Xəbər yazılmalıdır, amma doğru yazılmalıdır

Mediada mövcud durum və məsuliyyət məsələləri müzakirəyə çıxarıldı
Dünən Mətbuat Şurasının (MŞ) təşkilatçılığı ilə "Media və məsuliyyət: mövcud durum və perspektiv vəzifələrə baxış” mövzusunda "dəyirmi masa” keçirilib. "Şərq”in məlumatına görə, MŞ sədri Əflatun Amaşov bildirib ki, rəhbərlik etdiyi qurum həmişə ölkənin həyatında baş verən istənilən məsələyə həssas münasibət göstərib. Onun sözlərinə görə, bütün hallarda Azərbaycan mətbuatı daima dövlətçiliyin yanında olub: "Medianın işi ölkədə baş verənləri diqqətdə saxlamaqdır. Azərbaycan mediası bunun öhdəsindən gələ bilir. Amma bir sıra məsələlərdə yanlışlıq da olur. Bəzi media nümayəndələri baş verən hadisəni araşdırmadan tirajlayır. Bu da doğru deyil. Biz bu məsələləri hüquqi müstəvidə deyil, media müstəvisində həll etməyə çalışırıq. Bu baxımdan MŞ mütəmadi olaraq yazılı və internet medianın monitorinqini aparır”.
Mətbuat Şurası İdarə Heyətinin üzvü, "APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı söyləyib ki, media özünün ictimai nəzarət funksiyasından daim istifadə etməlidir: "Bu ictimai nəzarət olmayanda, bəzi qurumlar ictimai nəzarətdən kənarda qalanda sonrakı nəticə acınacaqlı olur. Xəbər varsa, yazılmalıdır. Bizə indi xəbər yazmaqla bağlı hər hansı məhdudiyyət yoxdur. Rəsmi qurumların və şəxslərin çağırışlarındakı narahatlıq yalan yaymaq, dezinformasiya ilə məşğul olmaqla bağlıdır. Yalan məlumat isə xəbər olmur. Xəbər obyektiv, qərəzsiz, tərəfsiz, qarşı tərəfin mövqeyinin işıqlandırıldığı, təsdiqini tapmış məlumata deyilir. Yalan olan artıq xəbər deyil və mediaya aidiyyəti yoxdur. Ona görə də mən də bu narahatlıqları bölüşürəm. Ciddi media strukturları özləri yalan məlumat yayanların olmamasında maraqlı olmalıdırlar”.
Holdinq rəhbəri bildirib ki, bu məsələdə əsas istiqamətlərdən biri də cəmiyyətin mütəmadi olaraq ciddi informasiya ilə təmin edilməsi ilə bağlıdır: "Vəziyyətdən çıxış yolu rəsmi qurumların mətbuat xidmətlərinin baş verən istənilən hadisəyə operativ reaksiyasıdır. Baş verən son hadisələrlə bağlı Baş Prokurorluq rəsmi açıqlamalar yayıb. Məsələ belədir ki, onların da hüquq-mühafizə orqanı olaraq öz əsaslandırmaları var. Onlar da bildirirlər ki, ibtidai istintaq bitmədən ilkin informasiyadan başqa informasiya yaymaq qanuna ziddir. Eyni zamanda "KİV haqqında” qanun da ibtidai istintaqla bağlı Baş Prokurorluğun icazə olmadan məlumat yaymağı qadağan edir. Hüquq-mühafizə orqanlarının işinə də müdaxilə və təsir etmədən xəbər yaymağı bacarmalıyıq”.
MŞ-in sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli bildirib ki, qurum əksər KİV-lə bağlı monitorinq aparır. O, monitorinqin nəticəsi olaraq bəzi KİV-də qarşı tərəfin mövqeyinin verilmədiyini, qərəzli məlumatların yayıldığını qeyd edib: "Bəzən bir sıra saytlar fəxrlə yazır ki, biz filan nazirin filan vaxtı azad olunacağı barədə məlumatı yaymışıq. Açıb həmin sayta baxanda görürsən ki, o elə əksər nazirlərin işdən çıxması barədə nə vaxtsa məlumat yayıb. Bu cür əməllər yığışdırılmalıdır. Əgər qanunun sərt üzü göstərilsə, o zaman bu gün nə qədər media nümayəndəsi məsuliyyətə cəlb oluna bilər. Son vaxtlar dəb düşüb ki, bəzi "reket” saytlar bir neçə adlarla fəaliyyət göstərir. Hər hansı məlumatı pul qarşılığında saytdan çıxardıqdan sonra, dərhal digər saytlara da qoyulur və oradan da çıxarılması üçün pul tələb olunur”.
Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli isə bildirib ki, indiki halda Azərbaycan mediasında əsası olmayan xəbərlər yayılır. Bunların da əksəriyyəti onlayn mediada yayımlanır: "Hansı medianın yalan xəbər yaydığı hamıya məlum olsa da, ad açıqlanmır. Təklif edirəm ki, bununla bağlı Monitorinq Qrupu yaradılsın. Bu saytların fəaliyyəti araşdırılsın və cəmiyyətə açıqlansın. Rabitə və Yüksək Texnologiyaları Nazirliyində baş verənlərlə bağlı şantaj xarakterli məlumatlar yayılır. Hər kəs bilir ki, o saytların arxasında kimlər durur. Mətbuat Şurası bu istiqamətdə ciddi tədbirlər görməlidir”.
"525-ci qəzet”in baş redaktoru Rəşad Məcid yalan məlumat yayan saytların adlarının açıqlanmasını təklif edib: "Həmin saytların adları açıqlanmalıdır və ciddi tədbirlər görülməlidir. Dəqiqləşdirilməmiş informasiyaların tirajlanması doğru deyil. "Reket” qəzetlər və saytlarla bağlı tədbirlər görülməlidir. Onların bəziləri Mətbuat Şurasının rəhbərliyini, üzvlərini, məmurları təhqir edirlər. Bunların fəaliyyətini dayandırmaq, qadağa qoymaq lazımdır. Qəzet köşklərinə baxırsan, onların qəzetləri öndədir. Belə olmamalıdır”.
"Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də diqqətə çatdırıb ki, şantaj xarakterli məlumatlar yayan onlayn media quruluşlarına qarşı əməli tədbirlər görülməlidir: "Belə saytların üzərinə kütləvi şəkildə getməliyik”.
"Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, hazırda informasiya hər şeyə təsir edir: "Əgər bu informasiya deyil, dezinformasiyadırsa, ictimai şüur da dezinformasiya kontekstində ictimaiyyəti manipulyasiya edir. Xaricdən manipulyasiya edilmiş informasiyalar mediaya, mediadan isə ictimaiyyətə ötürülür”.
"Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev vurğulayıb ki, son hadisələr fonunda bəzi xəbər portalları missionerliklə məşğul olub: "Dövlət hüquqi, eyni zamanda maddi baza formalaşdırıb. Lakin müəyyən xəbər saytları var ki, missionerliklə məşğuldur. Onlar xarici kəşfiyyat orqanlarının Azərbaycanda informasiya dövriyyəsinə buraxmaq istədikləri məlumatları həmin portallara ötürürlər. Bu da reketçiliyin başqa növüdür”.
"Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov "reket qəzetlər”lə mübarizə sahəsində MŞ-in ünvanına səslənən tənqidlərə toxunub: "MŞ bu sahədə ciddi addımlar atsa da, bəzi problemlər hələ də qalır”.
Modern.az saytının baş redaktoru Elşad Eyvazlı deyib ki, mediadakı əsas problemlərdən biri sifarişli yazılardır: "Biz ad çəkməyə qorxuruq, bəs onda hər gün barəsində yazılan məmur neyləsin. Mətbuat Şurası reket saytların siyahısını hazırlayıb yaymalıdır”.
"Gündəlik Teleqraf” qəzetinin redaktoru Taleh Şahsuvarlı isə internet saytların fəaliyyəti ilə bağlı Mətbuat Şurasına lisenziya vermək səlahiyyəti verilməsini və qurum tərəfindən sarı mətbuat kartı hazırlanması barədə təkliflə çıxış edib.
Ayyət Əhməd