri ölkəmizin istənilən bölgəsində bizim üçün savaşıb, öz canlarını qurban veriblər:
"Xaçmaz rayonunda aşkar edilən şəhid məzarlıqları bunun əyani sübutudur. Bu, qardaş köməyinin bariz nümunəsidir. Müxtəlif bölgələrdə tapılan türk şəhidlərinə məxsus məzarlıqlar böyük əhəmiyyətə malikdir. Bütün bunlar Azərbaycan-Türkiyə qardaşlığının möhkəmlənməsində müstəsna rol oynayır. Əminəm ki, məhz bu birlik sayəsində Azərbaycanın ərazi bütövlüyünü yenidən bərpa edəcəyik. Ona görə də belə məsələlərə hamı diqqət və qayğı ilə yanaşmalıdır. Çox güman ki, Xaçmazdakı məzarlığın üzərinə möhtəşəm bir abidə də qoyulacaq. Araşdırmalar davam etdikcə hələ çox şəhərlərdə Qafqaz İslam Ordusunun əsgərlərinə məxsus məzarlar gün üzünə çıxacaq”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm