"Xahiş olunur ki, qatarın yoluna çıxmayın” - Nəsimi Paşayev




"Sərnişinlər bəzən metropolitendən müəyyən istifadə qaydalarına laqeyd yanaşırlar”.

Bu barədə Sherg.az-a bu gün Bakı metrosundan qatarın qadını vurması hadisəsinə münasibət bildirən "Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib. 

O diqqətə çatdırıb ki, metropolitendən istifadə edən şəxslər istifadə qaydalarını bilməli, riayət etməlidir:

"Ən azından ona deyilən, iradlarla, təkliflərlə razılaşmalıdır. İnanıram, hər kəs şahid olub ki, dəfələrlə stansiya növbətçiləri, qatarları qəbul edib, yola salanlar müraciət edirlər ki, xahiş olunur, xətdən kənara çəkilin. Bəzi sərnişinlər bunlara məsuliyyətsizliklə yanaşır, eşitməməzlik edirlər. Xətdən o tərəfə keçmək nə isə bədbəxt hadisə olacağı mənasına gəlmir. Məsələn, bu gün baş verən hadisənin səbəbi təhlükəsizlik xəttinin keçilməsidir. Qatarın güzgüsü təhlükəsizlik xəttini keçib, həddən artıq platformaya yaxınlaşan sərnişinə xəsarət yetirib. Düşünürəm ki, insanlar daha ehtiyatlı olmalıdırlar. Təhlükəsizlik xətti bütün stansiyalarda müxtəlif şəkildə qurulub. Metro, maşın, digər nəqliyyat vasitələri kimi hərəkət etmir ki, yoldan sağa və ya sola çıxsın. Bu qatar standart qaydada öz yolu ilə gedir, xahiş olunur ki, qatarın yoluna çıxmayın”.

Təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məsələsinə də toxunan N.Paşayev bildirib ki, platformalarla sərnişinlərin dayandıqları hissəni ayıran hər hansı bariyerlərin quraşdırılması kimi layihələr dəqiq ölçülmədən həyata keçirilə bilməz:

"Metropolitendə, ümumiyyətlə, ictimai nəqliyyatda, sərnişinlərin sıx olduğu yerlərdə hər hansı bir layihə tətbiq edildikdə o araşdırılır, ölçülür. Əgər uyğun deyilsə, sədləri gətirib quraşdırmaq əlavə narahatlıq yarada bilir. Bunlar əvvəldən ölçülüb, biçilir, müzakirə olunub, tətbiq edilir”.

Qeyd edək ki, bu gün Bakı Metropoliteninin "20 Yanvar” stansiyasında qatar sərnişini vurub. Hadisə nəticəsində platformanın kənarında dayanmış orta yaşlı qadın ağır xəsarət alıb.

Ayyət Əhməd