İranın xarici işlər naziri sosial media hesabında türkcə paylaşım edərək Türkiyəyə minnətdarlığını ifadə edib. O bildirib ki, Ramazan ayında türk xalqının İran xalqı üçün etdiyi dualar və göstərdiyi dəstək onlar üçün böyük mənəvi güc mənbəyidir.
Arakçi paylaşımında qeyd edib ki, İran öz suverenliyini və xalqının təhlükəsizliyini qətiyyətlə müdafiə etməyə davam edəcək. O həmçinin ədalət və sülhün qalib gələcəyinə inandıqlarını vurğulayıb və Türkiyəyə göstərilən dəstəyə görə təşəkkür edib.
Sherg.az xəbər verir ki, bu arada Türkiyə tərəfi İran ərazisindən atıldığı ehtimal olunan raketlərlə bağlı məlumat yayıb. Türkiyə Milli Müdafiə Nazirliyi martın 9-da İran istiqamətindən atılan ballistik raketin Türkiyə hava məkanında zərərsizləşdirildiyini açıqlayıb. Bildirilib ki, bəzi sursat parçaları Qaziantep ərazisinə düşüb, lakin hadisə nəticəsində xəsarət alan olmayıb.
Bundan əvvəl martın 4-də də İran ərazisindən buraxıldığı ehtimal edilən raket NATO hava müdafiə sistemləri tərəfindən məhv edilib. Raketin qalıqları Hatay vilayətinin Dörtyol rayonunda açıq əraziyə düşsə də, ölən və yaralanan olmayıb.
Türkiyə rəsmiləri İranın bu raketlərin öz ərazisindən buraxılması ilə bağlı iddiaları təkzib etməsinə baxmayaraq, hadisənin ciddi şəkildə araşdırıldığını bildirir.
Türkiyə Silahlı Qüvvələri ölkənin hava məkanının qorunmasını gücləndirmək üçün yeni addım atıb. Rəsmi məlumata görə, İran istiqamətindən gələn təhlükələrə qarşı Malatya şəhərinə Patriot hava müdafiə sistemi yerləşdiriləcək. Bu addım Türkiyənin hava təhlükəsizliyini gücləndirmək məqsədi daşıyır.