"Xaricdən orqan gətirilməsi və ya xaricə donor orqanının nəqli böyük bir sualdır"- Deputat






"Xaricdən ölkəmizə və ya ölkəmizdən xaricə donor orqanların aparılıb, gətirilməsi bu səhənin inkişafına zəmin yaradacaq”

Bu barədə "Sherg.az”a xaricdən donorun gətirilməsinə dair qanunda nəzərdə tutulan dəyişikliyi şərh edərkən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev bildirib.

Onun sözlərinə görə, bütün bunlar orqan transplantasiyası haqqında qanununa əlavə dəyişikliklərin olunması ilə əlaqədardır:

"Təxminən qanunun 16 maddəsinə 40 dan çox əlavə dəyişiklik edilib. O cümlədən səkkiz yeni maddə əlavə olunub. Ümumilikdə müzakirələr yenə davam edəcək. Bu ancaq komitə səviyyəsində keçirilən müzakirələrdir. Xaricdən orqan gətirilməsi və yaxud xaricə donor orqanının nəqli məsələsi böyük bir sualdır. Bu, Azərbaycanda və dünyanın hər hansı bir ölkəsində donorluğun inkişafında müsbət bir istiqamətdir. Sadəcə icazə verirlər ki, bir insana təcili şəkildə donor orqan lazımdırsa, müqavilədə olan ölkələrin birindən donor orqanı gətirilsin. 

Əsas məsələ buradakı donorçuluğun inkişafı üçün həmin ölkənin özündə meyitdən donor orqanının götürülməsi məsələsinin təşkil olunmasıdır. Bu qanununda dəyişikliyin əsas istiqaməti meyitdən orqan götürülməsinin hüquqi bazasının yaradılmasıdır. Bu sahədə əsas məsələlərdən biri beyin ölümünün kriteriyalarının müəyyənləşdirilməsi, bununla bağlı klinikaların açılması və bu sahələrdə hüquqi münasibətlərin tənzimlənməsidir. Həmin donotlar dövlət tərəfindən müəyyən şəkildə alınıb gətirilməyəcək. 

Yəni dövlət tərəfindən bu proses ona görə təşkil olunmayacaq ki, buraya çoxlu sayda və davamlı şəkildə donor orqan gətirilsin, ya da Azərbaycandan xaricə aparılsın. Çünki orqanların transplantasiyası bütün dünyada pulsuzdur. Bu humanist əsaslara, insanlığa söykənən bir prosesdir. Ona görə də xaricdən orqanların gətirilməsi yalnız ölkələr arası birgə müqavilələr olduqda və təcili hallarda həyatə keçiriləcək. Yoxsa, sistemli şəkildə bunu etmək mümkün deyil. Çünki bu nə alınır, nə də satılır. Onun ticarətinin hüquqi tərəfləri yoxdur. Donor orqan plantasiyası yalnız zəruri hallarda müqavilə ilə bağlanmış ölkələr arasında həyata keçiriləcək". 

Qeyd edək ki, Azərbaycanda ölü donorun və orqanlarının xaricdən gətirilməsi və göndərilməsi prosesi həyata keçiriləcək. Bununla bağlı "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanuna dəyişiklik edilir.Dəyişiklik layihəsi Milli Məclisin Səhiyyə komitəsinin iyunun 5-də keçiriləcək iclasında müzakirə ediləcək. Azərbaycanda transplantasiya obyekti olan orqan və (və ya) toxumaların siyahısı da müəyyənləşib.

Kənan Eynuroğlu