Xaricə elə jurnalistlər ezam olunmalıdır ki...
... Onların hazırladığı materiallar təmsil etdikləri mətbu orqanın nüfuzunu artırsın
(Əvvəli ötən sayda)
Ölkə mediasının problemlərindən, jurnalistlərin qeyri-peşəkarlığından çox danışılıb. Demək olar ki, medianın müxtəlif sahələri ilə bağlı məsələlər gündəmə gətirilərək müzakirə edilib. Həmçinin, beynəlxalq təcrübəyə malik olan, əcnəbi dilləri yaxşı bilən jurnalistlərin xarici ölkələrin media orqanlarında çalışması da zaman-zaman araşdırılıb, bu istiqamətdə problemlər diqqətə çatdırılıb. Azərbaycan mətbuatında diqqət çəkən mühüm məqamlardan biri də yerli media quruluşlarını təmsil edən junalistlərimizin xarici ölkələrdə fəaliyyəti ilə bağlıdır. Azərbaycanda mövcud olan televiziyaların, agentliklərin, bəzi qəzet və saytların dünyanın müxtəlif ölkələrində büroları, mərkəzləri fəaliyyət göstərir.
Bir sıra mətbuat orqanları isə müxbirlərini fərdi qaydada hansısa ölkəyə ezam edirlər. Xarici ölkələrə ezam olunmuş jurnalistlər həmin dövlətdə baş verən mühüm hadisələri, siyasi və ictimai prosesləri informasiya şəklində yerli media qurumlarına ötürürlər. Bununla yanaşı, konkret vəzifə ilə xarici ölkəyə göndərilən müxbirlər xüsusi reportajlar hazırlayaraq, Azərbaycan oxucularını əcnəbi ölkələrin tarixi, mədəniyyəti və həyat tərzi ilə yaxından tanış edirlər. Bu ənənə xarici ölkələrin media strukturlarında daha geniş yayılıb. Məsələn, qonşu Türkiyə və Rusiyada fəaliyyət göstərən nüfuzlu media orqanları onlarla ölkəyə öz müxbirlərini ezam ediblər. Onların bir çoxu getdikləri ölkələrdə daimi məskunlaşsalar da, digərləri müvəqqəti müddətə ezam olunurlar. Konkret iş üçün xaricə yollanan jurnalistlər vəzifəsini tamamladıqdan sonra Vətənlərinə geri dönürlər. Ancaq Azərbaycan mətbuatında bu sahədə ciddi boşluqlar var. Ölkədə fəaliyyət göstərən çox az sayda media qurumlarının, agentlik və saytların xarici ölkələrdə büroları və ya nümayəndələri çalışır. Ən tanınmış media qurumlarının maksimum iki-üç ölkədə mərkəzləri var. Əksəriyyət mövcud problemi mətbu orqanların maddi durumu ilə izah edirlər. Digərləri isə hesab edirlər ki, ölkəmizdə xarici ölkələrdə çalışmaq bacarığına, təcrübəsinə sahib olan jurnalistlər çox deyil. Bəs ekspertlər məsələni necə dəyərləndirirlər? Jurnalistlərimiz xarici ölkələrdə qaneedici səviyyədə işləyə bilirlərmi, yaxşı reportajlar, lazımlı informasiyalar hazırlayıb təmsil etdikləri media qurumuna göndərirlərmi?
Məsələ ilə bağlı "Şərq”ə danışan "Avropa.info” saytının baş redaktoru Ruslan Bəşirli deyib ki, bizim media orqanlarımızın mütləq əksəriyyəti ölkə xaricində o qədər də tanınmırlar: "Əlbəttə, bəzi agentliklərimiz, eləcə də bir sıra saytlar keçmiş SSRİ məkanında müəyyən qədər tanınırlar, amma ümumilikdə beynəlxalq arenada yaxşı bilinmirik. Məsələn, bizim "Reuters”, "Frans Press”, "Anadolu Agentliyi”, "Əl-Cəzirə” telekanalı kimi dünyaca məşhur nüfuzlu media orqanlarımız mövcud deyil. Düzdür, müəyyən agentliklər və media orqanlarının xarici ölkələrdə jurnalistləri çalışır. Amma bu, kifayət deyil. Eyni zamanda həmin ezam olunmuş jurnalistlərin əksəriyyətinin fəaliyyəti qeyri qənaətbəxşdir. Məncə, xaricə elə jurnalistlər ezam olunmalıdır ki, onların hazırladığı sensasion xəbərlər, reportajlar təmsil olunduğu media orqanının nüfuzunu artıra bilsin. Bu mənada bizim medianın dünyada tanınması həm də xarici ölkələrdə fəaliyyət göstərən jurnalistlərimizdən də asılıdır və təəssüf ki, bu sahədə çatışmazlıqlar var”.
"Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy bu sahədə vəziyyətin heç də ürəkaçan olmadığını deyib: "Düzdür, istisnalar var. Ayrı-ayrı media orqanlarının xaricdəki bürolarında çalışan həmkarlarımızın əməyini itirmək olmaz. Onların arasında operativliyi, çalışqanlığı, peşəkarlığı ilə seçilənlər çoxdur. Amma bir sıra hallarda "boyat” materiallar hazırlayıb, sadəcə "quş” qoymaqla işini bitirənləri də unutmaq olmaz. Məncə, bu istiqamətdə daha çox iş görmək olardı. Ancaq bəzilərinin yerinin səhv düşməsi, bir sıra media orqanlarının da maliyyə çətinlikləri istənilən şəkildə çalışmağa, ölkə xaricindəki olaylardan Azərbaycan oxucusunu, dinləyicisini, yaxud tamaşaçısını xəbərdar etməyə imkan vermir. Çalışdığım media orqanı məmnuniyyətlə xarici ölkələrdə bürolar açmaq istəyərdi. Hətta bir neçə dəfə bununla bağlı cəhdlər də olub. Ancaq maliyyə problemləri bu işi uğurla başa çatdırmağa imkan verməyib. Ölkə mediasının reklam gəlirləri olarsa, onun bir hissəsini xarici büroların açılmasına, fəaliyyət göstərməsinə sərf etmək mümkün hala gələr. Amma hələ ki, bu sahədə ciddi problemlər mövcuddur”.
E.Paşasoyun sözlərinə görə, "Yeni Müsavat”ın rəhbərliyi əksər hallarda minimum xərclərlə də olsa, xarici ölkələrə müxbirləri ezam edir: "Redaksiya müəyyən zamanlarda ölkə xaricində keçirilən tədbirlərdən isti-isti reportajlar hazırlamaq üçün jurnalist göndərir. Amma yenə də deyirəm, maliyyə problemi bu istiqamətdə davamlı addımlar atmağa imkan vermir. Az vəsaitlə böyük işlər görməyi hədəfləyən redaksiya rəhbərliyinin belə demək mümkünsə, fədakarlığı nəticəsində reallaşır. Jurnalistlərimizin püxtələşməsi, dillərə yiyələnməsi ölkəmizin informasiya təminatı, həm də Azərbaycan həqiqətlərinin təbliği üçün çox vacibdir”.
"Azpolitika.az” saytının redaktoru Elnur Məhərrəmli isə məsələyə belə münasibət bildirib: "Azərbaycan mediasının pulu yoxdur. Xaricdə nümayəndəlik saxlamaq, jurnalist ezam etmək, bunlar çox məsrəf tələb edən işlərdir. Əksəriyyətinin büdcəsi simvolik xarakter daşıyan, hətta gülüş doğuran Azərbaycan qəzet və saytlarından bu sahədə keyfiyyətli iş gözləmək yersizdir. Lakin bununla belə biz dəfələrlə bir çox Azərbaycan jurnalistlərinin xarici ölkələrdən, orada keçirilən beynəlxalq tədbirlərdən çox keyfiyyətli, maraqlı reportajlar hazırlamasının şahidi olmuşuq. Konkret saytlardan söhbət gedirsə, mən bu yerdə "Lent.az” saytının əməkdaşı Səbuhi
Məmmədlinin adını çəkmək istərdim. Səbuhi indiyədək xaricdən onlarla reportaj hazırlayıb, hamısı da bir-birindən maraqlı, hətta sensasiyalı. Yəni problem jurnalistlərin peşəkarlığında deyil. Problem maliyyəsizlik və bəzi başqa məsələlər ucbatından medianın özünün peşəkarlaşa bilməməsindədir. Əlbəttə ki, bəzi istisnalar olmaqla”.
Fuad Hüseynzadə, Diaspor Jurnalistləri Birliyinin sədri isə deyib ki, başqa dövlətlərə ezam olunan müxbirlər Azərbaycanın xaricdə yazan əlləri, danışan dillərdir: "Etiraf edək ki, xaricdəki soydaşlarımızın jurnalist kimi fəaliyyəti bizimkindən daha çətindir. Çünki onlar həm doğma vətənimizin, həm də yaşadıqları ölkələrin məsuliyyətini daşıyırlar. Amma bütün hallarda jurnalist üçün harada yaşamasından asılı olmayaq, ən vacib məsuliyyət həqiqəti yazmaqdır. Burada işi görən jurnalistlər olsa da, onların iş prinsipi nisbətən fərqlidir. Əgər fərdi jurnalistlərin xarici ölkələrdəki fəaliyyəti ilə bağlı danışırıqsa, onlar sırf diaspor jurnalistləridir. Onların əsas işi yaşadıqları ölkələrdəki KİV-lərdə Azərbaycanın təbliğatını aparmaqdır. Məsələn, belə jurnalistlərdən Hollandiyada Elnaz Səngin, Vüqar Abbasov, Rusiyada Nülufər Şıxlı, İlahə Ələkbərova, Ukraynada Qaraş Tağıyev, Rəhim Hümbətov, Türkiyədə Kəbutər Haqverdi, İsveçdə Rahim Sadıqbəyli və başqalarının adını çəkmək olar. Belə diaspor jurnalistləri Azərbaycanın xaricdə yazan əlləridir. Amma təəssüf ki, bu kimi jurnalistlərin sayı çox azdır”. Jurnalist bildirib ki, son zamanlar xaricdəki həmkarlarımızda aktivlik hiss olunur. Məsələn, aprel hadisələri zamanı Vüqar Abbasov Azərbaycanın haqlı mövqeyini nümayiş etdirən xəbərlər hazırlayıb Hollandiya mediasının gündəminə gətirməyə çalışdı. Bununla da ermənilərin yalan informasiya siyasətini ifşa etdi. Amma etiraf edək ki, diaspor jurnalistlərimiz özləri də xaricdəki media orqanlarına istədikləri kimi çıxış edə bilmirlər. Bu da, əlbəttə ki, bir çox xarici ölkə və media orqanlarının Azərbaycana qarşı ikili mövqe göstərməsi ilə bağlıdır. Amma bütün hallarda xaricdə media mənsublarımızın sayı artırılmalıdır. Prezident İlham Əliyev də Dünya Azərbaycanlılarının IV Qurultayında çıxışında bildirdi ki, xaricdə azərbaycanlı jurnalistlər təbəqəsi yetişməlidir və onlar müxtəlif media orqanlarında təmsil olunmalıdırlar. Buradakı KİV-lərin xaricə ezam olunan jurnalistlərinə gəlincə, onların əsas işi operativ şəkildə olduqları ölkələrdəki önəmli xəbərləri Azərbaycana göndərməkdir. Əlbəttə, bu gün bizdə maliyyə vəziyyəti ilə bağlı olaraq hər KİV xaricə jurnalist ezam edə bilmir. Ona görə də mediada xaricdən göndərilən operativ yazıların sayı çox da hiss olunmur”. F.Hüseynzadənin sözlərinə görə, bütün hallarda xaricə göndərilən jurnalistlər maksimum peşəkar olmalıdır. İctimai-siyasi prosesləri dərindən izləməlidirlər. Rəhbərliklə razılaşdırılmamış və ya razılaşdırılmış olsa belə, düşünmədən hazırlanan hər hansı material sonradan mənfi fəsadlar verə bilər. Hətta hər hansı media orqanının bağlanmasına belə gətirib çıxarar”.
(Davamı var)
İsmayıl
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb