Ekspertlərin yeni baş direktordan gözləntiləri böyükdür
Xalq əsl ictimai televiziyanı gözləyir
Cəmiyyəti təşkil edən bütün təbəqələr orda özünü görə bilməlidir
Ekspertlərin yeni baş direktordan gözləntiləri böyükdür
Ekspertlərin yeni baş direktordan gözləntiləri böyükdür
2005-ci ildə Azərbaycan Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirdi və İctimai Televiziyanı meydana gətirdi. Yaradılmış televiziya Azərbaycanın kifayət qədər zəngin olan ictimai həyatına güzgü tutmalı, ölkəmizdə baş verən hadisələri, olayların təhlilini, regionda gedən prosesləri mümkün qədər işıqlandırmalı idi. Eyni zamanda, insanları ən çox narahat edən müxtəlif problemləri mütəmadi olaraq efirdə müzakirəyə çıxarmalı idi.
Ötən 13 ildə İTV bir sıra layihələrə imza atıb. Gözləntilərin müəyyən hissəsini doğruldub. Lakin ölkə ictimaiyyətinin istəklərinə tam cavab verə bilməyib. Halbuki, sosial sifarişdən meydana gələn ictimai televiziyanın əsas missiyası aktual məsələləri daim gündəmdə saxlamaq, cəmiyyətdə mövcud olan çatışmazlıqları obyektiv şəkildə efirə daşımaqdır. Rəhbərliyin dəyişməsi ilə İctimai Televiziyanın fəaliyyəti yenidən gündəmə gəlib. Telekanalın Yayım Şurasında səs çoxluğu ilə baş direktor seçilən Balakişi Qasımov ümidləri doğruldacağına söz verib. Yeni rəhbər gələcək fəaliyyəti ilə bağlı açıqlama verərək bildirib ki, İctimai Televiziyanı müasir, innovativ media strukturuna çevirmək, ölkənin qabaqcıl kütləvi informasiya vasitələri sırasına çıxarmaq üçün çalışacaq: "Televiziya və radio sahəsində uğur peşəkar komanda ilə sıx bağlıdır. Hazırda İctimai Televiziyada peşəkarlar var və onlarla birlikdə tamaşaçı üçün daha maraqlı verilişlər istehsal etmək mümkündür. Azərbaycanın inkişafının, cəmiyyətdə baş verən proseslərin işıqlandırılmasında, maarifləndirmə işində televiziya və radionun rolu əvəzsizdir. İctimai Televiziya və radionun məqsədi adından da göründüyü kimi, cəmiyyətə xidmət etməkdir. Biz bu işin öhdəsindən daha yaxşı gəlmək niyyətindəyik”.
Məlumat üçün deyək ki, 40 yaşlı Balakişi Qasımov 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Mühəndis iqtisadiyyatı və idarəetmə ixtisasını bitirib. Lakin onun əmək fəaliyyətinin əksər dövrü media-televiziya sahəsi ilə bağlı olub. İTV-nin baş direktoru seçilənə qədər "Gametv.az” prodüser mərkəzinin rəhbəri vəzifəsində çalışıb. Eyni zamanda, Azərbaycan Televiziyasında yayımlanan beynəlxalq lisenziyalı "Əlaçı”, "61!”, "Breyn-rinq”, "Kim? Harda? Nə vaxt?” verilişlərinin baş prodüseri və rejissoru olub.
İTV-nin fəaliyyəti və sədr dəyişikliyi ilə bağlı fikir bildirən millət vəkili Fazil Mustafa deyib ki, televiziya İsmayıl Ömərovun vaxtında daha baxımlı və öz funksional fəaliyyətinə daha yaxın sayıla bilərdi. Ancaq daha sonra kanal rəhbərliyinin əvəzlənməsi televiziyanın kadr və proqram keyfiyyətini xeyli aşağı saldı: "Ümid etmək olar ki, İctimai Televiziya rəhbərlik dəyişikliyindən sonra yenidən həm fərqli fikirlərin tribunasına çevrilə biləcək, həm də daha maraqlı verilişlərlə cəmiyyətin rəğbətini qazanacaq. Əvvəllər təhsillə bağlı çox maraqlı verilişlər İmamzadəni elm məbədi kimi təqdim edən verilişlərlə əvəzləndiyindən burada xeyli hava təmizliyinə ehtiyac duyulacaq. Bu təmiz hava AzTV-yə də gedib çatsaydı, cəmiyyətin canı efir bayağıılıqlardan qismən qurtarardı”.
"Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz də düşünür ki, son illərdə İTV-də vəziyyət pisə doğru xeyli dəyişib:
"Benzin pulu”nun adi hala çevrildiyini hamı bilirdi. Etiraf edim ki, indiyədək İTV-nin "qızıl dövrü” İsmayıl müəllimin (İsmayıl Ömərov - red) zamanında olub. Hansı ki, biz ozamankı vəziyyətlə razılaşmayaraq, onu çox ciddi tənqid edirdik. Artıq televiziya ekspertləri gizlətmirlər ki, yerli efir auditoriyasına, efir məkanına maraq sürətlə azalmaqda davam edir. İctimai rəyə təsir baxımından yerli kanallar internet mediaya uduzmaqdadır. TV-lərdə tətbiq olunan texnologiyalar, kontent, canlı verilişlər, plüralizm, dinamika, baxımlı-sanballı verilişlər xeyli zəifləyib. Bununla belə fikrimcə, ölkənin informasiya fəzasında İTV-nin xüsusi yeri var”. Ekspert bildirib ki, ölkənin informasiya siyasətinin müəyyən olunmasına cavabdeh şəxslər və qurumlar ölkənin informasiya fəzasında mühüm yeri olan efir məkanına marağı yüksəltmək üçün ciddi səy göstərməlidirlər: "Ümid edirəm, İTV-nin yeni baş direktorunun seçimi ilə situasiya müsbət istiqamətdə dəyişəcək. Yeni baş direktordan gözləntilərimiz çoxdur. Hiss olunur ki, artıq bu istiqamətdə müəyyən addımlar atılır, kadr dəyişiklikləri edilir.
Bununla bağlı, İTV-nin gələcək inkişafı ilə bağlı bəzi təkliflərimi bildirmək istərdim. İlk növbədə ictimai-siyasi verilişlərdə plüralizm gözlənilməlidir. Absurd, izaholunmaz bir haldır ki, İTV kimi bir kanalda bəzən bir verilişdə dövlət sektorundan 3 nümayəndə olduğu halda digər sektordan heç kim olmur. Canlı verilişlərin sayını artırmaq doğru olardı. Xüsusilə də ictimai əhəmiyyət kəsb edən mövzular üzrə canlı diskussiyalara yer vermək lazımdır. İctimai əhəmiyyət kəsb edən mövzuların müəyyən olunması üçün yeni mexanizmlər hazırlanması faydalıdır. İctimai informasiya daşıyan şəxsləri, rəsmi və ya qeyri-rəsmi olmasından asılı olmayaraq efirə çıxartmaq, müzakirə açmaq lazımdır. Verilişə dəvət olunan ekspertlərin seçimində alternativ fikrə diqqət yetirilməlidir. Son dövrlərdə isə dəvət olunanların əksəriyyəti elə ancaq bir-birilərini təsdiq etməklə verilişləri başa vururlar. Eyni şəxslər, eyni baxışlar və eyni yanaşmalardır. Eyni "sifətlər” olsa da, mütləq plüralizm olmalıdır.Tamaşaçı ən azı fərqli fikir eşitməlidir. Digər ölkələrin TV-ləri monitorinq olunmalıdır. Auditoriyamizin böyük əksəriyyətinin yalnız xarici kanallar üzərində "gəzişməsi” araşdırılmalı və nəticələr çıxarılmalıdır. İTV-nin saytının, sosial media resurslarının tamamilə yenidən qurulması, fəaliyyətinin canlandırılması, anonslar verilməsi faydalı olardı. İTV-yə ötən illərdə dövlət büdcəsindən xeyli vəsaitlər ayrılıb. Amma bunun qarşılığında yeniliklər müşahidə olunmayıb. Fikrimcə, İctimai Televiziyanın studiyaları, tətbiq olunan texnologiyaları da yenilənməlidir, uzaq məsafədən olan canlı verilişləri, diskussiyaların formatı dəyişməlidir”.
Mövzu ilə bağlı "Şərq”ə danışan tanınmış telejurnalist, yazar, tərcüməçi İlqar Əlfioğlu deyib ki, adından göründüyü kimi, İctimai Televiziya cameəyə, yəni cəmiyyətə işləməlidir. Onun sözlərinə görə, cəmiyyəti təşkil edən bütün təbəqələr orada özünü görə bilməlidir:
"İctimai Televiziya cəmiyyəti düşündürən bütün problemlərin aynasına çevrilməli, eyni problemə fərqli baxışların toqquşaraq ortaq məxrəcə gəlməsi üçün münbit platforma olmalıdır. İctimai Televiziya hər şeyin necə yaxşı olduğundan deyil, yaxşılaşdırmağın yollarından bəhs etməlidir. Cəmiyyət içindəki bütün təzahür və meyilləri, istək və arzuları qabaqlamalıdır. Yalnız belə addımlar onu xalqın televiziyası edə bilər. İctimai Televiziyanın ən böyük silahı balansı qoruya bilmək, müvazinəti saxlamaq və bununla, xalqın gözəl niyyətlər işığında konsolidasiyasına nail olmaqdır. Tək bizdə yox, bütün dünyada, ələlxüsus, postsovet respublikalarında belə bir televiziya yaratmaq müşkül məsələdir. Normal ictimai televiziya yaratmaq indiki şəraitdə gözəl utopiyadan başqa bir şey deyil. Hər halda, İTV-nin yeni rəhbərliyinə bu çətin yolda uğurlar diləyirəm. Bir şeyi unutmasınlar, xalq əsl ictimai televiziya gözləyir, onun boz-bulanıq imitasiyasını yox”.
"Azadinform” informasiya agentliyinin redaktoru Elçin Bayramlı isə bəyan edib ki, İTV ümumən öz funksiyasını yerinə yetirir, özəl kanallarla müqayisədə daha səviyyəli televiziyadır. Xüsusilə, ədəbi-bədii, mədəniyyət verilişləri sahəsində yaxşıdır. Lakin televiziyanın əsas yükü sosial mahiyyətli olmalıdır:
"Xarici xəbərlərin çəkisi çox, ölkə xəbərlərinin çəkisi isə azdır. Yaxşı olar ki, xarici xəbərlər minimuma endirilsin. Daha çox ölkədaxili xəbərlərə üstünlük verilsin. Xüsusən də, bölgələrdən xəbərlər artmalıdır, kənd həyatı, təsərrüfat işləri təbliğ olunmalıdır. İstərdik ki, İctimai TV-də və radioda şou-verilişlər azaldılsın. Bu işlə ciddi məşğul olan xeyli telekanal var. Maarifləndirici, məlumatlandırıcı verilişlər artırılsın. Məsələn, qanunların izahları ilə bağlı geniş verilişlər, müzakirələr olmalıdır. Müxtəlif siyasi, iqtisadi, sosial proseslərlə bağlı canlı tok-şoular təşkil edilməlidir.
Mənəvi dəyərlərimiz, milli mədəniyyətimizlə bağlı proqramların sayı çoxalmalıdır. Sağlamlıqla və uşaqlarla bağlı verilişlərin çəkisi də artmalıdır. Verilişlər interaktiv olmalı, vətəndaşların iştirakı daha geniş səviyyədə qurulmalıdır. Yəni, İTV-nin missiyası xalqa faydalı olan yayımlar etməkdir, pul qazanmaq yox. İnanıram ki, yeni direktor Balakişi Qasımov bu işin öhdəsindən gələcək”.
"Cümhuriyət” qəzetinin redaktoru Elman Cəfərli də bildirib ki, cəmiyyətin televiziyalardan, özəlliklə də İctimai Televizyadan gözləntiləri çoxdur:
"Yeni rəhbərlik ilk növbədə düşünüb tapmalıdır ki, Azərbaycan insanı niyə televiziyaya baxmır. Cəmiyyəti düşündürən onlarla problemə toxunmaq yetmir, ilk növbədə təqdimat, veriliş baxımlı olmalıdır. Biz özümüzə sual verməliyik ki, 1990-larda, 2000-lərdə televiziyaya maraq hardan idi? Niyə Azərbaycan insanında bu maraq söndü? Ölkədə kifayət qədər bacarıqlı, peşəkar televiziya jurnalisti, aparıcı var. Ancaq televiziyalara əvvəlki maraq yoxdur. İlk növbədə televiziyada sərbəstlik olmalı, maraqlı, baxımlı layihələrə dəstək verilməlidir. Bu gün cəmiyyəti narahat edən yüzlərlə problem var.
Ekologiya, ərzağın təhlükəsizliyi, qida, xəstəliklər, səhiyyə, təhsil problemləri, bayağı sənət nümunələrinin meydan sulaması, əxlaqı aşındıran məsələlər. Bütün bunlarla bağlı maraqlı müzakirələr, diskussiyalar açmaq olar. İntellektual verilişlər, debatlar televiziyanın efirinə qayıtmalıdır. Amma bu işi peşəkarlara tapşırmaq lazımdır. Qeyri-peşəkar və çiy hazırlanmış televerilişlərə heç kim baxmayacaq. İlqar Əlfi, İlqar Rəsul, Xəyal Tağıyev kimi telejurnalistlər efirə qaytarılmalıdır. Mən onları İTV-nin efirində görmək istəyirəm”.
İsmayıl
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb