Xalq artisti Samir Cəfərov: "Adı Alimdi, amma xasiyyəti Akademikdi. Onu oxumaq, onu öyrənmək lazımdı"






- Necə insan kimi onu analiz edə bilirsiz?

- Alim Qasımov çox yüksək səviyyəli, böyük əxlaqi dəyərlərə önəm verən insandı. Alimin adı Alimdi, amma xasiyyəti Akademikdi. Onu oxumaq, onu öyrənmək lazımdı. Əsl Azərbaycan oğludu. Dəyərli şəxsiyyətdi.

- Onunla söhbətlərinizdə adətən nədən danışırsız? Nəyi müzakirə edirsiz?

- Sənətdən danışırıq, musiqinin texnikasından söhbət edirik. Alimin ifası həmişə mənim üçün maraqlı olub. Ondan bu günə qədər çox şey öyrənmişəm. Evimizdə onun diskləri çox olub. Dinləyirdim. Hər dəfə də nəsə tapırdım öyrənməyə. Əsasən də onunla söhbətlərimiz sənətlə bağlı olduğu üçün müzakirələrimiz, bölüşdüklərimiz çox olur. Səs üzərində işləməkdir, səsin açılması üçün vacib olan amillərdir.

- Axı səsin, nəfəsin açılmasında Alim Qasımov da sizdən nəsə öyrənib. Sizə müraciət edib? Və bunu dilə gətirməkdən də çəkinməyib...

- Müraciət edib deməyək. Bölüşdüyümüz məqamlar var. Hamı bilir ki, mən Avropada təhsil almışam. Nəfəs problemləri ilə bağlı oxuyanların demək olar hamısında çətinlikləri olur. Səs tutulur, açılmır, filan. Səsin açılması üçün bəzən məsləhətə ehtiyac var.
Alimin böyüklüyü də ondadır ki, bunu etiraf etməyi bacarır.
Lazım gəldikdə gəlir, nə isə məsləhətləşirik. O qədər təvazökar insandı ki, mən bir müddət öncə onunla görüşəndə söhbət zamanı təsadüfən dedim ki, Muğam Mərkəzində tələbələrimin iştirakı ilə konsert təşkil etməyi düşünürdüm. Bunu eşidəndə dedi ki, məni də o tələbələrinlə olan konsertə sal. Mən də sənin tələbən kimi iştirak etmək istəyirəm. Dedim, Alim müəllim, siz ustadsız, sizi o konsertə tələbələrimin sırasında çıxarmaq mənə ayıb olar. Dedi ki, burda nə var ki? Səndən gəlib öyrənirəmsə, o konsertdə də çıxış edə bilərəm. O qədər təvazökar insandı ki, hətta özünü bu konsertdə tələbə kimi görmək istədiyini dilə gətirdi. Yəni dediyim odur ki, bu insanda yüksək əxlaqi, mənəvi dəyərlər çoxdu. Sadə, mədəni, təvazökar bir şəxsiyyəti var. Onun yerində başqa bir sənətkar olsaydı, heç vaxt bunu dilə gətirməzdi. Bunu səmimilikdən mən də dilə gətirdim. O insanın nə qədər böyük sənətkar olması ilə yanaşı, nə qədər böyük mədəni ürəyə sahib olduğunu çatdırmağa çalışdım.

Tahirə Məmmədqızı